Qadin.NET / Telman Adıgözəlovun oğlu: ""Evləri köndələn yar"a baxanda..." - FOTO

Telman Adıgözəlovun oğlu: ""Evləri köndələn yar"a baxanda..." - FOTO



15 aprel Telman Adıgözəlovun vəfat etdiyi gündür...

Həyatımda ilk dəfə həmin gün xəbərlərin aparıcısını günahlandırdım: “Dilin qurusun, necə yəni xalq artisti Telman Adıgözəlov dünyasını dəyişib?!. Onunla təzəlikcə teatrda görüşmüşəm. Hələ mobil nömrəsini də verib mənə. Qoy zəng edim, indicə özü götürəcək...”

Amma telefona cavab verənin səsi onun kimi doğma, tanış deyildi. Artıq gerçəyi qəbul etmişdim. Doğrudan da, bir zamanlar “Oğlum sual verir ki, ay ata, insan öləcəksə, niyə dünyaya gəlir? Adam fikirləşir, cavab tapa bilmir, bilmir uşağa nə cavab versin”, - deyən Telman Adıgözəlovun artıq beyni fikirləşmir, ürəyi isə “məşqlərə gecikərəm” deyə tez-tez döyünmürdü.

Öndə gedən oğlanın əlindəki şəkildən susqun, sakitcə onu alqış sədaları altında son mənzilə yola salan dostlarına baxırdı. Elə bil ki, həccə gedib tövbə edib, daha Qurbanəli bəyə bir quzunu on dəfə satıb onu aldatmaycaq, “Yarımştat” tamaşasındakı kimi heç kimi kəsib yarım qoymayacaq, “Evləri köndələn yar”dakı oğlan kimi heç kimə aşiq də olmayacaq...

Sevilən aktyorumuzun ölümündən, ailəsinin isə onsuz ömründən dörd il keçib.

Milli.Az xəbər verir ki, Modern.az saytı əməkdaşının aktyorun oğlu Tural Adıgözəlovla söhbətini təkrar yayımlayır.

– Yeni evlənmişəm. Evdə 3 nəfərik: mən, anam və yoldaşım. Bacım da ailəlidir, yenicə bir qızı dünyaya gəlib. Fövqaladə Hallar Nazirliyində yanğına nəzarət xidməti şöbəsində işləyirəm. Bacım da nazirliyin klinikasında çalışır. Anam isə bağça müəlliməsidir. Sağ olsun, cənab nazir, bizi dəvət etdilər, gedib işləməyə başladıq.

– Atanızın dostlarından evinizə kimlər gəlir, kimlər gedir, aktyorlardan kimlərlə əlaqəniz var?

– Aktyor yoldaşlarının hamısı ilə əlaqəm var. Mənim və bacımın toyunda da hamısı iştirak edib. Ramiz müəllimə (Ramiz Novruzov – red.) demişdim, aktyorlardan kim istəyir, toyuma gəlsin. Çünki daha çox Ramiz müəllimlə əlaqə saxlayıram. Baş çəkməyə gəlincə, ehtiyac yoxdur. Çünki uşaq deyiləm, 26 yaşım var. Uşaq olsaydıq, hə, başqa məsələ. Amma zəngləşirik, lazım olanda haradasa görüşürük.

– Adətən, səhnədə komik rollarda oynayan insanlar gerçək həyatda çox ciddi olurlar...

– Atam ciddi olmağına ciddi idi, amma çox da ciddi demək olmazdı. Hər şey öz yerində. Görərdi ki, kiminsə evdə kefi yoxdur, tez zarafat edib kefimizi açardı. Amma bütün günü desin-gülsün, zarafat etsin, belə şeyi yox idi. Təbiətən sakit, mehriban, kobudluğu sevməz, həlim, mülayim insan idi.

– Daha çox hansınızla ünsiyyətdə olardı?

– Oğlu olduğum üçün mənə daha yaxın idi. Ünsiyyətimiz olurdu, nəyisə bir-birimizlə paylaşırdıq. Atam rəhmətə gedəndə mənim 23 yaşım vardı. Əsgərlikdən təzə gəlmişdim. Mən oktyabr ayında gəldim, aprel ayında da atam vəfat etdi.

