Ukraynadakı vəziyyət uzaq perspektivdə Moskva üçün deyil, Vaşinqton üçün sərfəlidir
Ukraynanın hazırkı siyasi elitası üçün ən vacib məsələ, şübhəsiz ki, növbədənkənar prezident seçkisinin təşkilidir. Eyni zamanda bu, həlli ən çətin məsələlərdəndir. Çünki yaranmış vəziyyətlə Ukrayna hökumətinin nə daxili, nə də xarici siyasi opponentləri barışmaq niyyətindədir. Krımın praktiki olaraq itirilməsindən sonra, əksər ekspertlərin proqnozlaşdırdıqları kimi, Ukraynanın cənub-şərq hissəsini anti-Maydan və separatçılıq dalğası bürüdü. Aprelin əvvəlində Donetsk, Xarkov, Luqansk vilayətlərində, o cümlədən Nikolayev şəhərində rusiyapərəst əhali etiraz aksiyaları keçirərək Ukraynanın federasiyalara bölünməsini, bəziləri isə hətta onlara müstəqilliyin verilməsini tələb etməyə başladılar. Donetskdə nümayişçilər vilayət dövlət administrasiyasının (VDA) binasını və Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) yerli idarəsini ələ keçirdilər. Donetsk vilayətinin statusuna dair referendumun keçirilməsini tələb edən nümayişçilər rus dilinə ikinci dövlət dili statusunun verilməsi, Ukraynanın yeni Konstitusiyasında ölkənin heç bir bloklara qoşulmayacağının qeyd edilməsini də tələb edirdilər.
Bir qədər sonra onlar suveren "Donetsk Xalq Respublikası"nın yaradıldığına dair akt da qəbul etdilər. Məsələnin mayın 11-də referenduma çıxarılması qərara alındı. Maraqlıdır ki, bölgədə hökumət binalarının ələ keçirilməsini, separatçı bəyanatları qanunsuz və qəbuledilməz adlandıran Donetsk meri A.Lukyançenko, eyni zamanda, baş verənləri hökumətin səhv siyasətinin, regionlara diqqət yetirməməsinin, onların əsas problemlərini başa düşmək istəməməsinin nəticəsi kimi qiymətləndirdi. Mer hesab edir ki, Kiyev Donbasda sosial-siyasi gərginliyi aradan qaldırmaq üçün hakimiyyətin desantralizasiyası mexanizmini aydın şəkildə ortaya qoymalıdır. Lukyançenko əks təqdirdə donetsklilərin xilası Rusiyada axtarmağa davam edəcəklərini söyləyib.
Bir qədər sonra onlar suveren "Donetsk Xalq Respublikası"nın yaradıldığına dair akt da qəbul etdilər. Məsələnin mayın 11-də referenduma çıxarılması qərara alındı. Maraqlıdır ki, bölgədə hökumət binalarının ələ keçirilməsini, separatçı bəyanatları qanunsuz və qəbuledilməz adlandıran Donetsk meri A.Lukyançenko, eyni zamanda, baş verənləri hökumətin səhv siyasətinin, regionlara diqqət yetirməməsinin, onların əsas problemlərini başa düşmək istəməməsinin nəticəsi kimi qiymətləndirdi. Mer hesab edir ki, Kiyev Donbasda sosial-siyasi gərginliyi aradan qaldırmaq üçün hakimiyyətin desantralizasiyası mexanizmini aydın şəkildə ortaya qoymalıdır. Lukyançenko əks təqdirdə donetsklilərin xilası Rusiyada axtarmağa davam edəcəklərini söyləyib.
Xarkovda da nümayişçilər VDA-nın binasını ələ keçiriblər və "Xarkov Xalq Respublikası" adlı müstəqil dövlət yaratmaq qərarlarını açıqlayıblar. Onlar qərarın vilayətdə təşkil olunacaq referendumdan sonra qüvvəyə minəcəyini bəyan ediblər.
Luqanskda Ukrayna Təhlükəsizlik Xidmətinin yerli idarəsi ələ keçirilib. Nümayişçilərin sözlərinə görə, idarənin rəisi onların silahlanmasına şəxsən icazə verib və hətta etirazçılara zirehli geyimlər paylayıb.
