Qadin.NET / Bugünkü evliliklərin ən böyük problemi

Bugünkü evliliklərin ən böyük problemi

Bu gün evlilklərin qısaömürlü olması ilə bağlı müxtəlif səbəblər irəli sürülür. Lakin aparılan araşdırmalara görə, hazırkı evliliklərin ən böyük problemi qarşılıqlı etibarın olmamasıdır ki, bu da münasibətlərə mənfi təsir edir.
Etibarın yenidən qazanılması zaman alır
Etibarın azlığından qaynaqlanan, nəzarət altına alına bilməyən mənfi hisslər evliliyi zədələyir və həyat yoldaşları arasında qarşılıqlı şəkildə “yaralayıcı”, gərəksiz davranışlara gətirib çıxarır. Almaniyada ailə problemləri ilə bağlı aparılan bir araşdırmanın nəticələri göstərib ki, əgər həyat yoldaşları arasında etibarsızlıq problemi yaşanırsa, o zaman onlar bir-birinə həddən artıq sahib çıxmağa çalışırlar. Həmçinin məhdudlaşdırıcı və mane olacaq davranışlar nümayiş etdirirlər. Fiziki şiddət tətbiq edirlər, tərk edilmək qorxusu yaşayırlar. Aldadıldığını düşünürlər, hədsiz dərəcədə qısqanc olurlar, qayğı problemi yaşayırlar. İnsanlar özündə olmadığını keyfiyyətlərə həyat yoldaşının başqalarında maraq duya biləcəyindən narahatlıq hissi keçirirlər. Bu narahatlıq hissi zaman keçdikcə gerçəklik halını alır. Həyat yoldaşlarını mühakimə etməyə başlayarlar. İctimai təzyiqlə bağlı evliliyi ya dözərək davam etdirmək, ya da yorucu müddətdən sonra nifrət hissi bəsləyərək başa vurmaq qərarına gəlirlər. Lakin göstərilir ki, həyat yoldaşınızla bir-birinizi tanıdıqca aranızda sağlam bir etibar hissi yaranması və zaman keçdikcə bu hissin daha sağlam olması lazımdır. Ancaq vəziyyət əks istiqamətdə gedərsə, qısqanclıq kimi hisslər artarsa, o zaman münasibətlərdə ciddi bir problem var. Qarşınızdakına etibar etmədikdə “mənim istədiyim kimi davranmır”, “bir yerə gedərkən məndən icazə almır”, “diqqət çəkici geyinir”, “başqaları ilə səmimi davranır”, “məni əsəbiləşdirəcək şeylər edir”, “dostları və qohumları ilə məndən çox maraqlanır” kimi ifadələr işlədirlər. Bu cür ifadələr isə mənfi nəticələrə yol açır.
Aldatma, yalan sözlər və vədlər bir evliliyi ələ keçirdikdə həyat yoldaşları arasındakı etibar ciddi dərəcədə sarsılır. Həmin etibarın yenidən qazanılması üçün bəzi tövsiyələr irəli sürülür. Belə ki, ilk növbədə, keçmişi arxada buraxaraq yenidən sevmək qərarı almaq, həyat yoldaşınızla aranızdakı etibarı sarsıdan hadisəyə davamlı diqqət yönəltmək halına gətirməkdən çəkinin. Əfv etməyə, yaxud əfv edilməyə qərar verin. Eləcə də “hər zaman”,“əsla”, “məcbursan”, “etməlisən” kimi sözlərdən çəkinin. Etibarın yenidən qazanılmasının zaman alacağını qəbul edin. Beləliklə, əgər bütün baş verənlərə rəğmən həyat yoldaşınızı hələ də sevir və onun da sizdən imtina etmək istəmədiyini bilirsinizsə, münasibətlərdəki etibarı yenidən canlandıra bilərsiniz. Ehtiyacınız olan yalnız bir az zaman, bağlılıq, sevgi və əfv etməkdir.
Sevgi inam və etibar üzərində qurulur
Psixoloq Tünzalə Verdiyeva Milli.Az-a açıqlamasında deyir ki, “Mən ona özüm qədər inanıram”, “Özümdən şübhə edərəm, ondan şübhə etmərəm”, “Kim nə deyir desin, mən ona inanıram” bu kimi ifadələr bir- birinə aşiq olan gənclərə məxsusdur: ““Məhəbbətin gözü kor olur” deyiblər. Bu, həqiqətən, belədir, əgər insan sevirsə, qarşı tərəfdə yalnız müsbətləri görür. Onda qüsur axtarmır. “Qüsurlar” o vaxt ortaya çıxır ki, artıq sevgi azalıb, ya da tamamilə yox olub”.
Psixoloqun fikrincə, ər və arvad bir-birini böyük bir məhəbbətlə sevirsə, deməli, onların arasında, sözün həqiqi mənasında, böyük inam və etibar var. Belə ailədə hörmət, inam və etibar qarşılıqlı olmalıdır. Əks təqdirdə birinin inamsızlığı, digərini yorur, ailədən soyumasına səbəb olur”.
Onun sözlərinə görə, daha çox qadınlar həyat yoldaşına iş vaxtı zəng edib, “haradasan?” sualını verir, cavabında “işdəyəm” deyən ər, bu yersiz sualdan rahatsız olsa da, işinə davam edir: “Bir saat sonra xanım yenidən zəng edib “İndi haradasan?” deyə soruşur. “İndidə işdəyəm” deyən ərin əsəbləri tab gətirmir, diqqəti dağılır, əmək qabiliyyəti aşağı düşür. Yaxud da ki xanım sükan arxasında olan ərinə zəng vurur “haradasan” deyə soruşur. “Yoldayam, evə gəlirəm” 10 dəqiqədən sonra “İndi haradasan” deyə yenidən soruşur. Təsəvvür edin ki, bu mənasız dialoq hər gün davam edir. Belə münasibətlərin fonunda nə sevgi qalar, nə də sayğı”.
Çox zaman qadın və ya kişi özünü həyat yoldaşının keçmiş sevgilisi ilə müqayisə etdiyini deyən T.Verdiyeva bildirdi ki, bu da istənilməyən nəticələrə gətirib çıxarır, belə lazımsız müqayisələr özünə inamsızlıq yaradır: “Nəticədə o, həyat yoldaşını qıcıqlandırmağa başlayır və beləcə, onların arasında münaqişə yaranır. Heç bir zaman qısqanclıq üçün səbəb axtarmayın. Yersiz qısqanclıq sizi

