Qadin.NET / Quldurla vidalaşma və ya oğru iqtidarın saxta tərifləri

Quldurla vidalaşma və ya oğru iqtidarın saxta tərifləri

 



"Uzun illər boyu sədaqətli və etibarlı işinə, bu illər ərzində başçılıq etdiyi hökumətin əldə etdiyi nailiyyətlərə görə hamınızın adından Tiqran Sarkisyana minnətdarlıq etmək, ona vətənimizə xidmət istiqamətindəki yeni təşəbbüslərində uğurlar arzulamaq istəyirəm. Əziz Tiqran, sizə çox minnətdaram". 

Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan işdən kənarlaşdırdığı sabiq baş nazir Tiqran Sarkisyan barədə deyib.
Qonşu və düşmən ölkədə iqtidarda olan Ermənistan Respublika Partiyasının sədri ölkənin talanmasında, iqtisadiyyatın iflic duruma salınmasında, mühacirət və işsizliyin artmasında müstəsna rolu olan adam barədə belə danışıb.
Tərifləyib, amma həqiqətləri söyləməyib.
Eynən T.Sarkisyanın yerinə təyin etdiyi Ovik Abramyan barədə dediyi təriflər təki.
Ovik Abramyan hökuməti formalaşdırmalıdır və əslində, bu səlahiyyətlər də onundur. Lakin Yerevan reallıqları oyun qaydalarını onillər əvvəl dəyişdiyindən təbii ki, bu dəfə də tragifarsda yeniliklər olmayıb, hər şey əvvəlki qaydada davam edib. Yəni nazirləri Serj Sarkisyan seçib, yeni baş nazirə qalan isə həmin nazirlərin millət vəkillərinə və sonra da ictimaiyyətə təqdimatında prezidentin yanında duraraq S.Sarkisyanın dediyi hər cümlədən sonra başı ilə təsdiqləyici hərəkətlər etmək oldu.
Lakin bunlar baş nazir dəyişikliyindən sonrakı, postfaktum olaylardır.
Maraqlı olan Ermənistan prezidentinin ölkə vətəndaşlarını müti və küt insanlar, mağmın kütlə yerinə qoyaraq "Tiqran Sarkisyanın uğurları"ndan bəhs etməsi idi.
Gerçəkdən də, T.Sarkisyanın baş nazir postunda olduğu illərdə uğurlarından danışmaq üçün Serj Sarkisyan şüuru və həyasında olmaq gərək.
Tiqran Sarkisyan baş nazir vəzifəsinə 2008-ci ildə, Ermənistanda keçirilmiş prezident seçkilərində Serj Sarkisyanın "qələbə"sindən sonra təyin olunmuşdu.
Həmin ildən üzübəri ermənilərin iqtisadiyyatında geriləmə davam edir və son 11 ayda geriyə hərəkət uçuruma yuvarlanmaya çevrilib.
Ölkənin ümumdaxili məhsulu (ÜDM) dollar hesabında və deflyasiya prosesləri nəzərə alınmaqla azalmaqdadır.
Ermənistan rəhbərliyi 6 il əvvəl vəd etmişdi ki, ÜDM-nin real artımı 8-10 faiz təşkil edəcək. Lakin vur-tut 1 il sonra, 2009-cu ildə UDM geriləməsi 40 faizə çatdı.
İndi isə həmin geriləmə 2008-ci illə müqayisədə 63 faizə bərabərdir.
Ermənistanda yoxsulluq səviyyəsinin 11,2 faizə salınacağı vəd olunsa da, həmin göstərici indi 39 faizə çatıb.
Ölkə iqtisadiyyatına yatırılan sərmayələrin 10 faizlik artımı vəd olunsa, Ermənistana yatırılan pullar azaldı, sonra 0 dollara bərabər oldu və indi tam əksinə proses müşahidə olunur: Ermənistandan kapital axını 6 milyard dollar səviyyəsindədir.
Mühacirətlə bağlı göstəricilər ermənilər üçün milli fəlakətdən xəbər verir. Rəsmi statistikaya görə, 2008-2013-cü illərdə Ermənistanı 300 min nəfər tərk edib. Bu isə ölkə əhalisinin 10 faizini təşkil edir.
Tiqran Sarkisyanın baş nazir olduğu dövrdə, yəni son 6 ildə Ermənistanın xarici dövlət borcu 3 dəfə artıb: yəni 1,4 milyard dollar olan borc indi 4 milyard dollardır. Rəqəmlər rəsmi statistikadır. Real göstəricilər isə daha böyükdür və təbii ki, rəsmi Yerevan bu rəqəmləri açıqlamır.
