Qadin.NET / Ruhani: "İran öz dəmiryolunu Azərbaycan vasitəsilə Gürcüstana birləşdirməkdə qərarlıdır"

Ruhani: "İran öz dəmiryolunu Azərbaycan vasitəsilə Gürcüstana birləşdirməkdə qərarlıdır"

 



"İran, Azərbaycan və Gürcüstanın əlaqələrinin inkişafı və İran dəmiryolunun Azərbaycan vasitəsilə Gürcüstana birləşməsi bölgənin xeyrinədir". Bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün Gürcüstanın İrana təyin olunmuş yeni səfiri İosif Çakaşvili ilə görüşündə deyib.
 
Trend-in İranın İRNA agentliyinə istinadən verdiyi məlumaa görə, H.Ruhani deyib ki, İran öz dəmiryolunu Azərbaycan vasitəsilə Gürcüstana birləşdirməkdə qərarlıdır.

H.Ruhani bildirib ki, İran üçün Qara dənizə çıxış xüsusilə Batumi limanı vasitəsilə önəmlidir.

Onun sözlərinə görə, İran qonşu ölkələrlə, xüsusilə Gürcüstanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

Görüşdə iki ölkənin özəl sektorunun əməkdaşlığı üçün güzəştlərin tətbiqi və universitetlər arasında əlaqələrin artırılmasının zəruriliyindən danışılıb.

Qeyd edək ki, Gürcüstanın İrana təyin olunmuş yeni səfiri İosif Çakaşvili öz etimadnaməsini İran Prezidenti Həsən Ruhaniyə təqdim edib.

İran rəsmiləri bundan öncə Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını açıqlamışdılar.

Dəmir yol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb.

Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.
Mənbə:Milli.Az

 

23 aprel 2014
GO BACK