“Tilavət” sözünün ərəb dilndən tərcüməsi “oxumaq” deməkdir. Dini termin olaraq Qurani-kərimi oxumaq mənasında işlədilir. Alimlərin fikrincə, tilavət - ayələrin mənasını düşünüb anlayaraq, məzmununa diqqət yetirərək oxumağı bildirir. Rağib İsfahani “əl-Müfrədat” əsərində yazır: “Hər tilavət qiraətdir, amma hər qiraət tilavət sayıla bilməz”.
Milli.Az islam.az-a istinadən bildirir ki, “tilavət” sözünün başqa bir mənası da var. Rəhmətə getmiş şəxsin ruhuna hədiyyə olaraq Quran oxunduqdan sonra adətən, tapşırma duası oxuyurlar. Tapşırma duasında niyyət edilir ki, oxunan ayələr kimin ruhuna hədiyyə olunur. Belə bir ənənə mövcuddur ki, tapşırma duasından əvvəl “tilavət” adlı şeir parçası avazla oxunur.
Tilavətin mətnində, adətən, 14 məsumun adı sıra ilə sadalanır və onların ruhu xatirinə Allaha dualar edilir. Azərbaycanda yas məclislərində müxtəlif tilavətlər oxunur; bunların bəziləri ərəb, bəziləri də Azərbaycan dılindədir. Xüsusilə, Şeyx Bəhainin qələmindən çıxmış, “Binəbiyyin, ərəbiyyin və rəsulin mədəniy” misrası ilə başlayan tilavət daha məşhurdur.
Mənbə:Milli.Az