Dövlət Sərhəd Xidmətinin Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün "Sərhəd nəzarəti"nə dair təlim proqramının tədrisi təşkil olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin aprel ayının 07-18 tarixlərində keçirilən tədris çərçivəsində Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Azərbaycanın milli sərhəd siyasətinə regional və beynəlxalq təhlükəsizlik kontekstində baxış, sərhəd mühafizəsinin təşkili, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti və sərhəd nəzarəti mövzuları üzrə məruzələr edilib və təqdimatlar keçirilib.
Dinləyicilər Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sahil Mühafizəsi, "Samur" dövlət sərhədindən buraxılış məntəqəsi, Heydər Əliyev Beynəlxalq Hava Limanlarında sərhəd nəzarət şöbəsi, DSX Xüsusi Məktəbi və Kinoloji Mərkəzinin fəaliyyəti və mövcud imkanları ilə tanış olmuş, Xarici İşlər Nazirliyinin "ADA" Universitetinə səfər edib, həmçinin ölkəmizin tarixi yerləri və memarlıq abidələri ilə tanış olublar.
DSX Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün təşkil olunmuş kursun yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının Komandanı general-leytenantElçin Quliyev, Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat, Səudiyyə Ərəbistanının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, digər rəsmi şəxslər iştirak ediblər.
General-leytenant Elçin Quliyev və general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat tədbirdə çıxış edərək Azərbaycan və Səudiyyə Ərəbistanının sərhəd xidmətləri arasında ikitərəfli münasibətlərin son illər ərzində yüksələn xətt üzrə inkişaf etməsini, Səudiyyə Ərəbistanının sərhəd xidmətinin əməkdaşları üçün təşkil olunmuş kursun qurumlararası əməkdaşlığın gücləndirilməsinə ciddi töhfə verməsini qeyd edib və bu təcrübənin gələcəkdə daha da genişləndiriləcəyi barədə tədbir iştirakçılarına məlumat veriblər. Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin baş direktoru general- leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması üçün yaradılmış yüksək səviyyəli şəraitə görə öz minnətdarlığını bildirib.
Mərasim sonunda tədrisə cəlb olunmuş heyətə sertifikatlar təqdim olunub.