Qadin.NET / Dünya əhəmiyyətli tarixi abidələr məhv olmaq üzrədir

Dünya əhəmiyyətli tarixi abidələr məhv olmaq üzrədir

 

Xaçmaz rayonu ərazisində yerləşən və e.ə IV minilliyə aid Sərkərtəpə yaşayış məntəqəsində axırıncı dəfə arxeloji qazıntı işləri 10 il öncə aparılıb. Ötən müddət ərzində dünya əhəmiyyətli abidənin yerləşdiyi ərazi qorunmadığından aşınaraq dağılıb və tarixi nümunələr məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Abidənin yerləşdiyi Sərkərli kəndinin sakinləri bildirirlər ki, aparılan qazıntılar zamanı torpaqdan müxtəlif məişət nümunələri və insan skeletləri aşkarlanıb.Milli.Az Regional TV-yə istinadən rayonun Həsənqala kəndində yerləşən və e.ə III-IV minilliklərə aid tarixi abidələrdə də eyni vəziyyət höküm sürür. Kəndin tarix müəllimi Ağaverdi Qədirov bildirir ki, əraziyə arxeoloqların sonuncu gəlişi 1980-ci illərə təsadüf edir. Qazıntılar zamanı ərazidən quldarlıq dövrünə aid tarixi nümunələr tapılıb.Xaçmazdakı tarixi abidələrdə arxeoloji qazıntıların aparılması üçün AMEA-nın Arxeologiya və Entoqrafiya İnstitutuna dəfələrlə müraciət edilib. Bununla bağlı müsbət cavab alınsa da, işlərin başlayacağı vaxt bəlli deyil. Xaçmaz tarix-diyarşunaslıq muzeyinin direktoru Aqil Əlisultanov bildirir ki, hazırda qazıntıların aparılmaması əlverişsiz hava şəraiti ilə bağlıdır. Onun sözlərinə görə tarixi abidələrin qorunması üçün tədbirlər görülür.Qeyd edək ki, Xaçmaz rayonunda ümumilikdə 72 tarixi və mədəniyyət abidəsi qeydiyyatdadır. Onlardan ikisi - Sərkərtəpə və Canaxırtəpə dünya, digərləri isə ölkə əhəmiyyətlidir.
Mənbə: Milli.Az

 

17 aprel 2014
GO BACK