"Yuventus" klubunun hücumçusu Karlos Tevez Argentina millisindəki sabiq komanda yoldaşı Lionel Messi haqda danışıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Tevez ölkəsinin mətbuatına açıqlamasında Messi ilə aralarında heç bir problemin olmadığını bildirib: "Messi ilə aramızda problemin olmasıyla bağlı xəbərlər haradan qaynaqlanır bilmirəm. Hər kəs belə xəbərlər dərc edir, ancaq bunların heç biri həqiqəti əks etdirmir. Messi ilə aramızda heç bir problem yoxdur. Bizim yığmada yaxşı günlərimiz olub, onunla birgə məşqlər etmişəm və oyunlara çıxmışam. Messi böyük insandır. Qarşıdakı dünya çempionatı onun mundialı ola bilər. "Mançester Yunayted"də birgə oynadığım Kriştianu Ronaldu və Messi hazırda dünyanın ən yaxşı futbolçularıdır".
Qeyd edək ki, 2004-2011-ci illərdə Argentina millisinin şərəfini qoruyan Tevez keçirdiyi 64 oyunda 13 dəfə rəqib qapılarına yol tapıb.
Mənbə: Milli.Az