Qadin.NET / Dahi olmaq istəyirsənsə, status yaz!

Dahi olmaq istəyirsənsə, status yaz!

- Məsmə nənə, o nə statusdu yazmısan?

 
- Buyy qadan alım, ay Ürfan, oxudunmu? Ayə, sən də mənim fanatımsan?
 
- Nə fanat? Komputeri açan kimi yazdığın statuslar gözümü deşir. Sən də fanat xəstəliyinə tutulmusan?
 
- Ayə, o xəstəlik qrip kimi şeydi dana, özü gəlif adamı tutur ey. De görüm hansı istatusumu deyirsən?
 
- Yazmısan ki, “Yaylığım kirridi”. O cür əcaib və mənasız statusu da 50 nəfər bəyənib. Sanki atalar sözüdür, hikmətli bir tapıntıdır.
 
- Hi-hi-hi…. Hə, ay Ürfan, onumu deyirsən? Ayə, burda elə şeylər yazmax moddu ey. Hələ modduğu andıra qalsın, burda elə mənasız şeylər yazmıyana savadsız kimi baxıllar ey. Başın haqqı, bir yaxşı mərifətdi yazı yaz, qoy statusuna, heş bəyənən olmuyajax, amma mərifətsiz şey yaz, laykalar üstündə milçək kimi vızıldaşajax.
 
- Axı nəyə görə?
 
- Ayə, bir oturursanmı “Feysbux”da, xavarın da olsun, di heylədi dana. Burda guya hamı ağıllıdı, hamı özünü o birinnən ağıllı bilir. Kim nə gəldi, ayıf da olmasa buraxır klaviaturadan pryəmoy ekrana.
 
- İnternetdə ədəbsiz şeylər oxumaqdan bir az çaşmısan ha, Məsmə nənə. Deyəsən, cavanlığın yadına düşüb, elə sözləri oxumaq sənin də xoşuna gəlir...
 
- Ayə, buranın ədəbi dili elədi dana, mən nağayrım? Camaat 40-ından soram öyrənir, mən də 90-nan soram öyrəndim ki, ən güjdü söz yazmax nətəər olur.
 
- Nətər olur ki? Statusun gücü onun ədəbsizliyindədi?
 
- Sən də mana maral oxuma dana... Guya özün bilmirsən? Sən mənim canım, ay Ürfan, bir dənə istatusunda yaz ki, “Başım qaşınır”. Gör nələr gələjək sənə?
 
- Heç elə də status olar? Mənim başımın qaşınmağından camaata nə? Heç başım da qaşınmır axı.
 
- Ayə, heylə belə yaz dana, mırta. Noolar bu qoja nənəni bir eşitsən? Sən mən deyəni yaz, gör nə qədər layka gələjək, nə qədər cavaf verəjəklər. Biri yazajax ki “ürəyimi oxudun elə mənimki də qaşınır”, o biri yazajax ki “suyunuz gəlmir?”, bir ayrısı deyəjək “başını yu da qağa”, o biri deyəjək ki…
 
- Camaatın cavablarını da əzbər bilirsən ey.
 
- Ayə, internatda yatıf, internatda dururam, biləjəm dana. Ay Ürfan, o istatusu yazsan, dahi olajaxsan, hamı səni tanıyajax, hamı biləjək ki, o başı qaşınan ağbaş kişi sənsən, “Feysbux”da məşhurraşassan ey.
 
- Mənə lazım deyil elə məşhurlaşmaq, qələt eləyib bir sual verdim sənə, yarım saatdır əl çəkmirsən. Qurtar, köşə yazısı yazmalıyam.
 
- Ayə, indi köşə oxuyanmı var? Ayə, indi səviyyə budu ey. İndi hamı səy-səy şeylər yazır, özünü də hamıdan səviyyəli bilir. Bax, biri yazıf “hava söyoxdu”. Alimdi dana, qeyri-adi söz tapıf, bu deməsə, biz bilmirdik ha söyoxdu, ya istidi, biri də yazıf ki, “getdim qutab yeməyə”, ə di get ye dana, mana nə, sən nə yiyəssən? Biri də yazıf ki, ay Ürfan..
 
Buy, bu gedif ki, ağız. A gəlin, mana bir yaxşı istatus fikirrəş dana, əmbə səndə başmı var ki, fikirrəşəsən? Heş-zad deyirəm, qav-qaşığı dur yu. Hə tafdım, yazıram istatusu: “Axır ki, dırnağımı tutdum”. Pay atonnan, ayə, gör nə qədər layka gəldi, hələ biri də yazdı ki, “mübarəkdi”. Xavarın varmı, sən köşəni yazıb qurtarınca mən burda fanat ordusu yığdm, ay Ürfan, ayə, indi sənin kimi yazannarın qələminə fikir vermillər ey, indi belə olmuyan qələmlərə qiymət verillər, öyrən dana, mən bu yaşda həyatı öyrənirəm, sana noluf, di öyrənmə, di qal elə!..
Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK