Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyinin növbəti günü Azərbaycan idmançıları üçün uğurlu olub.
Milli.Az xəbər verir ki, Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadəyarışda ikinci qələbəsini qazanıb. Boksçumuz bu dəfə kanadalı Adrian Halfordu məğlub edib – 3:0. Həmyerlimiz 1/8 finalda Özbəkistan nümayəndəsi Abdulkay Şaraxmatovla qarşılaşacaq.
91 kq çəki dərəcəsində yarışan Şükran Mehdiyev isə dünya birinciliyində ilk döyüşünü keçirib. Milli komandamızın üzvü norveçli Yonas Soenstebini çətinliklə üstələyib – 2:1. Mehdiyev 1/8 finalda Türkiyə idmançısı Məhəmməd Aydınla üz-üzə gələcək.
Superağır çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Tahirov da Sofiyada ilk qələbəsini qazanıb. Boksçumuz litvalı Dovidas Sernası mübarizədən kənarlaşdırıb – 3:0. Tahirov 1/8 finalda Türkiyə boksçusu Eren Uzunla görüşəcək.
Bu gün dünya birinciliyində daha iki boksçumuz rinqə çıxacaq. Günorta proqramında Şamil Əliyev (75 kq) erməni Gevorq Petrosyanla qarşılaşacaq. Axşam isə gənclər arasında Avropa çempionu Cavid Quliyev (64 kq) Qazaxıstan təmsilçisi Ayan Kalibekovla döyüşəcək.
Mənbə:Milli.Az