Beynəlxalq rabitə trafikinin tənzimlənməsi və idarə edilməsi dövlətin nəzarətində olacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov nazirliyin I rübün yekunlarına həsr edilmiş kollegiya iclasında deyib.
Onun sözlərinə görə, dövlət telekommunikasiya strukturlarının səs trafiki üzrə inhisarçılığı kənardan birmənalı qarşılanmaya bilər: "Buna baxmayraq, bu, qəbul edilmiş qərar və günün reallığıdır".
Ə.Abbasov müavinlərinə və Rabitə Yüksək Texnologiyalar Nazirliyinin Tənzimləmə şöbəsinə bu məsələni qanuniləşdirməyi və onu həyata keçirməyi tapşırıb.
Nazir qeyd edib ki, bu, "Aztelekom" və "Bakı Telefon Rabitəsi" kimi dövlət operatorlarını inhisarçılıq məsələlərində narahat etməməlidir: "Bu, əlbəttə ki, belə deyil. Trafikin idarə edilməsi məsələsi üzrə qəbul etdiyimiz qərar müvəqqəti xarakter daşıyır və bu məsələ vaxt ötdükcə liberallaşdırılacaq, yəni hər şey bazar iqtisadiyyatının qanunlarına qayıdacaq. Bu gün isə bunu haqlı olaraq qəbul etmək lazımdır".
Onun sözlərinə görə, məsələ növbəti kollegiya iclasınadək (iyulun əvvəli) həll olunmalıdır: "Biz bu məsələni danışıqlar yolu ilə həll etmək istəyirik. Əks halda, biz mövcud qanunvericilik çərçivəsində məhkəmə-huquq tənzimlənməsinə əl atmağa hazır olacağıq. Bu barədə bildiriş Azərbaycanın bütün telekommunikasiya operatorlarına göndərilləcək".
Nazirliyin bu il və növbəti illər üçün qarşısında dayanan əsas vəzifəsi telekommunikasiya infrastrukturunun genişləndirilməsi və hər bir vətəndaşın ondan istifadə edə bilməsinin təmin edilməsidir. Söhbət bütün telekommunikasiya şəbəkələrindən (mobil və stasionar rabitə, internet xidmətlər, televiziya və radioyayım infrastrukturu) gedir.
Ə.Abbasov vurğulayıb ki, Azərbaycanın mobil rabitə sektoru tam özəlləşdirilib ki, bu da çox yaxşı göstəricidir: "Çünki bu, dünya təcrübəsində də iqtisadiyyatın özəl sektorunun nəzarətindədir. Nazirlik mobil operatorlara qarşı tənzimləmə alətlərini kifayət qədər tətbiq etmir və bu seqment üzərində nəzarət istənilən səviyyədə deyil. Hazırda operatorlar arasında müəyyən problemlər mövcuddur, buna görə də bazarda tənzimlənmənin gücləndirilməsinə ehtiyac var. İlin əvvəlində nazirlik kollegiyasının qəbul etdiyi qərar həyata keçirilməlidir. Bizim bunun üçün kifayət qədər hüquqi potensialımız var".
Mənbə:Milli.Az