Bakıda mövcud olan göllərin təmizlənməsi proqramı da artıq başlayır. Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən prezident İlham Əliyev bu barədə məlumat verib. Onun sözlərinə görə, göllərin siyahısı ona verilibdir. Burada 9 göl var. Amma bu gölləri heç göl adlandırmaq da düzgün deyil.
"Çünki göl təbii, təmiz bir su hövzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir ekoloji fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilibdir. Biz daha bundan sonra bu vəziyyətlə barışa bilmərik. Bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Bu çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bakı indi parklar şəhəridir. Bakı olacaq təmiz göllər şəhəri. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq. Sözün düzü, artıq biz başlamışıq. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də bağlanıbdır. Biz ən ağır, ekoloji və texniki cəhətdən ağır olan layihədən başlamışıq. Bu da Böyükşor gölünün təmizlənməsidir. Böyükşor gölünün ərazisi 11 kvadratkilometrdir. Yəni, min hektardan böyükdür. Böyükşor gölünü biz hələlik iki yerə bölürük. Bənd tikiləcək. Bu bənd, eyni zamanda, avtomobil yolu olacaq. Həm nəqliyyat üçün, həm bu təmizləmə işlərini mərhələlərə bölmək üçün biz bu işləri görürük".Prezident qeyd edib ki, birinci mərhələdə gölün tikilən Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaq. Gölün ətrafında gözəl bulvar tikiləcək. Bizim Dənizkənarı Bulvarımız var. İndi, bundan sonra Böyükşor Bulvarımız da olacaq və gözəl yaşıllıqlar salınacaq, ağaclar, kollar əkiləcək, istirahət zonaları və təmiz bir göl olacaq.
"İkinci mərhələdə isə gölün qalan böyük hissəsi də təmizlənəcək. Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət, sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri kimi artıq öz sözünü deyəcək. Düzdür, burada görüləsi işlər çoxdur, doqquz göldən söhbət gedir, - ancaq çalışmalıyıq ki, növbəti 5 ya 6 il ərzində yerinə yetirək. Əlbəttə ki, bütün bu işlər dövlət büdcəsində nəzərə alınmalıdır. Maliyyə resursları burada əlbəttə ki, təmin ediləcək və bütün işlər ən yüksək səviyyədə aparılmalıdır".
Mənbə: ANS PRESS