
Çalalar, çuxurlar, açıq kanalizasiyalar - bütün bu defektlər haqqında hər bir sürücü bilir. Bu cür yol şəraitində hətta ən peşəkar sürücü belə, təhlükəsiz vəziyyətdə deyil.
Bəs yol şəraitinin pis olduğuna görə maşına dəymiş ziyanı kim ödəməlidir?
Milli.Az xəbər verir ki, belə bir sualla Day.Az saytının oxucularından biri redaksiyaya məktub ünvanlayıb.
Oxucu deyir ki, Xocasən yolunda ön təkərin çuxura düşməsi nəticəsində avtomobilin diski və ön bamperi əzilib. Oxucu əmindir ki, yolda nasazlıq vaxtında aradan qaldırılsaydı, maşında həmin problemlə rastlaşmazdı.
Hüquqşünas Seyfəddin Əliyev deyir ki, əgər avtomobil sığortalanıbsa, sürücü bu barədə baş verən hadisə barədə sığorta şirkətinə məlumat verməlidir. Dəymiş ziyanı sığorta şirkəti ödəyir. Əgər avtomobil sığortalanmayıbsa, sürücü maşını olduğu yerdə saxlamalı və yol polisi əməkdaşı çağırmalıdır. Yol polisi isə məsələni aktlaşdırmalıdır.
Bundan sonra günahkarın kim olduğu araşdırılır. Ekspertiza dəymiş zərəri hesabladıqdan sonra sürücü müvafiq sənədlərlə məhkəmə instansiyalarına müraciət edir.
Hüquqşünas bildirib ki, bu, çox qəliz və uzun prosesdir. Ancaq sürücü sübuta yetirsə ki, maşın yol şəraitinin pis olduğuna görə qəzaya düşüb, bu zaman bütün xərcləri yol xidməti ödəyəcək.