Qadin.NET / Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılıb

Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılıb




 

Tanınmış ictimai-siyasi xadim, istedadlı qələm ustası Rza Quliyevin anadan olmasından 100 il keçir

Azərbaycan milli jurnalistikasının parlaq nümayəndələrindən biri, publisist, ictimai xadim, Böyük Vətən müharibəsi illərində agentliyimizə rəhbərlik etmiş Rza Quliyevin anadan olmasından 100 il keçir. Bəs bugünkü nəsil, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri paytaxtımızın mərkəzindəki küçələrdən birinə adı verilmiş Rza Quliyevin kim olduğunu bilirmi? Şəxsən mən Rza Quliyevi tanımırdım, çünki mən jurnalistika aləminə gələndə onun vəfatından iki il keçmişdi. Lakin bu peşəyə mənsub olmağıma görə özümü borclu hesab etdiyim müəllimlərimdən onun adını dəfələrlə eşitmişdim. Onlar Rza Quliyev haqqında böyük qələm ustası, bacarıqlı təşkilatçı, özünə və başqalarına qarşı tələbkar rəhbər, əsl vətənpərvər, novator, mədəniyyət və incəsənət sərrafı, incə qəlbli, həssas bir insan kimi danışırdılar. 

Rza Quliyevin tərcümeyi-halı keçən əsrin mühüm hadisələrini parlaq şəkildə əks etdirir. Bu istedadlı jurnalist ölkəmizin Rusiya imperiyasının tərkibinə daxil olduğu dövrdə - 1914-cü il aprelin 20-də Ağdam rayonunda anadan olmuşdur. Onun 45 illik jurnalist və ictimai-siyasi xadim yolu 1932-ci ildə, jurnalistlərin çoxu kimi rayon qəzetindən başlanır. İşləyə-işləyə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində oxuyan Rza Quliyev jurnalist peşəsinin əlifbasını öyrənirdi. Bakıya köçəndən sonra Rza Quliyev “Gənc işçi” qəzetində, daha sonra “Kommunist maarifi” qəzetində işə düzəlir. Hələ çox gənc ikən ovaxtkı Azərbaycanın ruporu sayılan “Kommunist” qəzetində işləməyə başlayır. Bu redaksiyada məsul katib, redaktor müavini vəzifələrində işləmiş Rza Quliyevə Böyük Vətən müharibəsi illərində yüksək etimad göstərilir, çox məsul bir iş – redaktor vəzifəsi tapşırılır. Rza Quliyev insanlarda ruh yüksəkliyi yaratmaq, onları fədakar əməyə sövq etmək üçün qəzet materialları hazırlanmasına Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Əhməd Cəmil, Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, Heydər Hüseynov kimi tanınmış şairləri və yazıçıları, alimləri və filosofları cəlb edirdi.

Ağır müharibə illərində Azərbaycan xalqının böyük məhəbbətlə sevdiyi, hörmət bəslədiyi bu nüfuzlu nümayəndələrinin vətənpərvərlik ruhunda parlaq çıxışları insanlara ruh yüksəkliyi, faşist Almaniyası üzərində qələbəyə inam hissi aşılayırdı. Rza Quliyev yaxşı başa düşürdü ki, onun üzərinə xüsusi məsuliyyət düşür. Qəzet müharibə şəraitində çıxırdı, onun səhifələrində mütəmadi olaraq operativ materiallar dərc edilir, Azərbaycanın oğul və qızlarının cəbhədə igidliklərindən, cəbhəni zəruri yanacaqla təmin edən neftçilərin arxa cəbhədə gərgin işindən bəhs edən materiallar dərc edilirdi. Qəzetə əlavə kimi buraxılan “Təşviqatçının dəftərçəsi” ön cəbhəyə də göndərilirdi ki, azərbaycanlı döyüşçülər düşmən üzərində qələbənin yaxınlaşdırılması üçün Azərbaycanda görülən işlərdən xəbər tutsunlar. Yaradıcı işçilərdən ibarət briqadalar da ön cəbhəyə göndərilirdi. Rza Quliyev, Azərbaycan ədəbiyyatının parlaq nümayəndələri Mir Cəlal və Mirzə İbrahimov da əyinlərinə hərbi forma geyinərək belə briqadaların birinə daxil oldular. Mənfur düşmənlə cəbhələrdə vuruşan azərbaycanlı döyüşçülərlə görüşlərdə onlar qələbə gününü yaxınlaşdırmaq üçün yorulmadan çalışan xalqımızın əmək nailiyyətləri barədə danışırdılar.