Beləcə, Ermənistan dünyada ən ağır, ən sürətli iqtisadi geriləməyə nail olaraq "rekord" vurdu.
Ölkədə qiymətlər sürəkli artıb, bahalaşma hiperinflasiyaya çevrilib, əhalinin alıcılıq qabiliyyəti isə çox aşağı düşüb.
Əmək qabiliyyətinə malik ermənilər arasında işsizlik səviyyəsinin həndəsi silsilə ilə yüksəldiyini də nəzərə alsaq, Ermənistanda gerçək staqflyasiya, yəni "staqnasiya+inflyasiya" yaşanır.
İş yerləri azalır, vətəndaşların yaşam səviyyəsi aşağı düşür, gündəlik tələbat mallarından tutmuş, zinyət əşyalarına qədər ən müxtəlif nəsnələr bahalaşır.
Tiqran Sarkisyanın baş nazir olduğu dövrdə rüşvətxorluq və korrupsiya qalmaqalları səngimədi, dövlət əmlakı və büdcə vəsaitinin oğurlanması, mənimsənilməsi rekord səviyyəyə çatdı.
Sabiq baş nazirin offşor şirkətləri, Yerevandakı bioayaqyolları ilə bağlı fırıldaqları dövlət büdcəsinin darmadağın olunması ilə müqayisədə çox kiçik "dəcəllik" təsiri bağışlayır. Xarici ölkələr və beynəlxalq təşkilatlardan alınan kreditlərin məmurların şəxsi hesablarında yatırılması, dövlət əmlakının mənimsənilməsi ilə bağlı "başlanmış araşdırma və təhqiqatlar"ın heç biri başa çatdırılmayıb.
Tiqran Sarkisyanın hökuməti dövlət vəsaitləri ilə bağlı çoxsaylı, özü də məxfi qərarlar qəbul etmişdi və bu minvalla vətəndaşların, dövlətin pullarının total qarəti təşkil olunmuşdu.
Sadəcə, Vorotan su-elektrik stansiyası ilə bağlı anlaşma və ya Nəzarət Palatasının aşkarladığı qanunsuzluqlar T.Sarkisyanın baş nazir vəzifəsindən kənarlaşdırılmasından sonra diplomatik korpusa göndərilməsi yox, həbsxanaya salınmasına yetərli idi.
Serj Sarkisyan sabiq baş nazirdən razı qaldığını deyib, ona minnətdarlıq edib. Əksi də ola bilməzdi. Tiqran Sarkisyan Ermənistan prezidentinə sədaqətlə, kölə kimi xidmət etmiş, onun bütün əmrlərini yerinə yetirmiş, ölkədə "bir oliqarxın iqtisadiyyatı"nın yaradılması üçün əlindən gələni etmişdi.
Ölkənin zəifləməsi, əhalinin kütləvi şəkildə yoxsullaşması mühitində Tiqran Sarkisyan əvvəlcə özünü, sonra ağası Serj Sarkisyanı və hakimiyyətdəki azsaylı komandanı varlandırmaq üçün az qala gecə-gündüz çalışdı.
Elə buna görə də prezident işdən çıxardığı baş nazirinə minnətdarlıq edir və Tiqran Sarkisyanın hökümətə başçılıq etdiyi vaxtlarda əldə olunmuş "uğurlar" ənənəsinin davamını istəyir.
Tiqran Sarkisyanın ünvanına deyilən təriflər həm də onun vəzifəsi ilə könüllü vidalaşmadığnı göstərir. Yerevanda "Offşor Tiko" ləqəbi ilə tanınan adamla Ermənistandakı kriminal hakimiyyətin rəhbərinin az qala ürək sızıltısı ilə "vidalaşması" Serj Sarkisyanın naçar, əlacsız qalaraq bu qərarı qəbul etdiyini göstərir.
Belədə Ermənistan müxalifəti parçalanma və didişmələrə son qoyaraq birləşməli, iqtidara təzyiqləri gücləndirməli, sonucda Serj Sarkisyanın da hakimiyyətdən kənarlaşaraq villalarından birində xatirələrə dalmaqla məşğul olmaması ilə sonuclanacaq dəyişiklikləri gerçəkləşdirməlidir.
Ölkə hakimiyyəti cinayətkarlardan ibarətdirsə, onlar qanun qarşısında cavab verməlidir.
Buna isə yalnız Ermənistan müxalifətinin fizikanın elementar qanunları ilə olsa belə, davranışı ilə nail olmaq mümkündür.
Mənbə:Milli.Az

 

23 aprel 2014
GO BACK