depressiyaya salacaq və boşanmaya qədər aparıb çıxaracaq. Unutmayın: hər bir şəxs öz seçimində azaddır. Əgər həyat yoldaşınızı daim öz şübhələrinizlə yorsanız, o, belə münasibətdən bezərək sizi tərk edə bilər. Əgər həyat yoldaşınızın hələ də keçmiş sevgilisini xatırlamasından şübhə edirsinizsə, ağılla davranın və onunla bu haqda danışmayın. Heç bir halda ona təzyiq etməyin. Siz bunu ona xatırlatdıqca onun keçmişi sizin aranızda durmağa davam edəcək. Onun qohumları və dostlarını sorğu-suala tutmaqla keçmişini qurdalamayın. O keçmişi xatırlamırsa, demək, sizi həqiqətən sevir. Sizin detektivliyinizi aşkarlasa, bu, onun xoşuna gəlməyəcək. Yadda saxlayın ki, həyat yoldaşınız keçmişi ilə əlaqələrini kəsib. O, sizin ağıllı, gözəl və istedadlı olmağınızı istəyir. Siz də belə olmağa çalışın. Həyat yoldaşınıza etibar edin, keçmişi haqda suallarla onu yormayın. Sevgi inam və etibar üzərində qurulur. Bunu anladıqda o da sizə etibar edəcək”.
İnam, etibar uzunmüddətli prosesdir
Sosioloq Gülnar Nəzərova Milli.Az-a verdiyi açıqlamasında, istənilən münasibətdə etibar olduqca vacib amildir deyir: “İnsan həyatında etibar hissi ana ilə övladı arasında formalaşır. Bu hiss bizim gələcəkdə həm özümüzə, həm də ətrafımızda olan insanlara inam yaratmaqda əsas rolunu oynayır. Bu ana-övlad arasında münasibətlər möhkəm olmasa, bu şəxsin gələcəkdə etibar hissi ilə bağlı problemlər yaşamasına gətirib çıxarır. Həyat yoldaşlarının bir-birinə etibar etməsi məsələsi də həmin şəxslərin həm şəxsi xarakterləri, həm də həmin ailədəki münasibətlərin hansı səviyyədə qurulması ilə bağlıdır. Belə ki, bəzən tərəflərdən biri kifayət qədər etibarlı olsa da, həyat yoldaşı daim ona şübhə ilə yanaşır. Bəzən isə tam əksinə, şəxs həyat yoldaşına elə bir səviyyədə etibar edir ki, heç bir səbəb onun etibarını sarsıda bilmir. Digər halda isə tərəf müqabillərindən biri və ya hər ikisinin şübhəli davranışları, həyat yoldaşına qarşı laqeydliyi və ya qəfil diqqət ayırması da bu cür etibarsızlıq hissi yaradır”.Sosioloqun sözlərinə görə, bəzi ailələrdə isə etibar anlayışı ümumiyyətlə, aktual məsələ deyil. Onun fikrincə, belə ailələrdə etibar məsələsindən daha vacib olan həmin ailənin formal ailə standartlarına uyğun gəlməsi, həmin ailənin iqtisadi-sosial problemlərinin həlli məsələləridir: “Bu cür ailələrdə münasibətlərdə hansı problemlər olsa da, formal ailə modelini qorumağa çalışırlar. Əslində istənilən ailədə sağlam münasibətlərin yaranması üçün bir-birinə qarşılıqlı hörmət, inam olmalıdır. Bu münasibət isə ailənin təməli qurulana qədər artıq formalaşmalıdır. İnam, etibar isə uzunmüddətli prosesdir”.

Mənbə: Milli.Az

17 aprel 2014
GO BACK