"Köçəri adamların" sevinci və kədəri8 aprel qaraçıların milli bayramıdır
Aprelin 8-də bütün dünyanın qaraçıları milli bayramlarını qeyd etdi. Bu tarix 1971-ci ildə, Londonda ilk ümumdünya Qaraçı Konqresi zamanı müəyyən edilib. Həmin gün otuzdan artıq ölkədən olan qaraçı icması nümayəndələri Ittifaqlarını təsis etdilər, həmçinin xalqlarının bayraq və himnini seçdilər. “Qaraçılar” 80-dən artıq etnik qrup olsalar da, onların hamısını ümumi mənşə, mədəni kodeks və həyat tərzi birləşdirir.
Təzyiq və təqib qorxusu altında
Avropa Şurası ekspertlərinin hesabatlarına görə, bütün dünyada, o cümlədən Avropa Birliyi ölkələrindəki qaraçılar həm də rəsmi hakimiyyətlərin ayrı-seçkiliyinə məruz qalır. Onların tez-tez cəmiyyətə inteqrasiya etmək bacarığının olmamasında, yaşadıqları ölkənin mədəni dəyərlərinə riayət etmək niyyətindən uzaq olmaqda, uşaqları istismar etməkdə, oğurluq və digər qanun pozuntularında ittiham edirlər. Beynəlxal qeyri-kommersiya təşkilatlarının məlumatına görə, bu gün Avropa ərazisində təxminən 10 milyon qaraçı yaşayır. Onların 90 faizi yoxsul vəziyyətdədir. Avropa Birliyi ölkələrində hər il antisemit və islamofob insidentlərin rəsmi statistikası dərc edilir və belə hallarla mübarizədən danışılır. Ancaq qaraçıların diskriminasiyası hökumət səviyyəsində araşdırılmır.
Hər il bu problemlə bağlı “Beynəlxalq amnistiya” hesabat hazırlayır. Aprelin 8-də Marseldə bu beynəlxalq hüquq müdafiə təşkilatının Fransa bölməsi Çexiya, Yunanıstan və Fransada qaraçıların durumu ilə bağlı hesabatını təqdim edib. Hesabat müəllifləri şübhə etmir ki, bu ölkələrdə yerli əhali tərəfindən mütəmadi düşmən münasibətinin təzahürü ilə yanaşı qaraçılara qarşı polis özbaşınalığı da baş verir. Bir çox hallarda isə məsələ heç araşdırılmır.
Diskriminasiya ilə mübarizə kampaniyası
“Beynəlxalq aministiya”nın Fransa filialında diskriminasiya ilə mübarizə kampaniyasına cavabdeh olan Jüli Elyuanın fikrincə, Fransada əksəriyyəti Rumıniya və Bolqarıstandakı diskriminasiyadan bura qaçan iyirmi min qaraçı miqrant çətin ki, aprelin 8-ni sevincli gün hesab etsin.
Ilk növbədə bu gün qaraçıların, demək olar, bütün Avropada üzləşdiyi problemlərə yenə də diqqət yetirməyə imkan verir. “Beynəlxalq amnistiya”nın hesabatının əsas məqsədi də məhz budur. “Biz bu hesabatın dərc edilməsini məhz həmin günə salırıq. Təəssüf ki, bu il də bir sıra Avropa ölkəsində qaraçılara qarşı dözümsüzlük və zorakılığın artığını qeyd etməliyik”,- deyə Elyuan bildirir.
Bu ölkələrdən biri Fransadır. “Beynəlxalq amnistiya”nın hesabatında qeyri-leqal qaraçı düşərgələrinin sökülməsi zamanı ən səs-küylü polis özbaşınalığı halları və qaraçı miqrantlarının inteqrasiyası məsələsində hakimiyyətin fəaliyyətsizliyi vurğulanır. Bu halda müzakirə mövzusu əsasən Rumıniya və Bolqarıstandan gələn qaraçı miqrantlardır. Yerli “köçəri adamlar” da (gens de voyage - Fransada bu əhali qrupunun müəyyən edilməsi üçün qəbul olunmuş siyasi nəzakət formasıdır) daimi sıxışdırmadan əziyyət çəkir. Ancaq onların problemləri Fransada leqal statusu olmayan qardaşlarından bir qədər azdır.
