Tofiq düşmənə təslim olmadı, özünü ermənilərlə birlikdə partlatdı.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, “Mixaylo” kimi tanınan mayor Tofiq Hüseynovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Tofiq Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulub. 1961-1971-ci illərdə burada məktəbə gedib. 1974-cü ildə sovet ordu sıralarına çağırılıb, 1976-cı ildə ordudan tərxis olunub.
1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra komandir təyin edilib. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular. Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir.
Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası “Alazan” qurğusu partladılıb, ferma darmadağın edilib. Tofiq burada on erməni yaraqlısını əsir götürüb. El oğlunun adı cəbhə boyu dolaşdı. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilib. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevralda oldu, əsrin ən böyük soyqırımlarından olan bu hadisə törədilən zaman o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilib. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi, son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı. O, həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu...
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Mənbə:oxu.az