Böyük Vətən müharibəsi illərində 1941-ci ilin sentyabr ayından 1946-cı ilin may ayına qədər Sovet İttifaqı İran ərazisində öz qoşunlarını saxlayırdı. O vaxt Rza Quliyevə xüsusi tapşırıq verilmişdi: 1944-1946-cı illərdə üç dildə - Azərbaycan, rus və fars dillərində çıxan “Vətən uğrunda” adlı ordu qəzetinə rəhbərlik etmək. Rza Quliyevin şagirdi, istedadlı jurnalist Rəşid Mahmudov onun haqqında xatirələrində yazır ki, Rza Quliyev sovet xalqının böyük qələbəsinə töhfə verməsinə görə fəxr edirdi.
Təbrizdən qayıdandan sonra Rza Quliyev o vaxt AzTAQ adlanan Azərbaycan Dövlət Teleqraf Agentliyinə rəhbərlik edir. Müharibədən sonrakı illərdə bütün ölkə yenidən qurulurdu, yeni dövr başlanırdı. Belə dönüş dövründə Dövlət Teleqraf Agentliyinin rəhbəri vəzifəsinə məhz Rza Quliyev kimi - zamanın sınağından çıxmış istedadlı, yorulmaz jurnalisti, bacarıqlı təşkilatçısını təyin edə bilərdilər. O, AzTAQ-a rəhbərlik etdiyi dövrdə həmin illərdə respublikamızda sayı çox az olan milli kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi.

Sonra bir müddət Azərbaycan KP MK-nın orqanı olan “Təşviqatçı” – “Agitator” jurnalına rəhbərlik edir, daha sonra yenidən o vaxt Azərbaycanın əsas qəzeti sayılan “Kommunist” qəzetinin redaktoru vəzifəsində çalışır. İstedadlı jurnalist və publisist Rza Quliyev eyni zamanda bir neçə il ərzində Moskvada çıxan “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur.

Rza Quliyev Azərbaycan jurnalistikasının inkişafı üçün çox iş görmüşdür. Rəşid Mahmudov yazır: “Mənim 45 illik jurnalist bioqrafiyamın 20 ili “Kommunist” qəzetində işlədiyim vaxta düşmüşdür. Sonradan bu nəşrin redaktoru olmuşam. Bu, ilk növbədə onun sayəsində oldu ki, bu peşəni mənə Rza Quliyev öyrətmişdir”.

Rza Quliyevin digər şagirdi Kazım Ələkbərov “Gözəl insan, görkəmli jurnalist” sərlövhəli məqaləsində yazır: “Onun redaktor olduğu illərdə redaksiyanın yaradıcı heyəti gənc, istedadlı jurnalistlər hesabına xeyli möhkəmləndi, qəzetin səhifələrinə yeni mövzular çıxarıldı. Qəzetin keyfiyyəti yaxşılaşdı, tirajı artdı. Redaktor qəzetin tərtibatına diqqəti artırdı. Redaksiyaya istedadlı gənc fotomüxbirlər, rəssamlar cəlb olundu”.
K.Ələkbərov vurğulayır ki, Rza Quliyev hamıya eyni cür yanaşırdı – ciddi və eyni zamanda qayğıkeş idi, tənbəlləri xoşlamırdı, tələb edirdi ki, jurnalistlər hadisələrin içində olsunlar.

Rza Quliyevin digər şagirdi, jurnalistika fakültəsində mənim müəllimim olmuş yazıçı-jurnalist Nurəddin Babayevin xatirələri də çox maraqlıdır. O yazırdı ki, Rza Quliyev zəngin təcrübəsini redaksiyanın jurnalistləri ilə səxavətlə bölüşürdü. Bir jurnalist kimi R.Quliyev həm qəzetin məzmununa, həm də onun tərtibatına xüsusi fikir verərdi. Rza müəllimdə hadisələrin axarını qabaqcadan duymaq qabiliyyəti var idi. Onun yazdığı məqalələrdə qaldırılan məsələlər çox keçməmiş mühüm partiya və dövlət qərarlarında öz əksini tapırdı. Onun həyatı bu günün jurnalistləri üçün örnək olmalıdır. O, həmişə deyərdi: “Sən vəzifəni yox, vəzifə səni axtarmalıdır. Vəzifə səni deyil, sən vəzifəni şöhrətləndirməlisən”.

Bir vaxtlar onunla işləyənlərin hamısı öz xatirələrində qeyd edirlər ki, Rza Quliyev nə qədər ciddi idisə, bir o qədər də ədalətli, xeyirxah insan idi, özü də bu xeyirxahlıq üzəvarı deyil, onun daxilindən gələn həqiqi hisslər idi.

Rza Quliyev Azərbaycan jurnalistikasının tarixinə və nəzəriyyəsinə, respublikanın ictimai-siyasi və mədəni həyatında bu gün də aktual olan məsələlərə həsr edilmiş 20-dən çox kitabın müəllifidir.

Gənc, istedadlı və perspektivli jurnalist bir müddətdən sonra partiya işinə irəli çəkilir – onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri təyin edirlər.

