“İntizam Komitəsinin son qərarı, həqiqətən, gülməlidir”.
Milli.Az xəbər verir ki, bunu apasport.az saytına “Neftçi” klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadədeyib.
AFFA-nın İntizam Komitəsi bu gün keçirdiyi iclasda “Neftçi” klubunu cəzalandırıb. “Rəvan”la ölkə kubokunun ilk yarımfinal matçından sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin edilmədiyi üçün “ağ-qaralar” 5 min manat cərimə ödəməlidir.
İntizam Komitəsinin qərarına etiraz edən Abbaszadənin fikrincə, buna haqq qazandırmaq mümkün deyil: “Kim olub orada kənar şəxs? Klub prezidenti, icraçı-direktoru, mətbuat xidmətinin əməkdaşları? Qoy matçın AFFA nümayəndəsi və hakim-inspektoru açıqlasın ki, kim idi orada kənar şəxs? Bəs təmiz penaltini verməyən hakimin cəzası nə olacaq? Açıqlasınlar də... Açıqlasınlar ki, Rauf Cabbarova nə cəza veriləcək? İntizam Komitəsi cari mövsüm ərzində komandamıza qarşı çıxardığı qərarlara diqqətlə baxsın. Qərarı ikili standartlarla verirlər. “Neftçi” cəzalandığı halda, eyni hərəkətə görə digər klublara göz yumulub”.
Klub rəsmisi bildirib ki, İntizam Komitəsinin qərarı ilə bağlı Apellyasiya Komitəsinə şikayət edəcəklər.