Bakının bir küçənin sakinləri problemlərinin həll edilməməsi ilə bağlı yaranmış suala uzun müddətdir cavab tapa bilmirlər
Ümidləri tükənənən Xətai rayon sakinləri Milli.Az-a yazırlar ki, yaşadıqları Nəsrəddin Tusi küçəsinin bərbad vəziyyəti onların əsl probleminə çevrilib. Sakinlər iddia edirlər ki, 20 ildir həmin küçə bir dəfə də olsun təmir olunmayıb.
"Yolun asfaltı artıq dağılıb, daşlar üzə çıxıb. Başa düşə bilmirik, Xətai rayon İcra Hakimiyyəti Nəsrəddin Tusini sevmirsə, onun qisasını biz sakinlərdən niyə alır?”
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Xətai rayonu Mənzil Kommunal və Texniki Xidmət Sahələri üzrə baş mühəndis Sahib Babayev sözügedən yolun yaxın zamanlarda əsaslı təmir olunacağını bildirib.
"Nəsrəddin Tusi küçəsi "Azəryolservis"in balansındadı, probemlə bağlı il başlayandan ora iki dəfə məktub yazmışıq. Hətta tək o küçə yox, onunla paralel olaraq bir başqa küçələr də var.
Ümid edirik ki, birinci yarım illikdə yol əsaslı təmir olunacaq. Nəsrəddin Tusi küçəsi tam yol olmadığına görə bizim əlimizdən ancaq məktub ünvanlamaq gəlir, qalan işləri isə "Azəryolservis" reallaşdırır.
Onlar özləri də baxıblar ki, həqiqətən də, bu yolun təmirə ehtiyacı var, ona görə də sakinlər narahat olmasınlar, yaxın bir zamanda sözgedən küçə əsaslı təmir olunacaq".