1948-ci ildə Rza Quliyev Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin rəyasət heyətinin sədri vəzifəsinə təyin edilmiş, düz 27 il bu vəzifədə işləmişdir. Moskvada yaxşı əlaqələri olan, xarici ölkələrlə mədəni əlaqələri bacarıqla nizamlayan Rza Quliyev çalışırdı ki, ölkəmizi hər yerdə çox tanısınlar, dünyanın qədim xalqlarından birinin mədəniyyəti və incəsənəti haqqında həqiqəti bilsinlər. Bir sıra ölkələrdə səfərlər zamanı o, öz ictimai işini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi, özü ilə respublikamızın həyatı, Azərbaycan xalqının mədəniyyəti, tarixi haqqında materiallar aparırdı. Həmin materialları bu ölkələrin kütləvi informasiya vasitələrinə təqdim edir, orada dərc etdirir, beləliklə, Azərbaycanı bütün dünyada populyarlaşdırır və təbliğ edirdi.

Bu vəzifədə o, beynəlxalq mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfə vermişdir. Rza Quliyevin sayəsində bu cəmiyyət kiçik bir təşkilatdan beynəlxalq əhəmiyyətli nüfuzlu quruma çevrilmişdir. Onun həmin quruma rəhbərlik etdiyi dövrdə bir sıra xarici dövlətlərlə Azərbaycanın əlaqələri genişlənmişdir. Rza Quliyevin səyləri sayəsində xarici ölkələrdə - Avropa və Asiya dövlətlərində, hətta uzaq Kuba və Meksikada tez-tez Azərbaycan mədəniyyəti dekadaları keçirilirdi. Bu dekadalarda iştirak edən geniş nümayəndə heyətlərinin tərkibinə daxil edilən Azərbaycan mədəniyyətinin və incəsənətinin ən layiqli nümayəndələri xalqımızın mədəniyyətini bütün dünyaya nümayiş etdirirdilər. Azərbaycan incəsənət ustaları ən məşhur konsert zallarında çıxış edir, Azərbaycan rəssamlarının və fotoqraflarının əsərləri dünyanın tanınmış sərgi salonlarında nümayiş etdirilirdi.

Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin keçmiş işçiləri Rza Quliyevi belə xatırlayırlar: “O, zahirən çox sərt, əslində isə olduqca sadə, təvazökar, qayğıkeş və mədəni adam idi. İşçilərinin qeydinə qalmaq onun əsas meyarı idi, onlar üçün nə mümkündürsə edirdi. Rza Quliyev çox humanist və öz xalqını sevən adam idi. Buna görə də çoxlu dostları vardı. Bizim cəmiyyətə kimlər gəlmirdi – Əliş Ləmbəranski, maestro Niyazi, Şəmsi Bədəlbəyli, Şəfaət Mehdiyev, Abbas Zamanov, Əlisöhbət Sumbatzadə, Rəşid Behbudov, Nəcməddin Əhmədov və başqaları... Rza Quliyev çay süfrəsi başında söhbət etməyi sevirdi, milli şirniyyatlarımızı çox xoşlayırdı”.

Rza Quliyevin oğlu Ramiz müəllim lütfkarlıq göstərərək məni atasının yaşadığı evə dəvət etdi. Bu mənzildə keçən illərin aurası hələ də duyulur. Bu evin qapıları qonaqların üzünə həmişə açıq olub. Akademiklər Mustafa Topçubaşov, Həsən Əliyev, Mirməmməd Cavadzadə, jurnalist və alim Nəsir İmanquliyev, yazıçı Əli Vəliyev, bəstəkarlar Arif Məlikov və Fikrət Əmirov, dahi ifaçılar Rəşid Behbudov və Zeynəb Xanlarova, rəssam Hüseyn Əliyev, şair Teymur Elçin və Azərbaycan ziyalılarının bir sıra digər parlaq nümayəndələri bu qonaqpərvər evə gələrdilər. Mənzilin divarlarında çoxsaylı rəngkarlıq əsərləri görəndə maraqlandım: “Sizlərdən kimsə rəssamdır?”. Ramiz Quliyev cavab verdi ki, bu əsərləri Azərbaycan rəssamları onun atasına hədiyyə ediblər. Həmin rəsm əsərləri arasında Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Tahir Salahov və digər görkəmli Azərbaycan rəssamlarının işləri də vardır.

Rza Quliyev dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, vətən qarşısında xidmətlərinə görə orden və medallara, habelə xarici ölkələrin orden və medallarına layiq görülmüş, iki dəfə Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı ilə təltif edilmişdir. Sovet Sülhü Müdafiə Komitəsinin üzvü, SSRİ Jurnalistlər İttifaqının üzvü, SSRİ Xalqlarının Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin rəyasət heyətinin üzvü idi.
Rza Quliyev 1977-ci il iyunun 4-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Hələ neçə onilliklər keçəcək, lakin Rza Quliyevin Azərbaycan jurnalistikasının və ictimai-siyasi həyatının tarixinə qızıl hərflərlə yazılmış adı Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Hələ jurnalistlərin neçə nəsli Azərbaycan jurnalistikasının tarixinə və nəzəriyyəsinə dair Rza Quliyevin yazdığı kitab və dərsliklərdən bəhrələnəcəklər.

Mənbə:Milli.Az

 



 

18 aprel 2014
GO BACK