Azərbaycanın inkişafı, ölkəmizdəki stabillik düşmən Ermənistanla yanaşı, onun havadarlarının və müxtəlif ölkələrdəki tərəfdaşlarının sürəkli "başağrı" səbəbidir.
Onlar bütün imkanlar və vasitələrdən istifadə edərək Azərbaycanı zəiflətməyə, uzaq perspektivdə isə ümumiyyətlə, dünya xəritəsindən silməyə yönəlmiş məqsədlərini gizlətmirlər.
Azərbaycana yönəlmiş məkrli oyunlardan biri də ölkədəki milli azlıqlarının hüquqlarının "pozulması" ilə bağlı iddialardır.
ABŞ-ın Nyu-York şəhərində rus dilində nəşr olunan "V novom svete" qəzetinin 7-ci sayının 16-cı səhifəsində Yuri Veselitski adlı müəlliflin "Separatizm ili samoopredelenie?" adlı məqaləsi dərc olunub.
Məqalədə müxtəlif ölkələrdə (Azərbaycan, Gürcüstan, İspaniya, İtaliya, Fransa, Şri-Lanka, Filippin və s.) milli azlıqların yaşayış səviyyəsi, dövlətlərin onlara qarşı apardığı siyasət və bu kimi digər qərəzli və həqiqətə uyğun olmayan məlumatlar öz əksini tapıb. Məqalənin böyük hissəsi AR-də məskunlaşmış milli azlıqlara (ləzgilər, avarlar, talışlar, tatlar, udinlər, ermənilər və tabasaranlar) həsr olunub, ölkəmizin tarixi təhrif edilib, yalanlar sıralanıb.
Belə ki, yazıda hazırkı Azərbaycan ərazisinin guya qədimdən yuxarıda qeyd olunan milli azlıqların yaşayış məskəni olduğu, müasir Azərbaycan Respublikasının məhz onların ərazilərində qurulduğu, guya öncədən AR torpaqlarında iki dövlətin mövcud olduğu (Ermənistan - Kür çayından cənubda və Qafqaz Albaniyası - Kür çayından şimalda - red.), lakin bir müddət keçdikdən sonra sözügedən ərazilərin Rusiya və Azərbaycan SSR-i arasında bölüşdürüldüyü kimi uydurma əks olunub. Əlavə olaraq, məqalədə bu hadisələrdən sonra guya yerli əhaliyə qarşı repressiyalar tətbiq olunaraq, məcburi azərbaycanlaşdırma və azərbaycanlıların Dağlıq Qarabağ, Zaqatala, Qax, Balakən və Azərbaycanın digər şimal rayonlarına köçürülmə siyasəti aparıldığı qeyd edilib. Eyni zamanda, guya Qarabağ müharibəsi zamanı da bu siyasət davam etdirilib və ermənilərin işğal etdikləri ərazilərdən qaçqın və məcburi köçkün düşmüş şəxslərin respublikanın şimal rayonlarında məqsədyönlü yerləşdirildiyi bildirilib.
Bununla yanaşı, məqalədə guya "Zaqatala, Qax və Balakən rayonlarmda məmurların 95 faizinin əslən Naxçıvandan olan şəxslərdən ibarət olduğu və yerli əhalinin mütəmadi olaraq sıxışdırıldığı, milli azlıqların Azərbaycandan ayrılmaq və Rusiyaya, daha doğrusu Rusiyanın Dağıstan respublikasına birləşmək arzusunda olduqları, lakin Azərbaycan hökuməti tərəfindən avar-ləzgi milli-azadlıq hərəkatının yatırıldığı" qeyd olunub.
Yazıda, ümumiyyətlə, milli azlıqlar məsələsinə aid olmayan məqamlar da vurğulanır. Məsələn, guya "1993-cü ildə Gəncə sakinlərinin də Surət Hüseynovun başçılığı altında Bakıya qarşı üsyan qaldırdığı", 1988 və 1993-cü ilərdə isə Əlikram Hümbətovun "Talış-Muğan Respublikası" yaratmaq cəhdlərinin Azərbaycan hökuməti tərəfindən qarşısının alındığı, Əbülfəz Elçibəyin hakimiyyətdən uzaqlaşdırıldığı bildirilib.
Azərbaycan, onun qədim tarixi, mədəniyyəti, habelə ölkə rəhbərliyinə qarşı son dərəcə neqativ tərzdə yazılmış məqalənin sonunda Azərbaycanda, ümumiyyətlə, milli ideologiyanın formalaşmadığı, Azərbaycan xalqının milli mənsubiyyətinin bəlli olmadığı ifadə olunub.
Məqalənin erməni və rus millətindən olan şəxslərin sifarişi əsasında hazırlanması, Azərbaycanda yaşayan milli azlıqlar məsələsinin qabardılması vasitəsilə beynəlxalq ictimaiyyətdə yanlış fıkrin formalaşması və respublika ərazisində vəziyyətin gərginləşməsi istiqamətinə yönəlməsi şübhə doğurmur. Eyni zamanda, məqalənin Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində yazılması, habelə Ukraynada baş vermiş məlum hadisələr nəticəsində ölkənin parçalanması ehtimalını nəzərə alaraq, Azərbaycanda milli azlıqlar məsələsini qaldırmaqla bu addımı ölkədə stabilliyi pozmaq cəhdi kimi qiymətləndirmək olar.
Bəhs etdiyimiz yazıdakı "iddia"ların absurdluğu aydındır. Amma belə böhtanları yalnız hansısa müəllifin şüurunun müvəqqəti qaralması və yaxud onun bilərəkdən, qəsdən yalanlar yazması kimi dəyərləndirmək də gərək deyil.
Azərbaycana qarşı illərdən bəri aparılan düşmənçilik və böhtan kampaniyasının davamı olan sözügedən məqalənin müəllifi sifarişçilərin tapşırığını yerinə yetirməklə düşmənin aktiv olduğunu göstərir.
Düşmənsə məkrli, hiyləgər və qəddardır.
Orxan Hun
Mənbə:Milli.Az
Orxan Hun
Mənbə:Milli.Az