Qadin.NET / Uşaq poliklinikalarında hansı xidmətlər göstərilməlidir?

Uşaq poliklinikalarında hansı xidmətlər göstərilməlidir?

 

 

Poliklinikalarda uşaqlara uşaq kimi yanaşırlarmı?

Səhiyyə sektorunda bir neçə il əvvəllə müqayisədə vəziyyət çox dəyişib. İndi xəstələr həkimə (dövlət xəstəxanalarında) pul verməyə bilərlər. Buna görə ona heç kim heç nə deyə bilməz. Xəstəxanalarda şərait də normaldır. Müayinə üçün çox ora-bura getməyə ehtiyac yoxdur. Qoyulan diaqnozların nə qədər doğru olub-olmadığı başqa söhbətin mövzusudur. Texniki təchizat, laboratoriya, müxtəlif aparatlar və s. sarıdan vəziyyət xeyli ürəkaçandır. Savadlı həkim məsələsi isə hələ də problemdir. Amma nəzərə alsaq ki, bir neçə il əvvəl yuxarıda sadaladıqlarımız da yox idi, onda ümid etmək olar ki, bir neçə ildən sonra savadlı həkimlərlə də təmin ediləcək xəstəxanalarımız.

Bizim yazıda söhbət açacağımız mövzu uşaq poliklinikaları ilə bağlıdır. Yəqin bir çoxlarınızın yolu bu tibb müəssisələrindən düşüb və buradakı şəraitlə tanışsınız. İnsafən, əksəriyyəti təmir edilib, həkimlərin rəftarı normaldı, üstəlik, pul verməsən belə, istəyən deyillər. Lakin lazım olan avadanlıqlarla təchizat məsələsində bir sıra problemlər müşahidə edilməkdədir. Məsələn, bir çox uşaq poliklinikalarında qanın və nəcisin analizi üçün şərait yoxdur. Əgər valideyn tutaq ki, uşağının mədə-bağırsaq sistemində hər hansı problemin mövcudluğundan şübhələnirsə və bunun üçün analizə ehtiyac varsa, başqa xəstəxanalara müraciət etməlidir. Bundan əlavə, uşaq poliklinikalarının bir çoxunda USM aparatları, rentgenlər, nevroloji müayinə avadanlıqları yoxdur. Bu tibb müəssisələrində çalışan həkimləri isə günortadan sonra yerlərində tapmaq müşkülə çevrilib. Uşaq poliklinikaları, sanki, uşaqların boyunu, çəkisini ölçməklə məşğul olan bir qurum kimi diqqəti cəlb etməkdədir.

Peyvənd məsələsi də ayrı bir problemdir. Bu ay edilən və bir aydan sonra edilməsi məqbul sayılan peyvəndləmə bir də iki aydan sonra aparılır. Müxtəlif səbəblər olur: ya peyvənd mərkəzi rayon xəstəxanasından gec verilir, ya peyvənd həkimi yerində olmur, ya da peyvənd qutusuna məsul şəxs. Yaxud da peyvənd qutusu açılanda uşaq xəstə olur. Çox maraqlıdır, peyvənd poliklinikaya qeydiyyatda olan uşaqların sayı ilə gəlirsə, o zaman xəstə olan uşaqların peyvənd payı hara gedir ki, onlar bir də növbəti peyvəndə qalırlar? Bütün bunları öz təcrübəmdə yaşamışam.

Uşaq poliklinikalarında əslində hansı xidmətlər göstərilməlidir? Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli bizimlə söhbətində bildirdi ki, uşaq poliklinikaları lazım olan bütün avadanlıqlarla təchiz edilib: “Bilirsiniz ki, bütün səhiyyə müəssisələrində ciddi təmir işləri aparılıb və ya aparılmaqdadır. Səhiyyə Nazirliyi 500-dən artıq tibb müəssisəsini təmir edib. Təbii ki, bütün müəssisələri bir gündə təmir etmək olmur, ola bilsin ki, siz hansısa təmir edilməmiş, köhnə poliklinikada mövcud olan vəziyyətdən çıxış edirsiniz. O ki qaldı poliklinikalarda qanın, nəcisin ümumi analizlərinin aparılmamasına, xəstələrin başqa xəstəxanalara göndərilməsinə, bu, tamamilə qanunsuzdur. Mən bilmirəm, siz konkret olaraq hansı poliklinikada bu vəziyyəti müşahidə etmisiz, konkret ünvan bəlli olsa, araşdırma aparmaq olar. Hər bir poliklinikada elementar analizlər üçün şərait var. Ola bilər ki, ümumi yox, ixtisaslaşmış analizlərdən söhbət gedir, məsələn, qurdu müəyyən etmək üçün, yaxud başqa problem olub. Bunun üçün poliklinikanın göstərişi ilə xəstə hansısa xəstəxanaya gedə bilər. Amma ümumi analizləri aparmaq üçün uşaq poliklinikalarında da, böyüklər üçün poliklinikalarda da ayrıca laboratoriya açılır. Yəni hər bir laboratoriyada analiz imkanı var. Lakin bütün analizləri poliklinika səviyyəsində aparmaq mümkün deyil. Çünki poliklinika xəstə ilə xəstəxana arasında bir koordinator rolunu oynayır. Əgər həkim ümumi analiz zamanı xəstədə hər hansı bir problemin olmasından şübhələnirsə, onu göstəriş zamanı başqa xəstəxanaya, yaxud ixtisaslaşdırılmış mərkəzə göndərə bilər”.

A.Qədirli onu da bildirdi ki, poliklinikalarda uşaqlara bir sıra konkret xidmətlər göstərilməlidir: “Bura ilkin müayinə, ümumi terapevtik xəstəliklərin müalicəsi, xəstəxanalara, hansısa mərkəzlərə göndərilmə aiddir. Bundan əlavə, poliklinikalar ərazi prinsipi ilə xidmət göstərirlər, əsasən yüngül, ambulator müalicəsi mümkün olan xəstəliklər üzrə müalicə aparırlar. Həmçinin uşaq poliklinikaları tərəfindən uşaqların peyvəndlənməsi həyata keçirilir”.

"Kaspi" qəzetinin redaktoru İlham Quliyev isə deyir ki, uşaq poliklinikalarında az sayda xidmətlər göstərilsə də, bunun olması lazımdır: “Təsəvvür edin, hər xırda problem üçün özəl xəstəxanaya müraciət edirsən və nəticədə hər dəfə xeyli miqdarda pul xərcləyirsən. Uşaq xəstələnən kimi həkimə müraciət etməyə məcbursan, valideynlər yaxşı bilirlər ki, poliklinikalar onların işini nə qədər asanlaşdırır. Yəni uşaq poliklinikaları yaxşı bir təcrübədir və onları daha da təkmilləşdirib saxlamaq vacibdir”.

İnsafən, redaktor haqlıdır. Bu yaxınlarda 6 aylıq qızımı nervopatoloqa göstərmək lazım idi. Bunun üçün bizə özəl klinikalardan birində çalışan Leyla xanımın yanına getməyi məsləhət gördülər. Məlum səbəbdən adını çəkmədiyim klinikanın girişində bizdən 100 manat istədilər: “Leyla xanımın yanına gəlmisinizsə, 100 manat ödəyin, keçin”... 

Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK