Zəifliyin qarşısını hər hansı bir eynəklə almaq mümkün deyil
Görmək hər bir insan üçün həyati bir məsələdir. Ətrafında olanları, baş verənləri, yaxınlarını, dostlarını, eləcə də gündəlik həyatda fəaliyyətə davam etmək, yıxılmamaq, əzilməmək, hətta ölməmək üçün görmək çox vacib faktordur.
Gözlərin daha yaxşı, aydın görməsi isə ayrı bir məsələdir. Təəssüf olsun ki, bu gün Azərbaycanda kifayət qədər insan göz zəifliyindən əziyyət çəkir. 10-20 il bundan əvvəl gözlük yaşlı nəslin aksessuarı sayılırdısa, nadir hallarda gənclər eynəkdən istifadə edirdisə, bu gün eynək taxanlar sırasında gənclər daha çoxluq təşkil edir. Bu isə insanlar arasında ciddi göz problemlərinin olduğunun göstəricisidir.
Xüsusən uşaqların yaxşı görməsi valideyn üçün ən vacib məsələdir. Gözün görmə inkişafı uşağın ilk yaşlarından başlayır və 10-12 yaşına qədər davam edir. Bu müddət ərzində gözün sağlam görməsi müxtəlif faktorlar tərəfindən əngəllənə, hətta gözdəki problemlər göz inkişafını zəiflədib tamamilə inkişafdan saxlaya bilər. Dünyada təxminən 500000 kor uşaq məhz göz qüsurlarının vaxtında aşkar edilmədiyi, inkişafın dayandığı üçün həyatına görmədən davam etməyə məcburdur.
Bakı sakini Nailə Mahmudovanın iki əkiz qız övladı da göz zəifliyindən əziyyət çəkir. Onun sözlərinə görə, uşaqlarının ikisinə də eynək taxdırmaq çətin olub. Hazırda isə hər iki bacı eynəyə vərdiş edib: "Gözlərinin nə üçün zəif olduğunu bilmirəm. Nə atasında, nə də məndə belə bir şey var. Lakin qızlarımın ikisinin də gözlərində zəiflik var. Təəssüf edirəm ki, qızlar eynəyə öyrəşirlər. Yuxudan duran kimi eynək taxmamış gözlərini açmırlar. İndi dəb üçün də belə gözlüklərdən istifadə edənlər var".
Bakı Dövlət Universitetinin tələbəsi Ayaz Bakirli deyir ki, o, ilk vaxtlar eynəyi göz zəifliyi üçün taxsa da, indi zəiflikdən çox dəb üçün istifadə edir: "Universitetə hazırlaşandan eynəkdən istifadə edirəm. Gündəlik həyatda gözlərim məni narahat etmir. Lakin universitetə qəbul olandan sonra çoxları eynəyin mənə yaraşdığını dedilər. İndi dərs oxumaqdan əlavə də gündəlik həyatda eynəkdən istifadə edirəm".
Optik eynəklərlə yanaşı, Bakıda kifayət qədər dəb eynəkləri, eləcə də gözləri kompüter şüasından qoruyan eynəklər var. Lakin bütün bu eynəklərin gözlərə nə qədər xeyirli, yaxud ziyanlı olması sual altındadır. Xüsusən metrostansiyaların yaxınlıqlarında yerləşən əksər kompüter mağazalarında bu cür eynəklərin satışı təşkil olunur. Eynək üzərində isə heç bir göstərici kağız, məlumat yoxdur. Bu da onu göstərir ki, gözünün görmə faizindən asılı olmayaraq, bu cür eynəkləri istəyən hər kəs ala bilir. Hansı ölkənin istehsalı olması isə sual altındadır.
Kompüter şüalarından qoruyan eynəkləri isə optik mağazalardan almaq ən düzgün seçimdir. Apteklərin birinin optika işçisi Nərminə Vəliyeva deyir ki, şüa eynəklərini apteklərə sifariş edənlər olduqca azdır. Bunun səbəbi isə daha ucuz qiymətə əldən alınan eynəklərdir. Şüşələrinin yaxınlaşdırıb, uzaqlaşdırılması olmadığı üçün bu tip eynəkləri rahatlıqda adi şüşədən də hazırlamaq olur. Alıcıları isə bu aldadır: "İstənilən mağazadan alınan şüa eynəklərinin şüanın qarşısını həqiqətən aldığını kim deyə bilər? Kim isbat edə bilər ki, onun adi mağazadan aldığı eynək gözlərini şüadan qoruyur? Heç kim. Amma apteklərdə belə hallar olmur, çünki biz verdiyimiz eynəyin göstəriciləri olur. Gözə uyğun, xüsusi şüşələrdən hazırlanır. Heç bir eynək istəyənə "gəl, bunu sənə satırıq" demirik. Bir eynək 7-10 gün arası hazır olur. Sifarişlə hazırlanır. Hər əldən alınan eynəyi şüa qoruyur adı ilə istifadə etsək, gözlərin sağlamlığını risk altında qoymuş oluruq. Xüsusi hazırlanan eynəklərin qiyməti korpusundan asılı olaraq dəyişir. Şüşənin qiyməti isə 18 manatdır".
Oftalmoloq Xəlil Özcanın sözlərinə görə, göz zəifliyi iki halda olur. Birincisi doğuşdan gələn, ikincisi sonradan qazanılan. Doğuşdan gələn zəiflik əksər hallarda irsi olur. Doğuşdan yaranan göz təzyiqi, göz şişi, katarakta gələcəkdə uşağın gözlərində ciddi problemlər yarada bilər. Yaşından asılı olmayaraq valideyn hər yaşda uşağın gözlərinə diqqət yetirməlidir: "Körpələr 2 ayından etibarən ani işıqlara gözlərini yumaraq reaksiya verməlidirlər. Körpənin baxışlarını barmağa, qələmə yönəldib yavaş-yavaş hərəkət etdirmək lazımdır. 4 ayından etibarən müxtəlif uzaqlıqda yerləşən əşyalara baxmalıdırlar. 7 ayına qədər körpələrdə kontrast görmə, stereo görmə formalaşmalıdır. Ay artdıqca körpə insanların üzünə, öz əllərinə və ayaqlarına diqqətlə baxmalıdır. Bütün bunlar gözlərin normal inkişaf etdiyinin göstəricisidir".
Həkimin dediyinə görə, məktəb yaşına qədər uşaqların gözləri diqqətdə saxlanılmalıdır, çünki məktəb vaxtında artıq zəif olub-olmadığı müşahidəsiz bilinəcək. O yaşa kimi isə valideyn diqqət etməlidir ki, uşaq rənglər və əşyalara qarşı biganə olmasın. Normal məsafədən hər hansı bir əşyaya baxarkən gözlərini qıymasın. Kiçik yaşda aşkarlanan göz zəifliklərini bərpa etmək daha asan olur, nəinki yaş ötdükcə. "Ümumiyyətlə, bərpa olunmayan zəiflik yoxdur. Son hədd əməliyyatdır ki, bu da Azərbaycanda çox uğurla həyata keçirilir".
Eynəklərə gəlincə, müsahibimiz belə eynəklərin həkim-oftalmoloq tərəfindən təyin edilməsini vacib bilir. O, ehtiyac olmadıqca şüa eynəklərindən də istifadəni məsləhət görmür. "Göz ya görür, ya zəif görür, zəifliyin qarşısını hər hansı bir eynəklə almaq mümkün deyil. Gözlərinin zəifləməsini istəməyənlər isə eynəkdən öncə şüadan uzaq durmalı, telefon, televizor, kompüterlərdən az istifadə etməli, vitaminli qidalanmalı, gözləri qorumalıdırlar".