Qadin.NET / Azərbaycanda tarixi abidə məhv olmaq üzrədir

Azərbaycanda tarixi abidə məhv olmaq üzrədir


Hökmdar məzarlığı və ya Qazıyeri deyilən 3 hektarlıq ərazidə 18 kurqan yerləşir. 1970-ci illərin ortalarında aşkarlanan kurqanlar indi məhv olma təhlükəsi ilə üz-üzədir. Hətta bəzilərinin yerüstü hissəsi öz tarixi dəyərini tamamilə itirib.
Künbəzlərin dağılması isə onunla birbaşa üzvi əlaqədə olan yerlatı hissənin də məhv olmasını şərtləndirir. Bu möhtəşəm Kurqan Muzeyin künbəzi 2008-ci ildə içəri hissədən bərpa edilib. Lakin görülən işlər kifayət deyil. Kurqanın künbəzi bu gün tam yarasız haldadır. Yağan bütün yağıntılar künbəzdən abidənin içərisinə yağır. Kurqanın bişmiş kərpiclə hörülən içəri hissəsi isə aylarla bağlı qaldığından şoranlaşmağa başlayıb. Divarlarda yaranan duz kristalları isə mühafizə olunan tarixi materialların üstünə düşür.

Bundan başqa kurqanın tunel hissəsindən içəriyə heyvanlar daxil olur. Onlar da tarixi materialları məhv edir. Lakin kurqanda tapılan qızıldan öküz başı fiquru buranın tarixi əhəmiyyətindən xəbər verir.
Bu ərazidəki kurqanların yalnız birindən çıxan tapıntıdır. Halbuki ərazidə araşdırılmaların davam etdirilməsi, yarımçıq qalan qazıntı işlərinin sonlandırılması Azərbaycanın tarixinin qaranlıq səhifələrinə aydınlıq gətirə bilər.
Tapıntılar kurqanların adi kurqanlar olmadığını göstərir. Öküz başı kimi tapıntılarsa hökümdarlıq rəmzi kimi qiymətləndirilir. Elə ərazinin də hökümdar məzarlığı adlandırılması bununla əlaqədardır. 

Odur ki, mövcud olan tariximizi qorumaq, aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxan maddi-mədəniyyət nümunələrini olduğu kimi ictimaiyyətə çatdırmaq lazımdır. Bu, tariximizi saxtalaşdırmağa çalışanların qarşısını alar və turistləri cəlb etməklə ölkəmizə gəlir gətirə bilər.

Mənbə:Milli.Az

19 aprel 2014
GO BACK