Qadin.NET / Qadın çox danışırsa, nə istəyir?

Qadın çox danışırsa, nə istəyir?

 


İnsanlar danışmaqla bir-birinə fikirlərini çatdırmağa və düşüncələrini qarşı tərəfə daha yaxşı izah etməyə çalışırlar. Lakin bəzi insanlar fikirlərini çatdırmaq üçün danışmağa daha çox üstünlük versə də, bir qisim insanlar əksinə, bundan daha az istifadə edir. Buna görə, insanları “çoxdanışan”, “azdanışan” kimi də təqdim edirlər. Hətta bu sahədə insanları cinslərə görə də ayırırlar. Yəni, kişiləri “azdanışan”, qadınları isə “çoxdanışan” hesab edirlər. Bunun səbəbini bilməyənlər, əsasən də kişilər çox zaman bunu qadının günahı hesab etməklə onları “deyingən”də adlandırırlar.

Qadınların çənələrindən narahatlığı kişilərə nisbətən dörd dəfə çoxdur

Əslində isə qadınlar ictimai əlaqələrini danışaraq yaradırlar. Bir qadın gün ərzində təxminən 6-8 min kəlmə sərf edir. Danışarkən əlaqələri daha da gücləndirmək üçün 2 ilə 3 min səs tonu çıxarır. Bununla da kifayətlənməyərək, bədən dilini buna əlavə etməklə 8-10 min arasında müxtəlif jest və mimikalardan istifadə edirlər. Beləliklə, gündə 20 mindən artıq mesaj çatdırmağa çalışaraq müxtəlif əlaqə vasitələrindən istifadə edilir. İngiltərə Sağlamlıq Mərkəzinin apardığı araşdırmaya görə, qadınların çənələrindən narahat olmaları kişilərə nisbətən dörd dəfə çoxdur. Elm adamları qadınların çox danışmasına aydınlıq gətirmək üçün onların beyin quruluşunu araşdırıblar. Ümumiyyətlə, beyinin sol tərəfi danışıq qabiliyyətini aktiv vəziyyətə gətirir. Qadınlarda beyinin sol ön tərəfində isə xüsusi bir bölgə var ki, bunun sayəsində danışıq funksiyası daha da aktivləşir. Beyinlərinin sol tərəfinə görə daha kiçik də olsa, sağ tərəfində də danışıq funksiyasını təmin edən əlavə bir mərkəz də var. Beyinin hər iki tərəfində də müəyyən bir bölgə içində sıxlaşmış funksional bir mərkəzin olması qadınların daha asan və rahat danışmalarını təmin edir. Bundan başqa qadınların qarışıq bir mühitdə belə, danışmaqdan xoşları gəlir. Danışarkən beyinin bütün deyil, sadəcə müəyyən mərkəzləri aktiv hala gəldiyi üçün beyinin digər sahələri boş qalır və qadınlar danışarkən başqa məşğuliyyətləri də rahatlıqla yerinə yetirirlər. Hətta belə qənaətə gəliblər ki, beyinin hər iki qismində danışma mərkəzləri olduğu üçün qadınlar xarici dili daha asan və sürətlə öyrənirlər. Bu baxımdan da məktəblərdə qrammatika, ədəbiyyat və xarici dil müəllimlərinin 75 faizi qadınlardan ibarət olur.

Kişilərin az danışmasının səbəbinə gəldikdə isə onlar gündə 2-4 min sözlə yanaşı, 2 min səs tonundan, həmçinin 2-3 min bədən dilindən istifadə edir. Ümumilikdə kişilər 7 min ünsiyyət vasitəsindən istifadə edirlər. Onu da qeyd edək ki, əksər hallarda qadınların çox danışdığı deyilsə də, kişilərin çox danışmasının da şahidi olmaq mümkündür. Məsələn, bir taksiyə əyləşdikdə 10 metrlik məsafədə kişi sürücülərin işlətdiyi qədər cümlə işlədə bilən qadın görə bilməzsiniz.

