Bu gündən etibarən Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zolaqlı keçidlər, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin, avtobus dayanacaqlarının nişanlanması, yol cizgilərinin və yol göstərici xətlərin yenidən rənglənməsi və s.) işlərinin aparılması ilə əlaqədar paytaxtın 28 May küçəsinin Yusif Səfərov küçəsinin kəsişməsindən Bülbül propektinə qədər olan hissəsi, həmçinin Bülbül prospektinin 28 may küçəsi kəsişməsindən Zərifə Əliyeva küçəsinə qədər olan hissəsində bu gün axşam 22:00-dan etibarən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bu məhdudlaşma iş başa çatana qədər davam edəcək.
Qeyd edək ki, tərtib olunmuş qrafikə əsasən, analoji işlərin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub.
Mənbə:Milli.Az