Bismilləhir-Rahmənir-Rahim!Qadının həqiqi dəyəri, həqiqi ana kimliyi və həqiqi qadın günü - Həzrət Fatimeyi Zəhranın (s.ə) mübarək mövlud günləri astanasındayıq. Bütün dünya müsəlmanlarını mübarək mövlud münasibətilə səmimi qəlbdən təbrik edirik.
Bəşəriyyətin fikrində qadına münasibətdə inqilab
Həzrət Zəhranın (s.ə) həqiqi kimliyini, həqiqi məqamını tanımaq istəyən gərək tarixə baş vursun. Burada Məkkə və Mədinə tarixinə nəzər salmağa xüsusi ehtiyac yoxdur. Belə ki, Məkkə-Mədinədə Həzrət Zəhranın (s.ə) əməli kimliyi aşkar surətdə görünür. Burada “Həzrət Zəhra (s.ə) kimdir?” sualının cavabı aydın şəkildə göz qabağındadır. Bizim üçün maraqlı olan tarix isə - dünya tarixidir. İslamda qadın simvolu olan Həzrət Zəhra (s.ə), dünya tarixində nə böyüklükdə təsir qoyub?! Qadın azadlığı, qadına hörmət, qadının irəlidə getməsindən danışan dünyanın bu kimi söhbətləri nə zamandan başlanıb? Bəşəriyyətin fikrində qadına münasibətdə inqilabı kim edib? Hansı mədəniyyət, hansı sivilizasiyadır ki, qadını kişinin şəxsi mülkiyyəti kimi tanımır, əksinə, ən üstün varlığa çevirir? O hansı məktəbdir ki, qadına deyir - “Cənnət anaların ayaqları altındadır”? Qadının torpağa basdırılmasını deyil, qadını şərin mənbəyi deyil, qadını şeytanın (lən) nökəri deyil, qadını insanın Cənnətdən qovulması üçün bir simvol deyil, qadına hətta bəzi üstün ixtiyarlar verilməsinə zəmin yaradan nə olur?
Həzrət Zəhra (s.ə) məqamı nədir?
Yuxarıda sadalanan bütün nailiyyətlərin kökündə mübarək dinimiz - İslam durur. Mübarək dinimizin bəşərə etdiyi xidmətləri başa düşmək üçün gərək on dörd əsr bundan əvvəl mövcud olan dünyaya bir nəzər salaq. Dünya nə halda idi və İslam gəlib nə edir? Həzrət Rəsulun (s) bağında Həzrət Zəhra (s.ə) kimi bir mənəviyyat və şəxsiyyət bəhrəsi yetişir ki, bəşər bu günəcən qadına hələ də o dərəcədə qiymət verə bilməyib. İslam gələn zaman Avropanın nə vəziyyətdə olması göz qabağındadır. O zaman qadına münasibətin necə olması hamıya bəyandır. Lakin İslam gəlir, bildirir ki, nəinki qadına sadəcə hörmət olunmalıdır, əslində qadının məqamı olduqca üstün tutulmalıdır. İslam bəyan edir ki, qadınların simvolu olan Zəhra (s.ə) - İlahi qəzəbin və ya İlahi məhəbbətin meyarıdır. Bu, nə deməkdir? O deməkdir ki, İslam məntiqinə görə, qadın öz müstəvisində o qədər ucala bilər ki, bir vaxtlar torpağa basdırılan, insanların özləri üçün ar bildiyi qadın, Zəhra (s.ə) məqamına çata bilər. Bu, elə bir məqamdır ki, əgər Həzrət Zəhra (s.ə) kiməsə qəzəblənsə, Rəsul (s) ona qəzəblənər. Və əgər Rəsul (s) bir kəsə qəzəblənərsə, Allah ona qəzəblənər. Bunun əksi isə budur ki, hər kimi Həzrət Zəhra (s.ə) sevərsə, İslam Peyğəmbəri (s) onu sevər. Hər kimi Rəsul (s) sevərsə, Allah da onu sevər.