Baş verənlərdə Moskvanı və əlaltılarını günahlandıran Ukrayna hökumətisə təcili olaraq sözügedən bölgələrdə vəziyyətin qaydaya salınması ilə məşğul olmağa başlayıb. Cənub-şərq vilayətlərinə əlavə xüsusi təyinatlı dəstələr, milis qüvvələri göndərilib. Daxili işlər naziri A.Avakovun "antiterror əməliyyatı" adlandırdığı əməliyyat nəticəsində Xarkovda VDA binası odlu silahdan istifadə edilmədən azad olunub və 70 nəfər saxlanılıb. Nikolayev şəhərində hadisələr daha qanlı olub. Burada nümayişçilərin çadır şəhərciyinin dağıdılması zamanı etirazçılarla "Maydan özünümüdafiə qüvvələri" arasında toqquşma yaşanıb. Nəticədə 15 nəfər yaralanıb, 23 nəfər həbs olunub. Regionlar Partiyasından sabiq deputat V. Landikin sözlərinə görə, iğtişaşların təşkili, xüsusilə Luqanskda UTQ-nin binasına hücum üçün separatçıların hərəsinə 500 dollar ödənilib. Sabiq deputat bildirib ki, bu işlər V. Yanukoviçin Moskvada məskunlaşmış ailəsi tərəfindən maliyyələşdirilir. Etirazçılar isə iddia edir ki, nümayişlərin dağıdılmasında rəsmi Kiyev hüquq mühafizə orqanları ilə yanaşı, "Sağ sektor"un təmsilçilərindən, Milli Qvardiyanın bölüklərindən, hətta Amerikanın özəl hərbi qurumlarından birinin nümayəndələrindən istifadə edib.
Hüquq mühafizə orqanlarının Donetsk, Xarkov və Luqanskda vəziyyəti düzəltmək üçün 2 yolu var - danışıqlar və ya güc tətbiqi. Hələlik danışıqlar nəticəsində əldə edilmiş hər hansı uğurdan danışmaq mümkün deyil: Ukraynanın "baş oliqarxı" Rinat Axmetovun və baş nazirin birinci müavini V.Yaremanın Donetskdə baş verənlərə müdaxiləsi heç bir nəticə verməyib. Üstəlik, bəzi Ukrayna KİV öz mənbələrinə istinadən Donetsk və Luqanskdakı separatçı aksiyaların Rusiyanın deyil, məhz R. Axmetovun, Regionlar Partiyasının Ali Radadakı fraksiyasının başçısı, Luqansk regionunun əsas siyasətçilərindən olan A. Yefremovun birbaşa dəstəyilə baş tutduğunu yazır. Mətbuat R.Axmetovun mart-aprel aylarında Moskvada V.Putinlə görüşdüyünü də xatırladır.
Təbii ki, Ukraynada prezidentlik uğrunda yarışın favoritlərindən olan sabiq baş nazir Yuliya Timoşenko da yaşananlardan kənarda qalmır. Donetsk və Luqanska baş çəkən "Batkivşşina"nın lideri bu şəhərlərdə Rusiya xüsusi xidmət orqanlarını təmsil edən ayrıca qruplar tərəfindən vahid ssenarinin həyata keçirildiyi qənaətinə gəlib. Bununla yanaşı, Timoşenko Donetskdə rus dilinin regional dil statusunun qorunub-saxlanmasına çalışacağını, yeni Büdcə Məcəlləsinin qəbulu təşəbbüsü ilə çıxış edəcəyini bildirib. Onun sözlərinə görə, yeni məcəllə regionlara müstəqil büdcə imkanı yaradacaq. Güman ki, bu bəyanat Ukraynanın cənub-şərq hissəsi sakinlərinin simpatiyasını əldə etmək məqsədi güdür. Timoşenko bununla prezident seçkisinin nəticələrinə ciddi təsir göstərə biləcəyini düşünür. 2007-ci ildə keçirilmiş parlament seçkisindən Timoşenko ilə sıx əlaqələrə malik olan R. Axmetovun son hadisələrdəki rolu məhz bu konteksdə kifayət qədər maraqlı təsir bağışlayır.
