"İran və Azərbaycan arasında tibb sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandum imzalanacaq"Bunu İran səhiyyə nazirinin xüsusi nümayəndəsi və Təbriz Tibb Universitetinin rektoru doktor Məhəmmədhüseyn Somi Trend-ə deyib.
M.Somi bildirib ki, İranın Təbriz Tibb Universiteti və Azərbaycan Tibb Universiteti arasında imzalanacaq memorandumda tibb sahəsində birgə təlimlərin keçirilməsi, müalicə sahəsində birgə işlərin aparılması, tibb universitetlərinin tələbələrinin və müəllimlərinin mübadiləsi, yoluxucu xəstəliklərin müalicəsi və araşdırılması, ilkin tibbi yardımın göstərilməsi, Təbrizə müalicə üçün müraciət edən şəxslərin müalicə problemləri, eləcə də müxtəlif xəstəliklər haqqında müştərək araşdırmaların aparılması kimi məsələlər yer alacaq.
Rektorun sözlərinə görə, İranda dərman xərcləri digər qonşu ölkələrlə müqayisədə aşağıdır. Azərbaycan vətəndaşları Şərqi Azərbaycan əyalətinə gəlir və orada müalicə olunurlar.
O əlavə edib ki, Bakıda keçiriləcək görüşlərdə Təbrizə müalicə üçün müraciət etmiş xəstələrə xidmət göstərilməsi qaydaları və onların rifahının təmini ilə bağlı görüləcək işlər də müzakirə olunacaq.
Qeyd edək ki, İran səhiyyə nazirinin xüsusi nümayəndəsi və Təbriz Tibb Universitetinin rektoru doktor M.Sominin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya üçgünlük səfəri bu gün başlayıb. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Səhiyyə və Təhsil nazirliklərində görüşlər keçirəcək və Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovla görüşəcək.
M.Somi Bakıdan Naxçıvan Muxtar Respublikasına səfər edəcək və orada da bir sıra görüşlər keçirəcək.
Mənbə:Milli.Az