Bakıda təhlükə içərisində olan məcburi köçkünlər Milli.Az-a yazıblar. Nəsimi bazarının yaxınlığında yerləşən 3 saylı peşə liseyinin yataqxanasında yaşayan insanlar üzləşdikləri problemi mətbuat vasitəsilə işıqlandırmaq istəyirlər.
Problem ondan ibarətdir ki, 5 mərtəbəli peşə liseyinin yataqxanasının qarşısında 16 mərtəbəli bina inşa olunur. Tikintidə istifadə olunan kran yataqxana binasına o qədər yaxında yerləşdirilib ki, az qala binanın üstünə aşsın. Dəfələrlə yataqxananın şüşələrini sındrıb. Yataqxananın birinci mərtəbəsində tələbələr, qalan 4 mərtəbədə isə qaçqınlar yaşayır. Uşaqlar üçün böyük təhlükə var.
“1991-ci ildən bu günə kimi adıçəkilən ünvanda 5 mərtəbəli 3 saylı peşə liseyinin yataqxanasında müvəqqəti məskunlaşmışıq. Yaşayış şəraiti bərbad vəziyyətdə olmağı azmış kimi tikinti şirkəti tərəfindən ucaldılan 16 mərtəbəli binanın tikintisi sakinlərin hayatını təhlükə altına qoyur. 24 saat davam edən tikinti nəinki asayişi və istrahətimizi pozur, eləcə də binaların arasında məsafə saxlanılmadığı üçün və heç bir təhlükəsizlik qaydalarına riayət olunmadığından bizim və uşaqlarımızın həyatını hər an, sözun əsl mənasında, təhlükə altına atır. Qaldırıcı kran yük qaldıran zaman həyətdə oynayan uşaqların başının üstündən keçir, ustalar yuxarıdan sement və daş qırıqları atır”, - deyə sakinlər yazırlar.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva Milli.Az-a bildirdi ki, qısa zamanda həmin ərazidəki vəziyyət araşdırılacaq və lazımi tədbir görüləcək.
Anar Məmmədov