Qadin.NET / “Coca-Cola” içkisi uşaqlar üçün həqiqi ölüm mənbəyidir.

“Coca-Cola” içkisi uşaqlar üçün həqiqi ölüm mənbəyidir.

 


Eyyub Hüseynov: “Bu içki ətdə təbii çürümə prosesinin qarşısını alır” 

120 ildən artıqdır ki, dünyada istehsal edilən “Coca-Cola” sərinləşdirici içkisinin tərkibi barədə heç kimin məlumatı yoxdur. Dünyada ən tanınmış spirtsiz içki olan bu məhsul barədə ictimaiyyətə məlumat verilmir, şirkət istehlakçı hüquqlarını kobud pozur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da faktı təsdiqləyir və adıçəkilən içkinin tərkibinin açıqlanmamasından narahatdır. Təşkilat sədri bildirir ki, Azərbaycanda da satışı çox geniş yayılan bu içkinin tərkibi barədə nəinki ictimaiyyətə, heç aidiyyəti dövlət qurumlarına da məlumat verilmir: “İstehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatlar birmənalı olaraq uşaq müəssisələrində, məktəb bufetlərində, uşaq bağçalarında “Coca-Cola”içkisindən istifadəni məsləhət görmür. Bununla bağlı dünyada istehlakçı hüquqlarını qoruyan təşkilatlar kompaniya aparır ki, kiçik yaşlı uşaqlar “Coca-Cola”dan istifadə etməsinlər. Bu içkinin cəhətlərindən biri odur ki, isti havalarda “Coca-Cola” içəndə insanın daxilində sərinlik yaranır . Bu isə o deməkdir ki, bu içki insan orqanizmindən enerji ayırır. Təsadüfi deyil ki, 120 ildən artıqdır ki, “Coca-Cola”nın tərkibi dünya istehlakçılarına açılmır. 5 il öncə mən Beynəlxalq İstehlakçı Təşkilatı qarşısında məsələ qaldırdım ki, “Coca-Cola”nın tərkibinin açılması üçün bütün dünya istehlakçıları təzyiqlər etsin. Təəssüflər olsun ki, bu təklif dəstəklənmədi”.  Eyyub Hüseynov bildirir ki, “Coca-Cola”  hansı ölkədə oturursa, həmin ölkəni iqtisadiyyatına təsir edən bir qüvvəyə çevrilir: “ Hətta “Coca-Cola” o qədər reklam olunur ki, kiçik yaşından insanların beyninə yol tapıb. Əgər bu şirkət öz məhsulunun yerinə həmin rəngdə digər məhlul doldurub satarsa, camaat yəqin 8-10 ildən sonra başa düşər ki, bu nədir. Çünki artıq bu məhsul insanların beyninə körpə yaşından yeridilib. Təsadüfi deyil ki, “Coca-Cola”nın təkcə brendi 150 milyon dollardır. Tərkibini istehlakçıya açıqlamayan “Coca-Cola” bütün dünya istehlakçılarının hüquqlarını pozur. Çünki, istehlakçının mal haqqında informasiya almaq hüququ var. Bu isə gizli saxlanılır. Düzdür, şirkət bunu biznes sirri adlandırsa da, bu belə deyil. İstənilən malın tərkibi istehlakçıya açıqlanmalıdır. İstehlakçı nə içdiyini bilməlidir. Mən təəssüf edirəm ki, bütün dünyada, o cümlədən Azərbaycanda “Coca-Cola”nın üzərinə özlərinin markasını vurur. Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi də bu malın tərkibini bilmədiyi halda onun üzərinə AZS standartı nişanını vurub. Agentlikdən soruşmaq lazımdır ki, həmin içkinin tərkibini öyrənib AZS standartı nişanını onun üzərinə vurub, yoxsa yox”. Eyyub Hüseynov “Coca-Cola” içkisi ilə bağlı daha bir dəhşətli fakt açıqladı. Bu fakt isə Azad İstehlakçılar Birliyinin “Coca-Cola” üzərində apardığı labaratoriya analizi zamanı aşkarlanıb. Məlum olub ki, “Coca-Cola” ətin çürüməsinin qarşısını alır: “Bu çox mənfi faktdır. Ətdə çürümə təbii prosesdir və bu olmalıdır. Amma “Coca-Cola” bu təbii prosesin qarşısını alır. Biz Azad İstehlakçılar Birliyinin laboratoriyasında iki qaba “Coca-Cola” və adi su doldurub ətin eyni hissəsindən iki parça kəsib adi su olan qaba da atdıq, “Coca-Cola” olan qaba da. 4 gün saxladıqdan sonra qabları açanda adi suda olan ət iylənmiş, çürümə baş vermişdi. Amma “Coca-Cola” olan qabdakı ət nə çürüməmiş, nə də iylənməmişdi. Ət bir aydan artıq “Coca-Cola”nın içərisində qalsa da, çürümə baş vermədi. Əksinə, ətdə parçalanma gedərək liflərə ayrılmışdı. Mən bununla bağlı Azərbaycan Dövlət Neft Akademiyasının mütəxəssislərini laboratoriyaya dəvət edib faktı onlara göstərdim. Həmin alimlər də buna heç bir rəy verə bilmədilər”. Eyyub Hüseynov deyir ki, “Coca-Cola”nın üzərində Londonda da təcrübə aparılıb. Londonda “Coca-Cola” içkisinin içərisinə saqqız atılıb və içkidə dərhal güclü reaksiya gedərək fantan verib”. Eyyub Hüseynov deyir ki, bu içkinin tərkibində müxtəlif zərərli maddələrin olması ilə bağlı məlumatlar yayılsa da, bu məlumatlarla bağlı laborator təcrübələr aparılmadığından fakt təsdiqlənməyib: “Deyilənə görə, bu içkinin tərkibini dünyada cəmi iki şəxs bilir. Amma həmin şəxslərin adları açıqlanmır. ”Coca-Cola”nın tərkibini şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri də bilmir. Bu sirr bütün dünyadan qorunub saxlanır”. Eyyub Hüseynov Azərbaycanın Səhiyyə və Təhsil nazirliklərinə müraciət edərək uşaq bağçaları və təhsil müəssisələrində “Coca-Cola”dan istifadənin qadağan edilməsini təklif edir. Əks halda Azərbaycanda uşaqların gələcəyi təhlükə qarşısında qala bilər. 


 

Mənbə: Fakto.info

 

22 aprel 2014
GO BACK