Qadin.NET / Smartfon kosmosa göndəriləcək

Smartfon kosmosa göndəriləcək

 


ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) mühəndisləri Google şirkəti tərəfindən öz sınaq Project Tango smartfonu üçün hazırlanan kompüter görmə texnologiyasından istifadə edəcəklər. Söhbət Beynəlxalq Kosmik Stansiyada naviqasiyanı sadələşdirəcək robot-köməkçilərin yaradılması üzrə SPHERES layihəsindən gedir.

 
İnternet şirkətinin tərkibinə daxil olan Advanced Technology and Projects (ATAP) şöbəsi NASA ilə bir ildir əməkdaşlıq edir. Onlar birlikdə astronavtların Beynəlxalq Kosmik Stansiyada müxtəlif tapşırıqları müstəqil şəkildə yerinə yetirmələri üçün robotlar yaradırlar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, robotların əsas vəzifəsi stansiyanın üçölçülü xəritəsinin tərtib olunmasından ibarətdir. SPHERES layihəsini Googleun 3D görüntüsü ilə təmin etmək üçün ona smartfon, əlavə kameralar və digər avadanlıqlar əlavə olunacaq. Project Tango və SPHERES-in orbitə 2014-cü ilin yayında buraxılması planlaşdırılır. 
 
5 düymlük Project Tango smartfonunun prototipi cari ilin fevralında nümayiş olunub. Qurğunun arxa panelində yerləşən ötürücülər ətrafdakı şəraiti skan edir və real vaxt rejimində onun 3D modelini yaradır. Project Tango müxtəlif sahələrdə tətbiq oluna bilər. Məsələn, istifadəçi mağazaya getməzdən əvvəl mebeli asanlıqla seçmək üçün evinin 3D xəritəsini yarada bilər. Aparat həmçinin görmə qabiliyyəti zəif olan insanlara tanış olmayan yerlərdə başqasının köməyi olmadan səmti tapmaqda yardımçı olacaq. 
 
Yerlərin üçölçülü xəritələrinin yaradılması üçün qurğu insanın hərəkətini izləyən 4 meqapikselli kamera, iki xüsusi Movidius Myriad 1 prosessoru, giroskop, kompas, Unity kompüter və digər videooyunların mərkəzi proqram komponenti ilə təchiz edilib.
Mənbə:Milli.Az

 

22 aprel 2014
GO BACK