Qadin.NET / Valideynsiniz? Övladınız üçün oxuyun

Valideynsiniz? Övladınız üçün oxuyun

 


"Akselerasiya", yəni uşaqların yaşına görə sürətlə inkişaf etməsi sindromu onillər əvvəl aşkarlanmışdı. Fəqət, ötən qərinələrdə uşaqlarla yeniyetmələr valideynlərinin onlar yaşda olduqları dönəmlərlə müqayisədlə daha güclü, çevik və hündürboylu idilərsə, indi tərsinə proses yaşanır.

Uşaqlar daha kök, astagəldirlər və daha ləng davranırlar.

Milli.Az BBC News-a istinadən bildirir ki, Cənubi Avstraliya Universitetinin (University of South Australia) alimləri araşdırma apararaq uşaqlar və yeniyetmələr arasında izafi çəki, tosqunluq və piylənmə probleminin miqyasını, habelə fəsadlarını müəyyənləşdirməyə çalışıblar.

İzafi çəki problemi dünyanın əksər ölkələrində ciddi sosial və səhiyyə bəlasına çevrilib. Problem çağdaş şəraitdə akselarasiyanın xüsusiyyətlərinə də təsir edib. İndi kök, normadan artıq çəkiyə malik uşaqlarla yeniyetmələr fiziki güc, sürət və dözümlülük baxımından əvvəlki nəsillərdən olan "yaşıd"larına uduzurlar.

Müxtəlif nəsillərdəki uşaqlarla yeniyetmələrin fiziki inkişafını obyektiv dəyərləndirmək üçün "zaman maşını"na ehtiyac yoxdur. İndiki məktəblilərlə onların valideynlərinin həmin yaşda olduqları vəziyyətdəki halları ilə "yarış"larını təşkil etmək üçün 25-30 il əvvəlki idman yarışlarının protokollarını təhlil etmək yetər.

Avstraliyalı alimlər bu sənədləri də araşdırıblar.
Onlar dünyanın 28 ölkəsində son 46 il ərzində orta məktəblərdə 1 mil (1609 metr) məsafəyə qaçışın nəticələrini müqayisə ediblər. Müxtəlif illərdə bu qaçışa 25 milyondan artıq uşaq və yeniyetmə qatılıb.

Avstraliyalı alimlərin hesabatında bildirilir ki, ABŞ və Avropa ölkələrində populyar olan bu məsafəni müasir uşaqlar 30 il əvvəlki yaşıdları ilə müqayisədə orta hesabla 90 saniyə gec qət edirlər.
"Böyük əminliklə demək olar ki, dözümlülüyün, o cümlədən sürət itkisinin 60 faizi müasir məktəblilərin bədən çəkilərinin orta göstəricilərinin artıq olması ilə bağlıdır", - araşdırmanın rəhbəri, professor Qrant Tomkinson bildirib.
Hesabatda o da vurğulanır ki, müasir oğlan uşaqlarının nəbzi 30 il əvvəlki yaşıdları ilə müqayisədə 2, qızların nəbzi isə 1 dəfə tez vurur. Belə durum qeyri-sağlam yaşam tərzinin göstəricisi olmaqla yanaşı, uşaq və yeniyetmələrin böyüyəndə müxtəlif ürək-damar problemlərinə mübtəla olmaq riskinin artmasına dəlalət edir.
Amerika Qəlb Assosiasiyası (American Heart Association) avstraliyalı alimlərin hesabatını "həyəcan təbili" adlandırıb: "Hər bir valideynə qətiyyətlə məsləhət görürük ki, bu problemi qulaqardına vurmasınlar. Onlar övladlarını sevirsə, uşaqların və yeniyetmələrin sağlam həyat tərzini təmin etməlidirlər".
Amerikalı alimlər bildirirlər ki, uşaqlar və yeniyetmələr arasındakı bu problemin ən optimal, effektiv həlli kardiovaskulyar aerobik hərəkətlər, habelə yüngül atletika ilə məşğul olmaqdır. Bundan başqa, gənc nəsil gündə heç olmasa 60 dəqiqə qaçmalı, piyada gəzməli, velosiped sürməli və ya üzməlidir.
Britaniyadakı Ekseter Universitetinin nəzdindəki Uşaq Sağlamlığı və Bədən Tərbiyəsi Mərkəzinin prezidentinin müavini, professor Neyl Armstronqun başçılıq etdiyi apaşdırma qrupunun Londondakı "National İnstitute of Health and Clinical Excellence" ilə birlikdə apardığı tədqiqat da avstraliyalı alimlərin hesabatındakı nəticələri təsdiqləyir.
Mənbə:Milli.Az

 

24 aprel 2014
GO BACK