Həyat yoldaşının “yeni sima”sı ilə qarşılaşmaq da çox danışmağa səbəb olur

Sosioloq Gülnar Nəzərova isə bu mövzuya digər aspektdən yanaşır. O Milli.Az-a bildirdi ki, qadınları daha çox danışdıran ailədə əvvəlki ünsiyyətin, münasibətlərin olmaması, nikah dövründə həyat yoldaşlarının “yeni sima”ları ilə qarşılaşmalarıdır: “Ailədə iqtisadi təminat ucbatından o qadınlar danışır ki, onlar iqtisadi baxımdan həyat yoldaşlarından asılı olur. Bir qrup bu asılılıqdan narazı olduğu, iqtisadi müstəqilliklərini təmin etmək istədikləri, digər qismi isə iqtisadi asılılıqlarından məmnun olsalar da, bu təminatın yetərli olmamasından mütəmadi narazılıqlarını ifadə edirlər. Bəzən düşünürlər ki, qadının ailədə sosial-iqtisadi təminatı yetərincə olsa, qadın çox danışmaz. Əslində bütün təminatı yerində olan qadın da nədənsə narazı olur. Qısaca desək, problemi konkret bir məsələ ətrafında izah etmək qeyri-obyektiv yanaşma olardı”.

Sosioloqun fikrincə, istənilən şəxsin öz fərdi xarakter xüsusiyyətləri olmaqla yanaşı, hər bir ailədəki münasibətlər də spesifik formada təzahür edir. Bu baxımdan ailədə qadının daim narazı olması və bunu mütəmadi dilə gətirməsi yuxarıda qeyd olunan xüsusiyyətlərin təsiri ilə baş verir ki, bu da məsələyə fərdi yanaşma tələb edir. Bildirildi ki, məsələ ilə bağlı bəzi ümumi cəhətləri də qeyd etmək mümkündür ki, bir çox qadınların ailədə narazılığını dilə gətirməsinə səbəb olur: “Belə ki, ailədə iqtisadi baxımdan həyat yoldaşlarından asılı olub bu asılılıqdan razı olan qadınlar daha çox narazılıqlarını dilə gətirirlər. Bir qisim qadınlar bu təminat ən zəruri ehtiyaclar üçün yetərsiz olduğundan narazılıq ifadə etdiyi halda, digər qisim qadınlar təminatın kifayət olmasından asılı olmayaraq daim narazı olurlar. Mütəmadi insanların ifadə etdiyi, lakin ailələrin çox az qismində özünü doğruldan hüquq bərabərliyi bəzən narazılıq yaradan və mübahisələrə gətirən məsələyə çevrilir. Qadınlar ailə ilə bağlı problemlərin həllində aktiv iştirak etmək istəsə də, cəmiyyət tərəfindən qadın-kişi üçün müəyyən edilən ənənəvi rol bölgüsü bu cəhdin qarşısını alır. Bununla razılaşmayan qadınlar isə mübarizəni “söz” vasitəsilə aparırlar”.

O da vurğulandı ki, qadınlar həyat yoldaşlarının "yeni sima"ları ilə qarşılaşdıqda isə bu tip münasibət qadın üçün ağır və gözlənilməz hal olur, ailə münasibətlərini qorumaq naminə narazılığını və fikrini sözlə ifadə etməyə çalışır: “Belə olduğu təqdirdə isə qadının çox danışan, deyingən olması fikirləri səslənir. İstənilən halda bir ailədə qadının çox danışması və ya digər narazılıq yaradan məqamlar varsa, problemi və həlli bir tərəf üzərində aparmaq cəhdi heç bir nəticə verməyəcək. İstənilən halda fərd onu əhatə edən mühitə adekvat davranış nümayiş etdirir. Bu səbəbdən həm problemə, həm problemin həllinə kompleks yanaşmaq olduqca vacibdir”.

Qadın psixologiyasından məlumatı olan kişilər bu stiuasiyalardan şikayət etmir

Psixoloq Elnur Rüstəmov isə Milli.Az-a açıqlamasında bunun özünü müxtəlif aspektlərdə göstərdiyini deyir: “Həm problemə yanaşmada, həm onu həll etmədə, həm stressə yanaşma-həlli istiqamətdə, ümumiyyətlə, həyata baxış tərzində və digər məqamlarla fərqlənir. Bu proseslərdən biri kimi, məsələn, eyni bir stresslə kişi və qadının qarşılaşmasını götürək. Kişilər stress yaşayanda özünə qapılır, onu həll etməyə çalşır və ondan sonra cəmiyyətə çıxmağa başlayır, ailə üzvləri ilə ünsiyyət qurmağa çalışır. Qadın isə bu stuasiyalarda daha çox danışmaqla bu problemi həll etməyə çalışır. Qadının bir problemi varsa, danışaraq onu yaxın çevrəsiylə həll edə bilər. Bu kişi-qadın psixologiyası arasında özəlliklərdən biridir”.

