Qadin.NET / Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda

Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda


Belə görünür ki, biz, doğurdan da, Dədə Qorqud nəsliyik. Xüsusən də son zamanlar qan yaddaşımız yaman oyanıb: hamı məsləhət verir. Biri qonum-qonşuya, biri iş yoldaşlarına, biri ictimai nəqliyyatdakılara. Fikir vermisinizsə, belə verilişlərin sayı da artıb. Bir də görürsən yaşı altmışı keçmiş bir arvadı cavan uşaq-muşaq qoyub qabağına, əriylə nətər yola getməyi öyrədirlər. Yəni məsləhət verirlər. Amma biz bu məsələyə qarşı çıxa bilmərik. Çünki atalarımız da deyib ki, məsləhətli don gen olar. Üstündən onu da deyiblər ki, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar.
Facebook bu sarıdan cəmiyyətimizin indiki durumunun çox aydın güzgüsüdür. Açın baxın, hamı bir-birinə məsləhət verir. Hamı ağıllı statuslar paylaşır, filosofların fikirlərindən, müdrik xalqların aforizmlərindən istifadə edir. Bu, bir tərəfdən pis deyil. Amma bir tərəfdən də bu Facebook yaman təhlükəli yerdir. Əvvəllər adamlar yüz pəstahadan çıxardılar, yüz yalan danışardılar, birinin də üstü açılmazdı. İndi bir balaca ayağın büdrədi və ya kiçicik bir mübaliğəyə yol verdin, biabır olursan. Buna xalq arasında “quş buraxmaq” da deyirlər. Gərək Facebook-da danışığına fikir verəsən, yüz ölçüb-bir biçəsən, “quş buraxmayasan”.
Məsələn, kefin kökdür, başlayırsan Facebook-da keçmişi xatırlamağa. Yazırsan ki, mən filan vaxtı bir yazı yazmışdım, əlin dinc durmur yazırsan ki, filankəs də o yazını yaman bəyənmişdi... Bir də görürsən bir mərdimazar şərh yazdı ki, niyə yalan deyirsən, filankəs heç vaxt sənin yazılarını bəyənməyib. “Sübutalnı” dirənir üzünə, beş-altı nəfər də qoşulur ona, dörd-beş nəfər də səni müdafiə edir, məsələ şişir. Səhər açırsan saytları, gündəmdəsən. “Filankəs facebook-da biabır oldu”, “Yalan danışdı, üstü açıldı”, “Yalan ayaq tutar, yeriməz” və sairə başlıqlar altında dünənki haqq-hesab cəmi ölkə əhlinə əyan edilib. Bundan sonra yaşa görüm, nətər yaşayırsan?
 
Belə bir hadisə də bu günlərdə Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin müavini Nurəddin Məmmədlinin başına gəlib. Allah düşmənimə də göstərməsin, kişi biabır oldu, durdu orada. Yəqin məsələdən halisiniz. Amma hər halda jurnalistika dəqiqlik tələb edir deyə, hal-qəziyyəni yazırıq. Nurəddin Məmmədli öz Facebook profilində bir status paylaşıb. Yazıb ki... Burada şəkili kimi məni gülmək tutur, qoy gülüm qurtarım, sonra yazım.... Hə, yazıb ki, bəs Ukrayna hökuməti vaxtında Əli Kərimlinin məsləhətinə qulaq assaydı, indi belə durumda qalmazdı.
Baaaa, Facebook əhli götürüb kişini hoydu-hoduya, nə götürüb. Nə isə, ta onun bu iki gündə başına gələnlər heç kafirin də başına gəlməsin. Hərə bir məsləhətxana açıb, hərə bir zarafatxana açıb, hərə bir siyasətxana açıb. Sən nə kollajlar, nə montajlar gördün bu iki gündə, Nurəddin Məmmədli... Ta bircə o qaldı yazsınlar ki “Bütün dünya bu kişidən danışır”... Ya da ki, “Təzə doğulan körpəyə Məsləhət adı qoydular”... Yenə yaxşı qurtarmısan, şükür elə.
Mən bilmirəm Əli Kərimlinin, doğrudan, Ukrayna hökumətinə məsləhət verib, ya yox, amma Allah şahiddir ki, onun özünü məsləhətə əşhədü-ehtiyacı var.
Vaxtında ona məsləhət verən olsaydı və o, özünə vurğunluğundan əl çəkib, bir balaca məsləhət eşidən olsaydı, partiyasını, müxalifət düşərgəsini indiki duruma salmazdı. Şükürlər olsun Yaradana ki, məsləhət məsələsində əlimizi qoltuq cibimizə salası döyülük. Atalaramız düzüb-qoşub, deyib, hazır qoyub gedib sonrakı nəsillərə.
Məsələn, Əli Kərimli ona etibar edilmiş, əmanət verilmiş partiyanın içərisində “Yurd” firqəsini yaradanda gərək birisi ona məsləhət verəydi ki, ev içində ev olmaz. Yaxud da halal çörəyə haram qatmaq, əmanətə xəyanət etmək olmaz.
Sonradan Əbülfəz Elçibəyin başına olmazın oyunlar açanda yenə qeybdən bir səs ona məsləhət verməli idi ki, çörək verən əli kəsməzlər və ya şairin sözləri ilə desək, alma məzlumun ahın...
Partiyanı parçalayında “dirilik birlikdədir” məsəlini gərək çəkəydilər ona. Xarici təşkilatlardan aldığı qrantları tək yeyib, ətrafındakıları ac qoyanda gərək bir cəsarətli insan tapılaydı onun üzünə desin ki, çörək verməzsən, çörək yeməzsən.
Hər dəfə qəlbən nifrət etdiyi İsa Qəmbərlə yalançı müttəfiqliyə girəndə gərək ona məsləhət verəydilər ki, qarı düşmən dost olmaz.
 
Nə isə, vaxtında bu məsləhətlər ya verilməyib, ya da Əli Kərimli onlara qulaq asmayıb. Amma indi heç olmasa, bir dəfə məsləhətə qulaq assa, zənnimcə, çox böyük qazanc etmiş olar. Bu da ondan ibarətdir ki, Rəsul Quliyevin yanından məhz həddən artıq təəssübkeşlik etdiyi üçün, tez-tez “barıtı artıq etdiyi" üçün uzaqlaşdırılmış birisini çox yaxın buraxmasın. Yoxsa onun yanlışlıqlarına görə tez-tez gülünc vəziyyətə düşə bilər. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Bizdən deməkdir, yenə məsləhət özünündür...
 
Qızılgül Abdinova
Mənbə:Milli.Az

19 aprel 2014
GO BACK