Qadin.NET / İnsanlar öz evlərini niyə sığortalamır?

İnsanlar öz evlərini niyə sığortalamır?

 

İnsanlar öz evlərini niyə sığortalamır?

 

Öz sağlamlığımızın qayğısına qaldığımız kimi mənzilimizin də qayğısına qalmalıyıq. İlk növbədə evin sığortalanması məsələsi gündəmə gəlir. Amma bu gün heç də hər kəs evini sığortalatdırmır. Daha deyə bilmərəm, bu tənbəllikdir yoxsa, sığorta şirkətinə olan inamsızlıq.Amma fakt odur ki, bu gün mənzillərin böyük əksəriyyəti sığortasızdır. 
Hazırda bir çox insanlar evi yanan kimi, başlayırlar problemin həlli yollarını axtarmağa. Bu məqamda adam ona maddi cəhətdən kömək edəcək, risklərini bölüşəcək birini arayır. Digər dövlətlərdə bunun asan çıxış yolu var. Daşınmaz əmlakın sığortası. Hər yerdə olduğu kimi bizdə də yanğının, təbii fəlakət, baş verən qəzalardan qaçmaq mümkün olmasa da, əhali arasında sığortaya maraq elə də yüksək deyil. 
Paytaxt sakini Anjelika Aslanova şəxsi evini sıqortalamğa ehtiyac duymur. Lakin o bunun səbəbini də izah etmir.
Hazırda əmlak sığortasının 2 növü var - icbari və könüllü. İcbari sığortanın məbləği və sığorta haqqı qanunla müəyyən olunur. Bu göstərici isə bölgələr üzrə fərqlidir. Qanunvericiliyə görə, Bakı şəhəri üzrə sığorta məbləği 25 min AZN, illik sığorta haqqı 50 AZN,Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində sığorta məbləği 20 min AZN, sığorta haqqı 40 AZN, digər yaşayış məntəqələrində sığorta məbləği 15 min AZN, sığorta haqqı 30 AZN-dır. Lakin əhalinin əksər hissəsi bu qaydalardan xəbərsizdir və qarşılıqlı müqavilələr bağlayarkən şərtləri ətraflı öyrənmirlər. Daha sonra isə ödəmələr zamanı problemlərlə qarşılaşırlar. Məhz bu səbəbdəndir ki, indi əksər sığorta şirkətlərinin vətəndaşlarla mübahisələri yaranır. Nəticədə sığorta sisteminə inamsızlıq formalaşır.
Sığorta şirkətinin nümayəndəsi Əli Bayramov deyir ki, son zamanlar ölkəmizdə bir çox yanğın hadisəsi baş verir: “Biz sığorta şirkəti olaraq hadisə baş verən zonaya sığortaçıları göndəririk və əhaliyə evlərini sığortalamağı təklif edirik. Buna baxmayaraq əhali bundan imtina edir”. 
Əlavə risklərə görə sığorta məbləği adətən 0,1% həcmində olur. Bu faizlər toplanır və əmlakın ümumi dəyərinə vurulur. Məsələn, sizin 100 min AZN dəyərində evinizin 0,25% qiymətləndirilibsə, deməli illik 250 AZN sığorta haqqı ödəməlisiz. Amma əmlakın yerləşdiyi bölgənin coğrafi xüsusiyyətlərindən asılı olaraq risqlər aşağı və ya yuxarı faizlə qiymətləndirilə bilər. 
Sığorta üzrə ekspert Xəyal Məmmədxanlının sözlərinə görə, sığorta şirkəti bizə deyir ki, sizin əmlakınızı əsas risklərdən, məsələn yanğın, partlayışdan 0,12%-lə sığortalayıram: ”Sizdən soruşur, əlavə risklərdən sığortalanmaq istəyirsizmi? Siz deyirsiz, bəli. Bu zaman həmin hadisələrin, zəlzələnin baş vermə riskindən asılı olaraq əlavə məbləğ gəlir”. 
Hökumət isə daşınmaz əmlakın sığortalanması istiqamətində problemlərin həllini sürətləndirmək niyyətindədir. Bunun üçün Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti sığorta şirkətləri üzərində nəzarəti gücləndirmək və sığortalananların hüquqlarını qoruyan yeni təkliflər də hazırlayıb. Nazirlik təklifləri artıq baxılmaq üçün hökumətə təqdim edib. 

Mənbə: ANS PRESS

15 aprel 2014
GO BACK