Həzrət Zəhra (s.ə) - İlahi meyarın misdaqıdır
Firqəsindən asılı olmayaraq, vicdanı olan hər bir kəs bunu təsdiqləyir ki, Həzrət Zəhra (s.ə) - İlahi meyarın təzahürüdür. Yəni Zəhranın (s.ə) sevgisini qazanmış şəxs - Allahın sevgisini qazanır. Zəhranın (s.ə) qəzəbini qazanan şəxs - Allahın qəzəbini qazanıb. İslam qadını o qədər ucaldır ki, qadın İslam nəzərində Xəlifətullah olur. Qadın İslam nəzərində elə bir fərdə çevrilir ki, ən ali, ən kamil məqam ona mənsub olur. Qadın öz əməli, öz təqvası, öz imanı, öz əxlaqı, Rəbb qarşısında bəndəçiliyi ilə son dərəcə yüksək yerlərə çatır. İslamın nəzərində qadın, Zəhra (s.ə) timsalında bu qədərlərədək ucala bilir.
Həzrət Zəhra (s.ə) - Peyğəmbərin (s) tanıtdığı ən kamil insandır
Həzrət Zəhranın (s.ə) məqamını ən gözəl şəkildə əlbəttə ki, Həzrət Rəsulallah (s) çatdıra bilər. Əziz İslam Peyğəmbəri (s) buyurur: “Fatimə (s.ə) - dünya və Axirət xanımlarının seyyidəsidir”. Yəni xanım, dünya və Axirətdə öz üzərində həqiqi xanımlıq simasını daşıyan bütün qadınların rəhbəri və ağasıdır. Xanım Fatimeyi-Zəhra (s.ə) onlar arasından ən kamildir.
Digər bir yerdə Həzrət Rəsulallah (s) buyurur: “Fatimə (s.ə) mənim üçün insanların ən əzizidir”. Rəsul (s) üçün ən əziz insan kim ola bilər? Onun üçün əlbəttə ki, ən əziz insan - Allah yanından ən kamil insandır. Qadına verilən məqam budur. Rəsulallah (s) buyurur: “Fatimə (s.ə) - dünya qadınları arasında parlaq bir ulduzdur”. Yəni Həzrət Fatimə (s.ə) - hidayət çırağıdır. Xilas olmaq istəyən gərək Zərha (s.ə) nuruna, Zəhra (s.ə) çırağına tərəf gəlsin.
Hər cümə həsrətlə intizarını çəkdiyimiz əziz Mövlaya (ə.f) çox mübarək bir buyuruşu nisbət verirlər. Mövlamız Həzrət Məhdi (ə.f) buyurur: “Allahın Rəsulunun (s) qızı mənim üçün gözəl bir nümunədir”. O kəs ki, qəlblər onun intizarındadır və o kəs ki, ürəklər onun gəlişinin həsrəti ilə döyünür, onun məntiqində insanlığa ən gözəl nümunə - Həzrət Fatimədir.
Toy günü Xanım Zəhranın (s.ə) axirət narahatlığı
Həzrət Zəhranın (s.ə) öz buyuruşularına nəzər salmaqla da onu tanımaq üçün böyük fürsət yaranır. Xanımın (s.ə) çox mübarək bir cümləsi var. Toy günü Həzrət Əli (ə) Xanımı (s.ə) çox nigaran halda görür. Bunun səbəbini soruşur. Xanım (s.ə) buyurur: “Ömrümün qurtaracağı anı yadıma saldım, özüm haqqında düşündüm. Yadıma saldım ki, bir gün ömrüm sona çatacaq və mən qəbrə gedəcəm. Necə ki, bu gün atam evindən sənin mənzilinə köçmüşəm, bir başqa gün bu mənzildən qəbir və Qiyamət mənzilinə tərəf köçəcəyəm...” Xanım Zəhranın (s.ə) nəyə görə Zəhra (s.ə) olması elə bu mübarək cümlədən anlaşılır. Xanım Zəhra (s.ə) hər an Allahın dərgahına qayıdacağı anı düşünür. Hər bir kəs - pis iş törədənlər də, fəsad edənlər də, min cür cinayətə qol qoyanlar da bir gün Allahın dərgahına qayıdacağını əslində bilir. Lakin onlarla Zəhranın (s.ə), Zəhra (s.ə) sevərlərin fərqi bundadır ki, Zəhra (s.ə) və Zəhra (s.ə) sevənlər öz vəziyyətlərini hər an düşünürlər. Fikirləşirlər ki, bir gün bu dünyadan köçəcəklər və həyatlarını buna uyğun tərzdə yaşayırlar.
