Qadin.NET / Şəhər həsrətli kəndlilər

Şəhər həsrətli kəndlilər

Bu kənddə uşaqlar metro görməyin, böyüklər isə qazın və yolun həsrətini çəkir
Mənim üçün dağ kəndlərində yaşayış Aran yerindən, şəhər yaşayışından daha maraqlıdır. Dağlarda insanlar urbanistik gedişatdan, al-ver fırıldaqlarından xəbərsizdir, fiziki zəhmətdən kənar fəaliyyətdən uzaqdır. 

Dağda yaşayan insanlar unudulmuşlardır. Ona görə təbii gözəlliklərini hələ də saxlayıblar. Burda elə insanlar var ki, ömrlərində bir dəfə də olsun böyük şəhərdə olmayıblar. Onların Bakı haqqında təsəvvürləri bizim kosmosla bağlı təsəvvürlərimizdən daha rəngarəngdir.

Mübaliğəsiz deyirəm, “kaş mən də nə vaxtsa Bakını görəydim, metroya girəydim, qatarda oturaydım” kimi şeylər deyib kövrələn 15-20 yaşlı uşaqlara hər dağ kəndində rast gəlmişəm. Böyükləri də eyni həyəcanla “kaş normal yolumuz olaydı, qazımız olaydı, biz də adam balası kimi yaşaya biləydik” kimi ən adi məişət rahatlığı arzularıyla yaşayıb ömürlərinin axırına çatırlar. Hələ də bu ölkənin dağ kəndlərinin əksəriyyətində heç yol da yoxdur. Kəndə gedən istiqaməti göstərən əlamətlər var, amma yol yoxdur.

Yolsuz Dəmirçi...

Dəmirçi Şamaxının bir dağ kəndidir. Təqribən 350-400 il əvvəl yerləşdiyi dağın o biri ətəklərindən, Lahıc tərəflərdən dəmirçi ailələr bura gəlib, sexlər açıb dəmirçiliklə məşğul olublar. Bu kəndlə Lahıc arasındakı məsafə dağ yolları ilə 20 km.-dir. Adətləri, dilləri(tat), evləri, küçələri eynən Lahıc kimidir. Burda da Lahıcda olduğu kimi hansısa biz bilmədiyimiz, öyrənməyə çalışmadığımız dövrlərdə kanalizasiya xətləri çəkilib, küçələrə Dəmirçi çayının kənarındakı çay daşları döşənib.

Şamaxıdan bu kəndə Pirqulu istiqamətinə hərəkət etməklə gəlib çıxmaq olar. Şəhərdən Pirqulu və burdakı istirahət mərkəzlərinə, restoranlara qədər olan yol asfaltdır. Mərkəzdən bura uzun məsafə olsa da 15 dəqiqəyə gəlmək olur. Pirqulu istirahət mərkəzləri bitən yerdə asfalt da bitir. Demək olar ki, yol da qurtarır və biz də kimlərinsə sürdüyü maşın təkərlərinin izi ilə Dəmirçiyə yola düşürük. Pirquludan Dəmirçiyə təqribən 3-4 km-i azı 30 dəqiqəyə, maşının altını sürtə-sürtə gedirik. Dəmirçi kəndi Dəmirçi və Pirsaat çaylarının arasında yerləşir. Kəndə giriş Dəmirçi çayının içindən keçir.

Çay üzərində körpü olmadığından məktəb drektoru, yaşlı Mikayıl müəllim gileylənir. O deyir ki, gecə yağış yağdımı, bu çaydan maşın keçmir, başqa yerlərlə əlaqəmiz kəsilir. Hələ yağıntı olmasa da, biz bu özümüz də iti axan bu çaydan çətinliklə keçə bildik. Mikayil müəllim yol, sel problemlərini danışa-danışa odun doğrayır: "Dəmirçi dağ kəndi olduğundan burda havalar şaxtalı keçir. İlin 6-7 ayı soba qalamalı oluruq.

Qaz yoxdur, yaxınlıqdakı meşələrdən isə odun gətirməyə icazə verilmir. Məcbur oluruq odunu alaq. “Ural” maşınlarında və ya traktor “lapet”lərində odun gətirirlər. Bir “Ural” dolusu oduna 600 manata qədər pul veririk. Sonra onu da mal-qara kərməsi ilə birgə yandırırıq ki, qışı ötüşdürək.

50-60 ailə varsa bu kənddə, onun 3-4 nəfəri məktəbdə, 3 nəfəri bələdiyyədə işləyir, qalan camaat işsizdir, indi siz deyin, biz 600 manatı hardan tapaq odun üçün. Ona görə kimin imkanı var kənddən qaçır, üz tutur daha yaxşı yerlərə".

