Azərbaycanda ər-arvad müəyyən səbəblərə görə boşansa da, onları qarşı-qarşıya qoyacaq məqamlar ortaya çıxa bilir. Qadın ərindən ayrılsa da, bu heç də onun sərbəst qərar vermək iqtidarında olması demək deyil. Ərlər həmişə keçmiş xanımlarını özlərindən asılı salmaq üçün müxtəlif üsullardan istifadə edirlər
Milli.Az-ın xanım oxucularından biri yazır ki, bu ilin fevralında ərindən boşanıb və məhkəmə uşağın anada qalması qərarını verib. Lakin yayda övladı ilə Türkiyəyə istirahətə getmək istəsə də, bu istəyini reallaşdıra bilmir. Keçmiş əri ona övladının xaricə getməsi üçün etibarnamə vermir. Özü də bunu birbaşa yox, müxtəlif bəhanələrlə edir.
Başqa bir qadın isə yazır ki, ərindən ayrılıb və onun əri hazırda oğurluq etdiyinə görə cəza çəkir. Lakin övladını xaricə aparmaq üçün keçmiş ərindən icazə ala bilmir.
Hüquqşünaslar hesab edirlər ki, valideynlərin icazəsi olmadan 18 yaşı olmayan övladın ölkə ərazisini tək edə bilməməsi düzgündür. “Hüquqi Dövlət” araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirdi ki, bu məsələ əvvəl “Pasport haqqında” qanunla tənzimlənirdi, indi isə Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Uşaq hər iki valideynin razılğı ilə ölkə ərazisini tərk etməlidir. Valideynlərdən biri razılıq verməsə, bu zaman qarşı tərəf məhkəməyə müraciət etməlidir. Məhkəmə bu barədə qətnamə qəbul etməli və razılıq verməlidir. Bundan sonra digər valideyn məhkəmə icazəsi ilə övladını ölkə xaricinə apara bilər.
Ekspertin sözlərinə görə, ölkə Konstutitsiyanın 34-cü maddəsinə görə valideynlərin öz övladlarına qarşı vəzifələri eynidir və onları saxlamağa borcludur:
“Qanunun yetkinlik yaşına çatmayan övladın bir valideyn tərəfindən ölkə xaricinə aparılmasına icazə verməsi, digər valideynin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Hər iki valideynin hüquq və vəzifələri bərabərdir. Burada heç bir problem yoxdu”.
M.Baxış qeyd etdi ki, 2013-cü ilin sentyabrından qüvvəyə minmiş qanuna görə yetkinlik yaşına çatmayan uşaqlara ümumvətəndaşlıq pasportu alınmalıdır. Bu məsələdə də pasportun verilməsi müddətlə bağlıdır. Ola bilər ki, ata uzun müddətə razılıq versin. Ümumvətəndaşlıq pasportunun alınması o demək deyil ki, uşaq valideynlərdən hər ikisinin icazəsi olmadan ölkəni tərk etsin. Yenə də uşaq hər iki valideynin razılğı ilə ölkəni tərk edə bilər.
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Milli.Az-a bildirildi ki, əgər ərlə arvad məhkəmə qaydasında rəsmən boşanıbsa və məhkəmə tərəfindən uşaq anaya verilibsə, biometrik pasportun alınmasında atanın icazəsinə ehtiyac yoxdur. Sadəcə, rəsmi boşanma və uşağın anada qalması barədə məhkəmə qətnaməsi olmalıdır. Boşanmamış ailələrdə isə uşağın biometrik pasport alması üçün hər iki valideynin razılğı olmalıdır.
Qeyd edək ki, valideynlərin xarici pasportlarına övladlarının adlarının yazılması və şəkillərinin əlavə edilməsi qaydası ləğv edilib. Artıq uşaqlara biometrik pasportlar alınmalıdır. Bunun üçün valideyn, ilk növbədə, yerli pasport qeydiyyatı şöbəsinə müraciət edib uşağa şəxsiyyət vəsiqəsi almalıdı, sonra ata və ananın etibarnaməsi əsasında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunmalıdır. Pasportun verilməsi üçün zəruri sənədlərin siyahısına pasport verilməsi haqqında ərizə-anket, vətəndaşın şəxsiyyət vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barədə sənəd daxildir. Bir yaşı tamam olan uşaqlara 3, 3 yaşı olanda 5 illik pasportlar verilir.
Pasport on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, məbləğ bir yaşınadək uşaqlar üçün 10, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30, on səkkiz yaşına çatmış vətəndaşlara 40 manatdır. Pasport beş iş günündə verildikdə və ya dəyişdirildikdə rüsum bir yaşınadək uşaqlar üçün 20, bir yaşından üç yaşınadək uşaqlar üçün 40, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60, on səkkiz yaşına çatmış vətəndaşlara 80 manatdır.
Pasport bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 160 manatdır.