Xanım Zəhra (s.ə) - Allahın açıq-aşkar höccəti və dəlilidir
Həzrət Zəhra (s.ə) öz dili ilə özünü belə tanıtdırır. Xanım (s.ə) buyurur: “Biz Rəsulun (s) Əhli-beyti (ə) Allahla məxluqatı arasında bir vasitəyik. Biz Əhli-beyti (ə) Allah Təala Özü ilə məxluqatı arasında bir vasitə qərar verib. Biz Allahın seçilmiş bəndələriyik. Biz, müqəddəslik məqamındayıq. Biz, Rəbbin açıq-aşkar dəlilləri və höccətləriyik. İlahi peyğəmbərlərin (ə) varisləriyik”. Heç bir kəs deyə bilməyəcək ki, mən xilas olmağın yolunu bilmədim. Həzrət Zəhra (s.ə) - Allahın açıq-aşkar höccəti və dəlilidir. Yüz iyirmi dörd min peyğəmbərin (ə) bütün kamalları, bütün alilikləri, bütün ucalıqları, bütün kəramətləri Həzrət Zəhrada (ə), Həzrət Əlidə (ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyndə (ə) cəmləşib. Yüz iyirmi dörd min peyğəmbərin (ə) varisləri onlardır. Onlar yüz iyirmi dörd min bağbanın yetişdirdikləri təbərrüklərdir. Belə olur ki, Həzrət Zəhranın (s.ə) qəzəbinə gələnlər, Rəbbin qəzəbinə gəlir. Belə bir fərdin razılığın qazanan şəxs Allahın razılığını qazanır.
Son anında belə Peyğəmbər (s) irsini yaşadır
Həzrət Zəhranın (s.ə) Peyğəmbərin (s) vəfatından sonra ümmətə keçdiyi dərslər xüsusi önəm kəsb edir. Son anında belə Xanım (s.ə) atasının irsini canlandırır, onu yaşadır. Peyğəmbərin (s) vəfatından sonra Bilal artıq azan verə bilmirdi. Bir gün Bilala xəbər çatır ki, Rəsulun (s) bədəninin bir parçası, Rəsulun (s) ən çox sevdiyi bir kəs, Peyğəmbərin (s) qəlbinin meyvəsi onun “Allahu əkbər” sədalarını eşitmək istəyir. Həzrət Zəhra (s.ə) atasının müəzzininin səsini duymaq istəyir. Bu zaman Həzrət Zəhranın (s.ə) son anları idi. Bu, sona çatmayan ilk Mədinə azanı idi. Çünki Bilal qorxurdu ki, əgər azan sona çatsa, Həzrət Zəhra (s.ə) artıq dünyadan köçər. Bilal azana başlayır və Mədinə əhli yenidən mübarək sədalara cəm olur. Bilal azanı verib “Əşhədu ənnə Muhəmmədən (s) Rəsulullah” hissəsinə çatanda Bilala deyirlər ki, azanı saxlasın. Çünki, Zəhra (s.ə) huşdan getmişdi.
Xanım Zəhranın (s.ə) hicab dərsi
Həzrət Zəhranın (s.ə) insanlıq üçün qoyub getdiyi ən gözəl hədiyyə - hicabdır. Bir gün bir kor kişi icazə alıb, Həzrət Əlinin (ə) evinə daxil olur. Əziz Rəsulallah (s) kənardan müşahidə edir. Görür, Zəhra (s.ə) ayağa qalxır. Buyurur: “Qızım, bu kişi görmür”. Cavabında Həzrət Zəhra (s.ə) buyurur: “Atacan, əgər o məni görmürsə, mən ki, onu görürəm...” Rəsul (s) bundan sonra qızına buyurur: “Mən şəhadət verirəm ki, sən mənim bədənimin bir parçasısan”. Yəni Həzrət Rəsullallah (s), bəşəriyyətə kamil hicab dərsi keçən qızına deyirdi ki, Zəhra (s.ə) elə onun özüdür.
Göründüyü kimi, Xanım Zəhra (s.ə) hər şeyin fövqündə dayanan ilk məsələ - hicabdır.