– Bir-birinizlə xüsusi sevdiyiniz zarafat var idimi?

– Yerinə düşəndə edirdik. Deyim ki, hər hansısa bir zarafatı təkrar-təkrar edirdi, yox. Özü də hazırcavab idi.

– Yaşına görə cavan görünürdü. Bu nəsildən qalma, genetik bir cəhətdir, yoxsa özünəbaxan idi?

– Həm bədən quruluşu elə idi, həm də rəqsi çox sevirdi. Rəqs onun cavan qalmasında, kökəlməməyinə kömək edirdi. Çox yeyən də deyildi. Ancaq dolmanı xüsusilə xoşlayırdı. Bir dəfə tamaşadan gəlib günorta yeməyini yeyib, sonra qayıdıb tamaşaya, axşam gəlib acıb. Görüb ki, evdə çörək yoxdur. Mağazaya gedib. Bir də gördük ki, nə qədər çörək alıb gətirib. Özü də cürbəcür çörəklər. O qədər güldük ki, bu qədər çörəyi niyə almısan? Dedi ki, ac idim, elə bildim, hamısını yeyib qurtaracam.

Bazarlıq etməyi sevirdi. Demək olar ki, evə bazarlığı çox vaxt özü edirdi. Bir xasiyyəti də vardı: hər şeydən bol-bol alardı. Amma evdə sınana, dağılana gəlincə, primitiv şeyləri düzəldə bilərdi. Çox qəliz bir şey olarsa, bacarmırdı. Hamamda kolonka xarab olmuşdu. Açdı ki düzəltsin, gördü, yox e, alınmır, düzəldə bilmir, usta çağırdı.

– Daha çox nəyə əsəbləşirdi?

– Haqsızlıq görəndə çox əsəbiləşirdi. Bir də televiziyada uyğunsuz bir insanın ona aid olmayan söz-söhbət haqqında danışmağına qıcıqlanırdı. Sonra milləti barədə kiminsə mənfi fikir bildirməsi onu özündən çıxarırdı. Millətini sevən, vətənpərvər adam idi. Həmişə Azərbaycanın tarixi, kökü, qədimi tayfalar və s. belə şeylərlə çox maraqlanırdı. Balakəndə böyüdüyü üçün oranın qədim musiqi alətləri diqqətini çəkirdi. Buna baxmayaraq, özü musiqi alətində çalmağı bacarmırdı. Hələ bir dəfə Balakəndə “Kinoklub”un buraxılışlarından biri çəkiləndə Balakəndə qədim musiqi alətlərini üzə çıxarmışdı, onları çalanları çağırmışdı.

– Niyə həmişə komik rollarda çəkilməyə, oynamağa meylli idi?

– Sırf dramatik rolda çəkilməsə də, amma tragikomik rolu olub. Ramiz Novruzovun ssenarisi əsasında hazırlanmış “Hələ sevirəm deməmişəm” tamaşasında atamın rolu elədir ki, əvvəlcə tamaşaçıları güldürür, əsərin sonuna yaxın ağladır. Mən özüm şəxsən neçə dəfə tamaşada tamaşaçıların şəxsən hıçqıraraq ağlamağının şahidi olmuşam.

– Bəs özün onun daha çox hansı rollarını xoşlayırsan?

– “Yarımştat” tamaşası, “Qurbanəli bəy” tamaşasındakı rolu çox xoşuma gəlir. Sonra köhnə tamaşaları var ki, onları xoşlayıram. Amma anam və bacım kövrəldiyinə görə az-az baxırıq. İki həftə bundan əvvəl olardı ki, radioda onun haqqında veriliş hazırlamışdılar, tamaşalarından bir fraqment verdilər, səsini eşitdik, kövrəldik. İstər-istəməz iki il səsini eşitmirsən, birdən səsi gəlir, adama toxunur.

– Darıxan vaxtları olurdumu?

