...Yox, mövzu qıtlığı problemi yaşamırıq, qətiyyən
Şükürlər olsun ki, xalqımızın inkişafa meylli nümayəndələri çoxdur və biz onların sayəsində yerdə qalan problemləri unudub, sarılmışıq qələmə, ilin-günün bu vaxtı mənəviyyat məsələlərindən qırıldadırıq.
Amma... burada da əl-qolumuzu bağlayan səbəblər var. Nədir o səbəblər?
Birincisi odur ki, biz əlimizə qələm almamışdan qabaq həyat yoldaşımızın, qayınatamızın, qayınımızın, əmimizin, əmimiz oğlunun... və nəhayət, qonum-qonşunun nə deyə biləcəyini nəzərə almalıyıq. Bir də gördün internetə ancaq Üzeyirin təzə çıxan mahnısını “isti-isti” dinləməkçün girən bir qonşu təsadüfən sənin yazını oxudu. Olur belə şeylər. Oxudu, heç nə başa düşmədi, amma yazıda “seks”, “fahişə” və ya “doğuş” sözünü görüb öz səviyyəsinə uyğun nəticələr çıxartdı. Ta bundan sonra, sən istəyirsən, göydən enmiş mələk ol, qanadların da çiynində, xeyri yoxdu...
Əl-qolumuzu bağlayan səbəblərdən biri də, odur ki, biz müsəlmanıq. Yazı yazarkən ölkə əhalisinin 93 faizini təşkil edən insanların nə düşünə biləcəyini ciddi şəkildə götür-qoy etməliyik. Yəni, məsələn, ruhi pozğunluğun cismani pozğunluqdan betər olmasını yazsaq, bizim haqqımızda nəinki pis düşünə bilərlər, lap ölümümzə fətva da verilə bilər.
Üçüncüsü isə biz azərbaycanlıyıq və məsələnin də ən qəliz tərəfi budur.
Çünki:
a) biz yaralı xalqıq, tarix boyu cürbəcür genosidlərə, köçürülməyə, nə bilim, aldadılmağa məruz qalmışıq, bizim xətrimizə dəymək olmaz
b) biz qüsursuz xalqıq, bizi tənqid etmək olmaz.
...Yadınıza salmaq da pis çıxmasın, indi də axı iyirmi birinci əsrdir. İndi oxucular müəllifə öz ürək sözlərini məktuba yazıb, poçtla göndərmirlər. Elə yazının ora-burasını oxuyub, təxmini nədən bəhs etdiyini bilən kimi sarılırlar klaviaturaya. Bütün gün ərzində yığdıqları aqressiyanı boşaldırlar yazının şərhlər bölməsinə, dururlar ayağa. Necə deyərlər, stress atırlar. Özü də müəllifə elə yuxarıdan aşağı baxırlar ki, elə bil müəllif onların qarşısında əli-qolu bağlı əsirdir, taleyini onlar həll edəcək: istəsələr, açıb buraxacaqlar, istəməsələr boynunu vuracaqlar.
...Beləliklə, biz biçarələr yazı yazmamışdan papağımızı qabağımıza qoyub, uzun-uzadı götür-qoy etməli, “senzurnı” yazmalıyıq ki, çoxsaylı zəhmətkeş ordusunun, zülmkeş dəstələrinin, qəlbi sınıqların, azsaylı xalqların, amerikapərəstlərin, rusiyayönümlülərin, dindarların, ateistlərin, müxalifətin, onun radikal və konstruktiv qanadının... - nə isə, nəfəsim qaraldı - gerisini özünüz də çeşidləndirə bilərsiniz, seçim çoxdur, - qəlbinə dəyməyək, onlar əsəbləşib kompüterin arxasında şiri-nərə çevrilməsinlər.
Təsəvvür edin, adam kasıb yaşayıb, balalarını min-bir zülmlə böyüdüb, haram tikəyə əl uzatmayıb ki, adı təmiz qalsın, kimsə ona yuxarıdan aşağı baxıb, rişxəndli bir söz deyə bilməsin, bir sözlə kimdənsə söz götürməsin. İndi bir yazı yazıb, heç kimi təhqir etmədən, öz fikirlərini bölüşüb, insanları xeyirxahlığa, mənəvi yüksəkliyə dəvət edib. Birisi girir yazının şərhlər bölməsinə, ona ömründə eşitmədiyi və eşitməməkçün hər cür məhrumiyyətlərə dözdüyü sözləri yazır, “kişi-kişi” imza da qoyur - “anonim”! Və ya tutaq ki, “Ağabəy”...
Yəni müəllif heç kimdir, ən aşağı sözlərə layiq adamdır, dilsiz-ağızsız, əlsiz-ayaqsızdır, şəriət məhkəməsindən “daş-qalaq” cəzası almışın biridir, elə bu şərhi yazanın gözünün qabağındaca zina edib, şərh yazan and içib, müqəddəs kitaba əl basa bilər...
...Yadımdadır, bir yazar eləmə tənbəllik belə “şərh pəhlivanları"ndan birinin yaxşıca cavabını vermişdi: şərh bölməsində həmin şərhin cavabı olaraq dişinin dibindən çıxanı yazıb, nöqtəsini də qoymuşdu. Axı biz hər birimiz bunu edə bilərik, əzizlərim. Sadəcə olaraq, ortada “öz” sözü var. Adam bizim “öz” oxucumuzdur. Ona hörmət eləmək bizim borcumuzdur.
Axı biz bu yazdıqlarımızı yuxuda görüb və ya havadan götürüb yazımırıq? Bunlar bəşəriyyətin iqbalını düşünən böyük mütəfəkkirlərin, filosofların, yazıçıların göstərdikləri, həyati təcrübədə özünü təsdiq etmiş yollardır. Biz bu qənaətləri əldə etmək üçün qalaq-qalaq kitablar oxumuşuq, gözümüzün nurunu əritmişik, yuxusuz gecələr keçirmişik.
İndi nə deyirsiniz, nə məsləhət görürsünüz, bəlkə biz heç yazmayaq?
Bəlkə bizim əvəzimizə ciblərindəki axırıncı manatı internet klublarda “iqra” oynamaqçün xərcləyənlər yazsın? Ciddi deyirəm, bəlkə meydanı onlara verək? Biz, onsuz da, kiçik, amma rəngbərəng, hər şeydən yarımçıq cəmiyyətin əlində girinc qalmışıq. Onlar isə bir oyunun axırınadək mübarizə aparmağı bilirlər, kompüterdə olsa belə...
Qızılgül Abdinova
Mənbə:Milli.Az
Mənbə:Milli.Az