Qadin.NET / Azərbaycanda yeni məktəblər şəbəkəsi yaradılacaq

Azərbaycanda yeni məktəblər şəbəkəsi yaradılacaq

 

Azərbaycanda yeni məktəblər şəbəkəsi yaradılacaq

 

Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır. 
ANS PRESS-in məlumatına görə, bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, əhəmiyyətli yeniliklərdən biri də ucqar kənd məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə tədbirlərinin daha geniş tətbiqidir: 
"Belə ki, ötən illərdə bu tədbirlər 800 yerə tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2500-ə çatdırılıb. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır”.
Mikayıl Cabbarov çıxışı zamanı dərslik siyasəti sahəsində müsbət irəliləyişlərin olduğunu qeyd edib:
“Təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmur. Problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır. Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət irəliləyişlər olub. Görülmüş tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artmışdır. Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də öz təsirini göstərəcəkdir. Müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsini nəzərdə tutmuşuq".

Mənbə: ANS PRESS

15 aprel 2014
GO BACK