Qadin.NET / Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi

Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi

 


Çin Xalq Respublikasının “Global times” qəzetinin baş redaktoru, tanınmış jurnalist Hu Xijinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.

Agentliyin baş direktoru Aslan Aslanov Azər Tac-ın yaranma tarixi, keçdiyi inkişaf yolu və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın inkişaf yoluna çıxdığından, Ulu Öndərin AzərTAc-a diqqət və qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan danışan baş direktor vurğulayıb ki, son illər Azərbaycanın nüfuzu dünyada xeyli yüksəlmiş, respublikamız regionun lider dövlətinə çevrilib. Bu uğurlar artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açıb.

AzərTAc ilə Çinin Sinxua agentliyi arasında sıx əlaqələrin olduğunu söyləyən A.Aslanov hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarların qəbulunda Sinxua agentliyinin AzərTAc-a dəstəyi xüsusi vurğulanıb.

Azərbaycanın siyasi sabitliyi, demokratiyanı və tolerantlığı özündə birləşdirən nadir ölkələrdən biri olduğunu vurğulayan “Global times” qəzetinin baş redaktoru Hu Xijin respublikamızın bu sahədə bir çox dövlətə nümunə ola biləcəyini qeyd edib. O, rəhbərlik etdiyi qəzetlə AzərTAc arasındakı əməkdaşlıq və xəbər mübadiləsi imkanlarından danışıb.

Qonağın diqqətinə çatdırılıb ki, bu yaxınlarda AzərTAc-da Çin dilində xəbərlər buraxılacaq. Bu baxımdan AzərTAc ilə Çin KİV-ləri, o cümlədən “Global times” qəzeti ilə əməkdaşlıq əlaqələrinin önəmi vurğulanıb.

Mənbə:Milli.Az

 

23 aprel 2014
GO BACK