– Evdə darıxırdı. Çünki 14 yaşından teatrlarda, tamaşalarda olub. Hərdən özü zarafatla deyirdi ki, mənim göbəyimi kəsib çölə atıblar. Evdə oturmaqla arası yox idi. Vaxtı da olanda gedib dükanları gəzirdi. Çünki bu adam paltarpərəst idi. Ayaqqabı, kostyumlar almağı çox sevirdi. Bir şkafımız vardı ki, ora ancaq atamın ayaqqabıları düzülmüşdü. Tutaq ki, bir gödəkcə alırdısa, gedib ona uyğun ayaqqabı, şalvar, hətta kəmər belə alacaqdı. Özü də deyirdi ki, camaat gedib qızıl alır, mən gedib paltar alıram. Bu onun hobbisi kimi idi. Nə qədər etsə də, əl çəkə bilmirdi. Bir də görürdün ki, evə zəng gəldi ki, filan dükandanıq, Telman müəllimə deyin ki, təzə mal gəlib. Atam rəhmətə gedəndə bir dostu gəldi və mənə gətirib pul verdi, soruşdum ki, bu nədir. Dedi ki, atan bu pulu vermişdi ki, ona gödəkcə gətirim, qismət olmadı. Paltarlarının bəzilərini yadigar kimi saxlamışıq. Hamısını paylamağa adamın əli gəlmir.

– Kişilərin sevdiyi nərd, domino oyunu ilə arası necəydi?

– Həmişə deyirdi ki, belə şeylər mənlik deyil. Oynamağa hövsələsi çatmırdı. Kiminləsə otursun, nəsə söhbət, müzakirə etsin, belə şeyləri sevirdi. Ondan daha çox zövq alırdı, nəinki dama oyunundan. Kimsə nərd oynayanda deyirdi ki, mən bunu hələ də öyrənə bilməmişəm. Belə oyunlar ona çatmırdı. Hər şeydən informasiyası var idi. Hər kəsin maraq dairəsi nə idisə, ona uyğun da söhbət edirdi. Evdə çoxlu kitabları qalıb. Kitablarının bir hissəsini başqa adama bağışladım. Eyni zamanda cürbəcür fənərlər, bıçaqlar yığmağı xoşlayırdı. Kim onunla yola çıxırdısa, darıxmazdı .Yol yoldaşı kimi maraqlı insan idi. Hətta bir dəfə müəllimim onunla birlikdə Lənkərana getmişdi. Gələndə dedi ki, necə getdim, necə gəldim, heç özüm də bilmədim. Şəxsən mən atam kimi ünsiyyətcil deyiləm. Bu cəhətdən ona oxşamamışam. Kimsə deməzdi ki, atam çətin adamdır. Az adam ola bilərdi ki, onunla yola getməsin. Özünün spirtli içkiylə arası yox idi, amma siqareti çox çəkirdi.

– Uşaqlarını, yəni sizi ən çox nəyə görə danlayardı?

– Bizi heç vaxt vurmayıb. Sözlə başa salırdı. Çox az hallarda qışqırıb və ya məni danlayıb. Boynuma məsuliyyət qoyurdu. Bir kəlməsini iki etmirdik. Mənimlə böyük bir insan kimi danışırdı. Dostlarının yanında heç vaxt uşaq kimi rəftar etmirdi. Ona görə də dostları məni çox istəyirdi. Deyirdilər ki, Tural ilə danışanda elə bil ki, böyük bir adamla danışırıq. Bəlkə də onun təsiri idi ki, o rəhmətə gedəndə mən daha təmkinli davrana bildim.

– Həmin axşam onda nəsə qeyri-adi bir şey hiss etdinizmi?

– Axşam idi. Həmişəki adi vəziyyətində söhbət edirdik. Bizimlə yüngülvarı hal-əhval tutdu. Sonra ondan ayrılıb getdim yatmağa. Gecə isə infarkt keçirdi. Babam və nənəmi də Fatmayıda basdırdığımıza görə onu da onların yanında dəfn etdik. Xərcin kimin ödədiyini dəqiq bilmirəm. Teatrın rəhbərliyi dedi ki, məsələ həll olunub.

– Rolları içərisində hansı obraz həyatdakı Telman Adıgözəlova bənzəyir?

– “Evləri köndələn yar” tamaşasındakı obrazına baxanda elə bilirəm ki, atamın real həyatdakı gəncliyidir. 

 Mənbə.Milli.Az

15 aprel 2014
GO BACK