Qadin.NET / Allah kimdir?

Allah kimdir?

 

Siz hər gün ata-ananızın, nənə-babanızın, müəllimlərinizin dilindən “Allah” kəlməsini eşidirsiniz. Onlar hələ baş verməmiş hadisədən danışanda “Allah qoysa, inşaallah” – deyirlər. Sizi tərifləyəndə “maşallah, Allah saxlasın” – söyləyirlər. Kimə isə təşəkkür etmək istəyəndə “Allah razı olsun, Allah köməyin olsun” sözlərini işlədirlər. Ümidlərini “Allah kərimdir”, xəbərsizliklərini “Allah bilir”, razılıqlarını “Allaha şükür” sözləri ilə ifadə edirlər.
Bəs, Allah kimdir?
Ətrafa nəzər salın. Nə görürsünüz? Sinif otağı, yazı lövhəsi, kitab-dəftəriniz, sinif yoldaşlarınız və s. Pəncərədən həyətə baxın. Səmada Günəş parlayır, buludlar hərəkət edir, ağacların yarpaqları titrəyir. Torpağın üzərini yaşıl otlar örtüb. Ağacların budağında quşlar yuva salıb.
Bütün bunları yaradan və bəsləyən Allahdır. Dünyadakı hər şeyi Allah yaradıb. O, Günəşi, Ayı, Yeri, bütün planetləri və ulduzları xəlq edb, heyvanları və bitkiləri yaradıb. İlk insanı yaradan da Allahdır.
Soruşa bilərsiniz: Axı, oturduğumuz məktəb binasını bənnalar ucaldıb. Əynimizdəki paltarları dərzilər tikib. Oxuduğumuz şeirləri şairlər yazıb, eşitdiyimiz musiqiləri bəstəkarlar bəstələtyib. Həyətdəki ağacları bağban əkib. Mindiyimiz maşınları da zavodlarda fəhlələr düzəldib. Bəs, nəyə görə deyirik ki, hər şeyi Allah yaradıb?
Amma məsələ bundadır ki, dediklərinizin heç biri özbaşına yaranmayıb. Əgər binanı bənna tikibsə, bəs, daşı kim yaradıb? Ağacı bağban əkibsə, ağacın toxumları kim tərəfindən yaradılıb? Maşınlar zavodda yığılırsa, dəmir necə yaranıb?
Demək, hər şeyin ilkin yaradıcısı Allahdır. Allah materialları yaradıb, sonra insanlar bu materiallardan müxtəlif əşyalar hazırlayıblar. Bu əşyaların hazırlanma qaydasını onlara öyrədən də Allahdır. Əgər Allah maşını necə yaratmaq fikrini insanın ağlına gətirməsəydi, maşın necə yaranardı? Əgər Allah insana ağıl və yaddaş verməsəydi, kitablar necə yazılardı? Əgər Allah insana istedad verməsəydi, mahnılar necə bəstələnərdi?
Allah həm də yaratdıqlarını bəsləyir, inkişaf etdirir. Dünyada hər şey dəqiq nizam-intizam əsasında baş verir. Milyon illərdir ki, planetlər dəqiq orbit boyunca Günəş ətrafında hərəkət edir. Heç bir planet o biri ilə toqquşmur. Allah onların hərəkətini nizamlamasaydı, belə olardımı?
Yer üzündə on minlərlə heyvan və quş növü yaşayır. Onlar bir-biri ilə qidalanırlar. Milçəyi qurbağa, qurbağanı ilan, ilanı isə qartal yeyir. Bununla belə, onların heç birinin kökü kəsilmir. Allah hər canlının ruzisini bol-bol yetirir.
Bəs, Allah bütün bunlara necə nail olur? Bir qüvvə bu boyda kainatı necə yaradıb idarə edir?
Allah insanların təsəvvür edə bilməyəcəyi dərəcədə elmli, qüdrətli və mərhəmətlidir. Nə keçmişdə baş vermiş, nə indi baş verməkdə olan, nə də gələcəkdə baş verəcək heç bir hadisə Ondan gizli deyil. Allah istədiyi hər işi həyata keçirməyə qadirdir. Heç nə Ona mane ola bilməz. Allah bütün yaratdıqlarına qarşı sonsuz dərəcədə mərhəmətlidir. Buna görə də onları bəsləyir və ruzilərini yetirir.
Bilin ki, Allahın necəliyini insan tam təsəvvür edə bilməz. Allah cism deyil, Onun eni, uzunu və hündürlüyü yoxdur. Allahın cinsi yoxdur; yəni O, nə kişidir, nə də qadın. Allahın əli, gözü, dili, qulağı yoxdur. Amma O, hər şeyi gözsüz görür; öz yaratdıqları ilə dilsiz danışır; hər şeyi əlsiz yaradır və idarə edir; bütün duaları qulaqsız eşidir. Allahın yeri və məkanı yoxdur. O, cisim olmadığı üçün heç bir məkana yerləşə bilməz. Bununla belə, Allah hər yeri əhatə edir. Kainatda iynə ucu boyda da olsa, elə yer yoxdur ki, Allahın elm və qüdrətindən kənarda qalsın.
Mənbə: Milli.Az

 

17 aprel 2014
GO BACK