Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu iqlim dəyişmələrinin gələcəkdə ölkə əhalisinin sağlamlığına hansı formada təsir edəcəyini araşdırmağa başlayıb.
Milli.Az xəbər verir ki, bunu Trend-ə institutun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovdeyib.
Onun sözlərinə görə, tədqiqatlar zamanı Azərbaycanda iqlim dəyişmələrinin müxtəlif xəstəliklərin yayılmasına hansı formada təsir göstərəcəyi öyrəniləcək. Bu tədqiqatlar 2016-cı ildə yekunlaşacaq. Bu təqdiqatların əsasında xəritə hazırlanacaq. İnstitutun bununla bağlı hazırlayacağı təkliflər AMEA tərəfindən Nazirlər Kabinetinə də təqdim ediləcək.
İqlim dəyişmələrinin dünyanın ən mühüm problemlərindən biri olduğunu xatırladan M.Həsənov qeyd edib ki, 2050-ci ilə qədər Azərbaycanda temperaturun yüksələcəyi, yağıntıların miqdarının və havadakı rütubətin azalacağı gözlənilir: "Biz havanın rütubətinin hansı regionda necə dəyişiləcəyini öyrənirik. Tədqiqatlar zamanı xəstəliklərin yayılması arealını müəyyənləşdirərək təkliflər hazırlayacağıq. Burada qeyd ediləcək ki, iqlim dəyişmələrinin təsiri nəticəsində xəstəliklər necə yayılıb və ya necə yayıla bilər".
Mənbə:Milli.Az