Qadin.NET / Baba Pünhanın vəfatından 10 il ötdü

Baba Pünhanın vəfatından 10 il ötdü

 



9 gün komada süni nəfəsvermə ilə saxlanılan şairin ürəyi aprel ayının 17-si süni nəfəsdən imtina edib

Bu gün Azərbaycanın satirik şairi və qəzəlxanı Baba Pünhanın (Mədətzadə Atababa Seyidəli oğlu) vəfatından 10 il ötür. Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində (Kürdəxanı qəsəbəsi) dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb-yaratmışdır.

2000-ci ildə həcc ziyarətinə gedib. Gələndən sonra Mərkəzi Kliniki Xəstəxanada ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).

3 noyabr 2000-ci ildə B.Pünhanın "Acı həqiqət" kitabı işıq üzü görüb.

2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.

2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki..." kitabı oxuculara təqdim olunub.

2004-cü ildə "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək, demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də Mərkəzi Kliniki Xəstəxanada ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o koma vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.

Mənbə:Milli.Az

 

17 aprel 2014
GO BACK