Qadin.NET / Türkiyə ilə qardaşlıq münasibətlərimiz Ərdoğanın son səfərində bir daha təsdiqləndi

Türkiyə ilə qardaşlıq münasibətlərimiz Ərdoğanın son səfərində bir daha təsdiqləndi

 

Türkiyə ilə qardaşlıq münasibətlərimiz Ərdoğanın son səfərində bir daha təsdiqləndi

 

“Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir. Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük. Bir neçə təşkilatla sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, bu siyasət də bizə əlavə dividendlər gətirir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün keçirdiyi 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatların üzvü olduğunu deyən İlham Əliyev, ölkəmizin bir neçə təşkilatla sıx əməkdaşlıq etdiyini, bu siyasətin Azərbaycana əlavə dividendlər gətirdiyini vurğulayıb. 
Birinci rübdə mən Davos Dünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan bu Forumda 10 ilə yaxındır ki, iştirak edir. Bu Forum həm orada müzakirə olunan məsələlər baxımından, eyni zamanda, təmaslar nöqteyi-nəzərindən hesab edirəm ki, dünyada birinci Forumdur. Bu, təkcə iqtisadi Forum deyil, eyni zamanda, siyasi Forumdur. Bu Forumda iştirak, mövqeyimizin nümayiş etdirilməsi və izahı hesab edirəm ki, çox önəmli məsələdir. Eyni zamanda, ilin əvvəlində mənim NATO-ya səfərim olmuşdur. Artıq mən bir neçə dəfə NATO-ya səfər etmişəm. Bu səfər də çox müsbət olmuşdur. Bizim ikitərəfli əlaqələrimiz müsbətdir. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıbdır. Enerji təhlükəsizliyində sülhməramlı missiyalarda Azərbaycanın iştirakı və onun payı təqdirlə qarşılanır.
Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir. Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük. Bir neçə təşkilatla sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, bu siyasət də bizə əlavə dividendlər gətirir. Eyni zamanda, ilin birinci rübündə mən Dünya Nüvə Sammitində iştirak etmişəm. Azərbaycanın bu Sammitdə iştirakı xüsusi məna daşıyır. Çünki biz təbii ki, nüvə dövləti deyilik. Eyni zamanda, bizdə atom elektrik stansiyaları da yoxdur. Ancaq ölkəmizin önəmi, bölgədə və dünyada oynadığı rol əlbəttə ki, Azərbaycana Sammitdə iştirak edən ölkələrin sırasında olmaq üçün şərait yaratmışdır. Bu Sammitdə həm açıq, həm qapalı hissələrdə də çox önəmli məsələlər müzakirə edilmişdir. Dünyada təhlükəsizliyin təmin edilməsi məsələləri əlbəttə ki, indi dünya gündəliyinin birinci sıralarındadır. Azərbaycan bu sahədə də öz töhfəsini verir və verəcəkdir. Bildiyiniz kimi, biz BMT Təhlükəsizlik Şurasında sədrlik edən zaman məhz terrorizmə qarşı mübarizə mövzusu ilə bağlı müzakirələr təşkil etmişdik.
Birinci rübdə ikitərəfli formatda çoxsaylı təmaslarım olmuşdur. İndi Azərbaycana müxtəlif qitələrdən gələn nümayəndə heyətlərinin sayı

getdikcə artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər olmuşdur. Türkiyənin Baş naziri Azərbaycanda səfərdə olmuşdur. Bələdiyyə seçkilərindən sonra bu, Baş nazirin ilk səfəri idi. Bizim dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri bu səfər əsnasında bir daha təsdiqləndi.
Eyni zamanda, bu yaxınlarda mən İran İslam Respublikasına rəsmi səfər etmişəm. Bu səfər də çox uğurlu idi. Bu səfər zamanı imzalanan sənədlər, aparılan danışıqlar, fikir mübadiləsi bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldıracaqdır. Deyə bilərəm ki, bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünki səfər zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xətlə inkişaf etməlidir. Hökumətlərarası birgə komissiyanın yeni formatı müəyyən edilir, yaxın zamanlarda tam şəkildə formalaşacaqdır. Bütün istiqamətlər üzrə çox fəal iş aparılacaqdır.
Ümumiyyətlə, deyə bilərəm ki, biz həm beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik, eyni zamanda, qonşu ölkələrlə əlaqələrimiz ənənəvi olaraq çox müsbətdir, yaxındır. Bizim beş qonşumuz vardır. Onlardan biri Ermənistandır – işğalçı dövlətdir, düşməndir. Dördü isə dostdur. Dost qonşularımızla əlaqələr bizim üçün prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda verəcəkdir.

Mənbə: ANS PRESS

15 aprel 2014
GO BACK