Psixoloqun fikrincə, qadınların ən çox şikayət etdiyi məqamlardan biri də həyat yoldaşının onlara qulaq asmamasıdır. Onun sözlərinə görə, qadının ünsiyyət tələbatı daha çoxdur, o, danışaraq özünü aktuallaşdırır: “Kişilər isə danışaraq yox, daha çox çalışırlar ki, hərəkətləri, əməllə ilə bunu reallaşdırsınlar. Kişilər var ki, saatlarla evdə oturaraq bir şey haqqında düşünə bilər. Ancaq qadın danışaraq yeni ideyalar verə bilər. Nəzərə almaq lazımdır ki, qadın emosionaldır və bunu da sözlə, hərəkət və davranışları ilə ifadə etməyə çalışır”.

Qadının fundamental tələbatlarından birinin də danışmaq tələbatı olduğunu deyən E.Rüstəmovun fikrincə, qadınların ən böyük şikayəti odur ki, həyat yoldaşları onlarla zaman keçirmir, ünsiyyətdə olmurlar: “Nəzərə almaq lazımdır ki, qadınla ünsiyyətdə olmaq, danışmaq lazımdır, onlar başqa bir şey istəmirlər. Qadın nəyinsə haqqında danışanda o demək deyil ki, onun həll edilməsinə çalışır. Yəni ola bilər ki, sevdiyi insana və yaxud həyat yoldaşına, məsələn, bir telefonla bağlı onun mexanizmlərini izah etməyə başlayır. Kişilər bəzən elə başa düşürlər ki, qadın bunu əldə etməyə çalışır. Xeyr, qadın, sadəcə, bu haqda danışmaq istəyir və səndən də qarşılıq gözləyir. Məsələn, bu telefon sənə çox yaxşı yaraşacaq, yaxşı telefondur və s. Yəni fikirlərini paylaşmaq istəyir. Qadın deyəndə ki, başım ağrıyır, bizdə çox vaxt kişilər deyirlər ki, dərman qəbul et. Ancaq qadın bunu eşitmək istəmir, o, özü də bilir ki, dərman içsə, baş ağrısı keçəcək. O istəyir ki, sevdiyi insanın, həyat yoldaşının diqqətini özünə çəksin. Ondan istədiyi cavab dərman yox, mehriban sözlərdir. Təəssüflər olsun ki, bu məqamlar nəzərə alınmır və nəticədə münasibətlərdə problemlər yaşanır”.

O da vurğulandı ki, çalışan qadınlarla yanaşı, bir də evdar xanımlar var və hər ikisinə danışmaq xüsusiyyəti xasdır. Ola bilər ki, çalışan xanım işdə zaman keçirir və onun danışmaq tələbatı müəyyən qədər ödənir. Ancaq evdə olan qadınlarda onlara nisbətən danışmaq tələbatı daha çoxdur. Psixoloq deyir ki, ümumiyyətlə, qadın psixologiyası ilə bağlı məlumatı olan kişilər o cür situasiyalardan şikayət etmirlər: “Əksinə, bunun həlli yolunu bilirlər. Cəmiyyəti bu haqda maarifləndirmək lazımdır. Qadın danışmaq, fikrini paylaşmaq istəyir və bu da ailədə həyata keçmədiyi təqdirdə anası, bacısıyla bütün günü telefonda danışır. Halbuki bunu həyat yoldaşı ilə paylaşa bilərdi. Psixoloji konsultasiyalara da əsasən qadınlar müraciət edir. Çünki onlar problemi danışaraq həll edir. Ancaq kişilər az müraciət edirlər, çünki onlar fikirləşirlər ki, hər şeyi özləri edə bilərlər. Bu yanaşma da doğru deyil. Problemin danışaraq həll edilməsi daha məqsədəuyğundur”.

Nigar Abdullayeva

Mənbə:Milli.Az

 

22 aprel 2014
GO BACK