İlin ən gözəl fəslinə az bir müddət qalıb. Deməli, dağlarda istirahətin də vaxtı çatıb artıq. Gün çıxanda və isti olanda hər yer gözəldir. Şəhərdə qalıb işləyənlərin sayı da az olur. Bakılılar adətən Türkiyənin istirahət zonalarında dincəlməyə can atırlar. İspaniya, Yunansıtan, Misir və digər ölkələri də seçənlər var.
Bununla belə, çox adam elə ölkəmizdə istirahətə üstünlük verir. Yayın başlaması ilə istirahət zonalarında hər həftə sonu "anşlaq" yaşanır.
Ölkəmizin hər regionunun özünəməxsus gözəllikləri var. Bəs siz hansı bölgədə istirahəti daha çox sevirsiniz? Bu yayı harada və necə keçirməyi planlaşdırırsınız?
Milli.Az xəbər verir ki, bu sualları Day.az saytı Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyliyə ünvanlayıb.
"Mən Azərbaycanda istirahətə üstünlük verən adamlardanam. İşgüzar səfərlər zamanı xaricdə oluram. O qədər yolururam ki, yayda harasa getməyə həvəsim olmur. Bu gün ölkəmizdə istirahət üçün hər cür şərait yaradılıb. Dünyanın müxtəlif ölkələrindən turistlər bizim bölgələrdə istirahətə gəlirlər.
Bu il də Qəbələdə istirahət etməyi planlaşdırıram. Qəbələ festivalı başa çatdıqdan sonra şəhərə qayıtmayacam. Orada qalacam. Ora fantastik yerdir. Hər il orada özüm üçün başqa yeniliklər açıram. Hər dəfə əmin oluram ki, biz heç nəyə görə Avropadan geri qalmırıq. Mən Qəbələni sevirəm", - xalq artisti bildirib.
Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular?
Mənbə:Milli.Az