Uşaq tərbiyəsinə dair gözəl nümunə
Həzrət Zəhranın (s.ə) uşaq tərbiyəsi indiki dünya anaları üçün çox böyük örnəkdir. Xanım (s.ə) uşaq tərbiyəsindən şeirdən istifadə edirdi. İmam Həsənin (ə) uşaq vaxtlarıdır və Xanım (s.ə) ona müraciət edərək buyurur: “Ey Həsən (ə), atan kimi ol. Haqqın ipindən yapış. Hədiyyə edən Allaha ibadət et. Düşmənlərlə dostluq etmə”. Ana öz uşağına şeir formasında tərbiyə verir, ibrətli dərslər keçir. Əslində ana öz övladına çox dərin mətləbləri hələ uşaq çağlarından çatdırır. Gərək analar Xanım Zəhradan (s.ə) belə gözəl örnəkləri əxz etsin.
Bundan sonra Xanım (s.ə) kiçik oğlu Hüseynə (ə) deyir: “Hüseyncan, sən mənim atam Rəsulallaha (s) oxşayırsan ...” Həzrət Zəhranın (s.ə) həyatı başdan-başa belə incə məsələlərlə zəngindir.
Həzrət Fatimeyi-Zəhranı (s.ə) tanıyaq
Həzrət Zəhra (s.ə) haqqında hədisə diqqət edək. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Fatimə - mənim bədənimin bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir. O şey ki, onu qəzəbləndirir, məni qəzəbləndirmişdir; o şey ki, onu sevindirir, məni sevindirmişdir. O, Əhli-Beytdən mənə qovuşacaq ilk şəxsdir".
Xanım Zəhra (s.ə) insanların hansı əxlaqi meyarlara sahib olmasını vurğulayır. Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: "Sizlərdən ən fəzilətlisi o kəsdir ki, insanlarla ünsiyyətdə daha yumşaq və daha mehribandır. Və ən qiymətliniz o kəsdir ki, xanımına qarşı mehriban və güzəştlidir". Görürük ki, burada həm mülayimlik, mehribanlıq, mədəni münasibətlər yer alır, həm də ailədaxili münasibətlərdə comərdlik, böyükqəlblilik vurğulanır.
Digər hədisdə Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: "Ananın xidmətində durunuz, çünki, behişt anaların ayaqlarının altındadır". Burada isə behiş məqamının anaya münasibətdən asılılığına diqqət çəkilir.
Başqa yerdə Həzrət Fatimeyi-Zəhra (s) öz əqidəvi məqamlarını çatdırır: "Xoşhalam ondan ki, Allah-Təala mənim Pərvədigarımdır və sən, ey ata, mənim Peyğəmbərimsən və əmim oğlu (həzrət Əli) həyat yoldaşım və İmamımdır".
Mənəvi dəyərlərin prioritet rolu haqqında Həzrət Fatimeyi-Zəhradan (s) belə nəql edirlər: "Mən dünyapərəstələrin dünyasını sevmirəm".
Digər hədisdə Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: "Möminlə xoş üzlə görüşməyin mükafatı - behiştdir. Və zalım insanların düşmənləriylə xoş üzlə görüşməyin mükafatı - (cəhənnəm) odunun əzabından hifz olunmaqdır". Burada yenə də mülayim münasibətlərin əhəmiyyəti vurğulanır. Amma yeni bir nöqtə görürük - zalımlarla düşmənçilik edənlərə xoş ünsiyyətin məfkurəvi yükü açıqlanır.
Həzrət Fatimeyi-Zəhradan (s) yenə də nəql edirlər: "O kəs ki, xalis ibadətlərini Allah üçün yerinə yetirər, Uca Allah da əvəzində ən gözəl durumu onun üçün əta edər". Bu mübarək hədisdə ixlaslı ibardətin insanın durumu ilə düz mütənasibliyini görürük.
Allahım, bizləri dünya və axirətdə Xanım Zəhra (s.ə) nurundan ayırma!
Allahım, bizlərə dünya və axirətdə Əhli-beytin (ə) şəfaətini nəsib et! Amin!
Hacı İlqar İbrahimoğlu
Mənbə:Milli.Az