Qüsurlu uşaqlar danışmaqdan imtina edirlər
Yəqin ki, çoxunuz ətrafınızda dilində kiçik qüsurlar olan insanları görmüsünüz. Kimisi üçün bu kiçik qüsurlar şirin səslənsə də, kimisi üçün gülüş hədəfi olur.
Belə qüsurlar ciddi dil qüsurları sayılmasa da, demək olar ki, dünyanın bütün ölkələrində, eləcə də Azərbaycanda yayılmış bir haldır. Xüsusən "R" hərfi problemi daha aktualdır. Əksər insanlar məhz bu hərfi tələffüz edə bilmir. Bu isə danışıqda özünü kəskin büruzə verir. İşlək hərf olan "r" ən çox uşaqların qorxulu yuxusudur. Zaman-zaman danışmaqdan imtina etmək, bu hərf olmayan sözlərin seçiminə xüsusi diqqət yetirmək isə uşaqların, demək olar, yaralı yeridir.
Xüsusən kiçik yaşlarda, ibtidai siniflərdə bu hərfin bol- bol istifadə edildiyini nəzərə alsaq, dil qüsuru olan azyaşlının da kompleksə girməsi qaçılmazdır. Belə olan halda valideynlərin daha diqqətli olması, uşaqla birlikdə bu qüsurun aradan qaldırılmasına çalışması lazımdır. "Şirin danışırsan", "maraqlı danışırsan" kimi ifadələr isə uşaqları bir müddətlik ovuda bilər. Bu ovutma hər hansı bir insanın gülüşü ilə sona çatır. Nəticəsi isə uşaq üçün psixoloji olaraq çox ağır olur.
28 yaşına qədər "r" hərfini tələffüz edə bilməyən Amil Cavadzadə bunu xəstəlik deyil, özünəməxsusluq olaraq qəbul edir. Onun fikrincə, dilində bu cür qüsur olan insanlar mübahisə belə edə bilməz. Çünki əsəblə söylədikləri hər hansı bir söz bir hərf ucbatından yumşala və şirin görünə bilər: "Uşaq olanda bundan çox əziyyət çəkirdim. Xüsusən ibtidai sinif müəlliməmin adının Rəna olması mənim üçün şanssızlıq idi. Xatırlayıram ki, "r" hərfini keçəndə hamının diqqəti mənə yönəlirdi. Amma indi vəziyyət başqadır. Bu, mənim üçün şansdır".
Loqoped Fəxriyyə Babaşovanın sözlərinə görə, uşaqların dil qüsurlu olmasının ilkin səbəbi onların valideynləridir. Uşaqla uşaq kimi danışmaq onların normal danışıq qabiliyyətinin formalaşmasına əngəl yaradır. Hansı yaşda olmasından asılı olmayaraq, uşaqla aydın, səlist danışmaq, onun bu sözləri eşitməsi və valideynini təqlid etməsi uşaq dili üçün vacib amildir:
"6 yaşına qədər olan uşaqlarda hər hansı bir hərfin deyilişində problem olması təbii haldır. Bu, uşağın artıq dil qüsurlu olmasını göstərmir. 6 yaşından sonra uşağın danışığında hər hansı bir problem varsa, o cümlədən "r" hərfi ilə bağlı bir sıxıntı yaşanırsa, valideyn uşağının şirin danışığından sevinməyib onu loqopedə aparmalıdır. Çünki kiçik yaşlarından şirin olan danışıq, uşağı həmyaşıdları arasında utandıra, lağ hədəfinə çevirə bilər. Əgər uşaq artıq bir hərflə problem yaşadığının fərqindədirsə, artıq ətrafından, həmyaşıdlarından ona psixoloji təzyiq varsa, terapiyanı daha da erkən başlamaq mümkündür. "R" hərfini tələffüz edə bilmək üçün dil hərəkəti düzgün edilməlidir. Əgər bu hərfin yerinə uşaq "y" hərfindən istifadə edirsə, hər iki hərfin mahiyyətini izah etmək lazımdır".
Müsahibimizin deyir ki, loqoped tərəfindən ilk olaraq hərfin deyilməsi üçün dil hərəkətlərinin müntəzəm məşqi edilir. Hərf tələffüzü edildiyi halda bu hərfdən söz və cümlə içində istifadəsinə başlanılır. Gün ərzində tərkibində "r" olan sözlərdən mümkün qədər istifadə edilir ki, dil əzbərini unutmasın. "Terapiya zamanı valideynlərin də dəstək olması, mümkün qədər terapiyada iştirak edib gedişatı öyrənməsi lazımdır ki, növbəti dəfə problem yaşandıqda valideyn "y"-ların qarşısını vaxtında ala bilsin".
Onun sözlərinə görə, "r" hərfinin tələffüzündə çətinliyin yaranması iki halda baş verir. Birinci halda dil bağı qısa olur. Dilin alt hissəsində yerləşən bağ qısa olduqda dil dönməsi düzgün baş vermir, nəticədə dildə qüsur yaranmış olur. İkinci hal isə dil alışqanlığıdır. Valideynin də diqqət yetirməməsinə bağlı olaraq davam edən bu hal zamanla vərdiş halına çevrilir və uşaq "r" hərfindən tamamilə imtina edir. Loqoped bildirir ki, xüsusən azyaşlılarda qüsurların düzəldilməsi çətin olur və vaxt alır. Uşaqlar gördüklərinə inandıqları və görmədiklərini xəyal etdikləri üçün onlara xüsusən "r" hərfinin izahı çətin olur: "B və M hərfini uşağa göstərmək çox asandır. "R" dilin arxa hissəsində yarandığı üçün onu izah etmək və uşaqdan da eyni tələffüzü almaq uzun vaxt tələb edir. Səsin bərpası hər yaşda mümkündür. Bu hərfdən əlavə bir çox hərflər var ki, onların yanlış səsləndiriməsi bir müddət sonra uşaqda vərdiş halına keçir. Vərdiş halına keçmiş səslər isə danışıqda ciddi qüsurlar yaradır. Tələffüzlə bağlı bütün problemləri terapiya ilə düzəltmək mümkündür".
Psixoloq Səmiyyə Əliyevanın sözlərinə görə, cəmiyyətdə yıxılana balta vurmaq adəti olduğu üçün qüsurları qüsurumdur deyib dilə gətirmək olmaz. Əks halda qüsur sizi sevməyənlərin əlində sizi vurmaq üçün alət ola bilər: "Dildə olan hər hansı bir qüsuru düzəltmək mümkün deyilsə, yaxud düzəltmək istəmirsinizsə, ona sahiblənin. Hesab edin ki, məhz qüsurunuz sizi digər insanlardan fərqli edir və məhz buna görə siz daha yaxşısınız. Belə olan təqdirdə hər kəs belə qəbul edəcək və lağ hədəfindən qurtulmuş olacaqsınız. Əks halda kompleksə düşməyə hazır olmaq lazımdır. Çünki insan qarşısındakının "zəif damar"ına toxunmağa meyllidir".