Regionların büdcə müstəqilliyi (maliyyə müstəqilliyi olan yerdə siyasi müstəqillik də var) haqda bəyanat verən Yuliya Timoşenko Ukrayna böhranındakı xarici tərəflər, daha konkret desək, Rusiya və ABŞ üçün kompromis fiqur ola bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Con Kerri arasında baş tutmuş görüşün nəticələrinin açıqlanmaması da maraqlıdır. Vaşinqtonla Moskvanın Ukraynanın gələcək prezidenti olmağa namizəd və ölkənin federasiyalara bölünməsi haqda razılığa gəldikləri istisna deyil. Hazırkı pat vəziyyətində Ukraynanın federasiyaya çevrilməsi həm ABŞ-a, həm də Rusiyaya geosiyasi qarşıdurmadan minimum nüfuz itkisilə çıxmaqda kömək edə bilər. Doğrudur, tərəflərin hər biri Ukraynaya tam nəzarəti ələ almaq istərdi. Amma necə deyərlər, siyasət mümkün olanı əldə etmək bacarığıdır. Vaşinqtonla Moskvanın Ukraynaya tam nəzarəti ələ keçirmək üçün mübarizəni davam etdirəcəkləri şübhə doğurmur. Hələliksə Avropada Y.Timoşenkonun rəhbərlik edəcəyi daha bir federativ quruluş onları qane edə bilər.
Son dərəcə maraqlı olan daha bir məqam Ukrayna, Aİ, ABŞ və Rusiyanın iştirakı ilə dördtərəfli danışıqların aparılmasına dair razılığın əldə edilməsidir.
Bugünkü vəziyyəti Rusiyanın uğuru kimi qiymətləndirən rusiyalı ekspertlərin fikirlərinin əksinə olaraq, strateji mənada hazırki durum uzunmüddətli perspektivdə Vaşinqton üçün daha sərfəli ola bilər.
Birincisi, Moskva etnik-dini planda ciddi zərbə alır. Aİ və NATO - nun son 15 ildə Şərqə doğru bir neçə mərhələdə irəliləməsi ilə ABŞ slavyan eyniliyi anlayışını dağıdıb. Cənub-Şərqi Avropa ölkələrinin Aİ-yə qəbulundan sonra cənublu və qərbli slavyanlar slavyan xalqlarının ümumi ansamblından kənarda qalıblar. Parçalanmış olsa belə, Ukraynanın itirilməsi isə şərqi slavyan xalqları arasındakı qardaşlığa (ruslar, belaruslar və ukraynalılar) ciddi zərbə olacaq. Üstəlik, Rusiya kimi, Ukrayna da əsasən pravoslavlardan ibarətdir. Yeri gəlmişkən, dini baxımdan Rusiyanın mövqelərinə daha bir ciddi zərbə 2008-ci ilin avqustunda pravoslav Gürcüstanı ilə yaşanmış müharibə olub.
İkincisi, Moskvanın guya postsovet məkanındakı rus və rusdilli əhalinin müdafiəsi məqsədilə apardığı bu siyasət Rusiya ətrafında qeyri-dost atmosfer yaradır. Çünki onlar Moskvanın uydurma bəhanə ilə istənilən qonşusuna qarşı eyni addımı ata biləcəyi təhlükəsi yaranır.
Üçüncüsü, Ukraynada hakimiyyətə ən qatı rusiyapərəst gəlsə belə, Kiyev ərazilərinin itirilməsi ilə barışmayacaq. Bu yerdə dahi mütəfəkkir N. Makiavellinin sözünü xatırlatmaq yerinə düşərdi: "İnsanlar mülkiyyətlərini itirməkdənsə, atalarını itirməklə barışarlar". Ərazi isə istənilən dövlətin mülkiyyətidir və heç bir siyasətçi xalqının, dövlətinin hüquqlarının tapdanması ilə razılaşmaz.
Dördüncüsü, belə vəziyyətin yaranması Aİ və NATO-nun Şərqə doğru daha da genişlənməsi işində Vaşinqtonun əl-qolunu açır və mövqelərini gücləndirir. Odur ki, gələcəkdə Amerika Gürcüstan və Ukraynanın hətta ərazilərinin bir hissəsini itirmələrinə rəğmən, bu qurumlara qəbulu təşəbbüsü ilə çıxış edə bilər. Bundan başqa, bu, son zamanlar Rusiya təhlükəsiilə bağlı yekdil fikrin mövcud olmadığı Avropanın səfərbər olunmasına kömək edə bilər. Bütün bunları nəzərə alsaq, NATO-nun baş katibi A.F. Rasmussenin son bəyanatının heç də təsadüf olmadığı üzə çıxır: Rasmussen hesab edir ki, Avropada meydana gəlmiş yeni strateji vəziyyət və qitənin şərqində yaşananlarla əlaqədar olaraq, alyans üzvlərinin müdafiə xərclərini artırması vacibdir.
Mənbə:Milli.Az