Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri mayın ortalarına kimi təxirə salınıb.
Bu barədə Trend-ə Avropa Şurasının (AŞ) mətbuat xidmətindən məlumat verilib.
Səfərin təxirə salınma səbəbinə gəlincə, mətbuat xidmətindən bildirilib ki, səfər baş katib Ukraynada baş verən hadisələrlə bağlı Strasburqda keçirilən təcili müzakirələrdə, eyni zamanda, AŞ Nazirlər Komitəsinin bu həftə və növbəti həftə keçiriləcək iclaslarında iştirak etməli olduğu üçün təxirə salınıb.
Qeyd edək ki, T. Yaqlandın başçılıq etdiyi nümayəndə heyətinin aprelin 22-24-də Azərbaycana səfər edəcəyi gözlənilirdi.
Səfərin əsas məqsədi AŞ ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi məsələlərini müzakirə etmək, eləcə də Azərbaycan üçün AŞ-nin 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planının rəsmən başlanmasını elan etməkdir.
Səfər çərçivəsində T.Yaqlandın Azərbaycan rəsmiləri, o cümlədən Milli Məclisin sədri, xarici işlər və ədliyyə nazirləri ilə görüşləri nəzərdə tutulur.
Mənbə:Milli.Az