Dəmirçililərin bazarını bağlayan “kitayski” mallar

Bu kəndin əsasını Lahıc tərəflərdən gələn dəmirçilər qoyduğu üçün kənddə dəmirçi sexləri hədsiz sayda olub. 60-cı illərə qədər kənddə 25-ə yaxın dəmirçi sexində iş görülüb. Sovetlər dağılan vaxt bu say təqribən 10-a düşüb. Indi isə kənddə üç dəmirçi dəmir döyür.

Peşəsini atasından öyrənmiş Fəxrəddin usta həmin dəmirçilərdən biridir. Fəxrəddin ustanı soraqlaşıb öz sexində tapdıq. İşləmir, sadəcə, nə vaxtsa hazırladığı bıçaq, dəhrə, baltanı əskilərə büküb təlisə doldurur. O bizə bunları deyir: “Əvvəllərlə müqayisədə indi vəziyyətimiz çox ağırdır. Əvvəl insanlar əl istehsalı məhsulları istifadə edirdi, bizim dəmir döyməyimizə ehtiyac var idi, amma indi ta mənim hazırladığım bıçaq heç kimə lazım deyil, çünki camaat ”kitayski" bıçaqları çox ucuz qiymətə alır.

İndi gəlirimiz, əsasən, ildə iki dəfə - Arandan yaylağa qalxan fermerlərin köçü və qayıdışı zamanı olur. Onlar köç edərkən kəndimizin içindən keçirlər, alverimiz o zaman olur. Həmin vaxt at, eşşək, qatırlarını nallayırıq, bıçaq, balta satırıq. Qalan vaxt isə üzü günə otururuq".

Fəxrəddin usta deyir ki, onun oğlanlarından heç biri bu peşəni davam etdirmək istəmir: “Oğlum deyir ki, ay ata, biz görürük sən nə əziyyət çəkirsən, amma qazanc yoxdu. Ona görə bu qazanca ələ çəkic almağına dəyməz”.

Fəxrəddin ustanın sexindən çıxıb bir az kəndi üzü yuxarı gedirik. Yolun solunda qədim, uçuq-sökük bir abidə qarşımıza çıxır. Üzündən tarixilik yağan, amma içi bərbad halda olan bina üzərində “Yerli əhəmiyyətli memarlıq abidəsi” və “dövlət tərəfindən qorunur” yazılmış, təqribən 120 il əvvəl tiklimiş məsciddir. Məscidin divarlarındakı çay daşları üzərində quran ayələri və onu tikdirənin adı qeyd olunub.

Nisyə dəftəri... kəndlinin kredit kartı

Kəndin işləyən bir mağazası var, satıcısı Mirzə dayıdır. Ondan su alırıq, söhbətləşirik. O bizə alverin zəyifliyindən danışır. Bizə “nisyə dəftəri”ni göstərir. Bir xeyli adamın adı var bu dəftərdə. Mirzə dayı deyir ki, ödənişlər ayın bir vaxtı - maaşların, pensiyaların verildiyi vaxt edilir. Sonra dəftərdə yeni bir səhifə açılır.

Diqqətimizi çəkən şeylərdən biri odur ki, kəndin küçələrində, ümumiyyətlə, çox az adama rast gəlirik, kənd sanki boşdur. Cavan adam isə, ümumiyyətlə, yoxdur. Kənddə gəzərkən qırmızı ipək bağlanmış bir darvaza yanında siqaret çəkən Ibrahimlə tanış oluruq. Bu gün onun qardaşının toyudur. Toy maşınları Şamaxıdan artıq kəndə doğru irəliləyir.

Ibrahimdən bəs toyun niyə belə sakit olduğunu soruşanda öyrənirik ki, onun anası bir neçə ay əvvəl vəfat edib, ili hələ çıxmadığı üçün toyu musiqisiz keçirəcəklər. Bizim də mütləq toyda iştirak etməmizi istəyir, biz də bir şərtlə razılaşırıq: Toyu fotoaparatla çəkəcəyik. Bu təklif ona göydəndüşmə olur, sevinir. Və xahiş edir ki, bu fotoları sonra Bakıdakı qardaşına verək. Razılaşırıq. Bəy-gəlin gəlir, qonaqlar əllərində tabaqlarla gəlir, onların ayaqları altında qurban kəsilir. Musiqisiz də olsa, maraqlı bir toy keçir. Biz isə onlara xoşbəxtlik arzulayıb sağollaşırıq, axşam yenidən Dəmirçi çayını birtəhər keçib olmayan yolla Bakıya qayıdırıq.
Mənbə:Milli.Az

14 aprel 2014
GO BACK