"Bakıda 2014-cü ilin I rübü ərzində aparılan reydlər zamanı sərnişindaşıma qaydalarını pozduğuna görə ümumilikdə 1388 şəxs barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Bunlardan 635-i taksi fəaliyyəti, 703-ü avtobus daşımaları, 5-si isə yük daşımaları fəaliyyəti göstərən şəxsə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilib".
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevdeyib.
Şöbə müdirinin sözlərinə görə, verilən tapşırıq və göstərişlərə uyğun olaraq, əsas diqqət nizam-intizamın, sürücülərin geyim formasının, əhali ilə davranışı, dayanacaqlarda saxlaması, vətəndaşların rahat minib-düşməsinin təmin olunması, avtobusların təmizliyi, xarici və daxili görünüşünün normalara cavab verməsinə yönəldilib.
M.Əliyev qeyd edib ki, son zamanlar Xidmətin rəhbərliyinin göstərişi ilə mütəmadi olaraq sərnişin daşımalarında nizam-intizamın, xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən əməli tədbirlərin intensivliyi artırılıb: "Əvvəllər nəzarət qaydasında ay ərzində 1-2 reyd keçirilirdisə, son zamanlar, demək olar ki, həftədə 3-4 reyd təşkil olunur. Reydlər zamanı həm də beynəlxalq sərnişin daşınması ilə əlaqədar Bakı şəhərinə girib-çıxan avtobusların fəaliyyəti, kabotaj daşımalarını yerinə yetirən xarici daşıyıcılar və avtobuslarla əlaqədar reydlər keçiririk. Reydlər nəticəsində bir neçə kabotaj daşımaları həyata keçirən əcnəbi sürücü cərimələnib, barələrində müvafiq inzibati protokol tərtib olunub".
Mənbə:Milli.Az