Fransada qaraçı əhali iki kateqoriyaya bölünür: Şərqi Avropadan gələn miqrantlar və fransızlar. Bu əhali qruplarının problemləri tamamilə fərqlidir. Miqrantlar daim zorakılıqla köçürülmələrə məruz qalır və daimi yaşayış yeri tapmaq imkanında deyillər. Onların fransalı qardaşları əsasən təhsil sistemində diskriminasiya, həmçinin “köçəri adamların” əhalisi beş mindən artıq olan yaşayış məntəqələrində inteqrasiyası ilə bağlı dövlət proqramının reallaşdırılmasından irəli gələn çətinliklərlə üzləşirlər.
Fransanın “arzuolunmaz miqrantlar” problemi
Son bir il ərzində Fransa ərazisində ona yaxın qeyri-leqal qaraçı yaşayış məntəqəsi ləğv edilib. Söhbət hazırlıqsız düzəldilmiş düşərgələrdən gedir. Bu düşərgələrin sakinləri (bir qayda olaraq 50 nəfərdən 200 nəfərə qədər) avtofurqon və çadırlarda yaşayır. Bununla da ictimai parkları tutur. Hakimiyyətin əlində belə “arzuolunmaz miqrantları” ölkədən çıxarmaq üçün real alət, vasitə yoxdur, çünki söhbət Avropa Birliyi daxilində sərbəst hərəkət etmək hüququ olan quruma daxil ölkələrin vətəndaşlarından gedir. Ona görə də təcrübədə “daha çox sərtlik və minimum tolerantlıq” siyasəti tətbiq edilir ki, qaraçıların qovulduqları yaşayış məntəqələrinə yenidən qayıtmaq həvəsi itsin. Başqa sözlə, qaraçı düşərgələrinin sakinləri daimi polis yoxlamalarına məruz qalır. Bəzən bu, gecə yarısında baş verir. Bu zaman əksər hallarda guya təsadüfən onların əmlakına ziyan vurulur. Sahiblərinin təkbaşına çıxara bilmədiyi qaraçı furqonları sadəcə zibilliyə atıla bilər. Yerli hakimiyyət orqanları bir qayda olaraq qaraçı miqrantlara münasibətdə xüsusi mehribançılıq göstərmir. Onların uşaqlarını məktəblərə qəbul etməkdən imtina edirlər. Baxmayaraq ki, bu hüquqa qanunla zəmanət verilir.
Hüquq müdafiəçisi hesab edir ki, qaraçı uşaqları Fransanın bütün uşaqları kimi təhsil almaq hüququna malikdirlər. Ancaq təəssüf ki, bu sahədə bütün səylərə baxmayaraq onlar öhdəsindən gəlmək gücündə olmadıqları çətinliklərlə üzləşirlər. Çünki bir çox bələdiyyələr onları təhsil müəssisələrinə qəbul etməkdən imtina edir və bunu daimi yaşayış yerinin olmaması ilə izah edir.
Fransa hökuməti artıq üç sənəd hazırlayıb. Həmin sənədlər bələdiyyələrin üzərinə miqrantların uşaqlarını məktəbə götürmək öhdəliyi qoyur. Ancaq bu sənədlər yalnız tövsiyə xarakterlidir və əhəmiyyətli gücü yoxdur. Bir çox hallarda isə, ümumiyyətlə, yerinə yetirilmir. Bütün bu məsələlər “Beynəlxalq amnistiya”nın hesabatında əksini tapıb.
Hüquq müdafiəçiləri bir çox fransalı siyasətçilərin (o cümlədən Sosialist partiyasından olan hazırkı baş naziri Manuel Valsla) qaraçılarla bağlı fikirləri ilə razı deyil. Belə ki, siyasilər qaraçı miqrantların həyat tərzinin Avropa dəyərləri ilə bir araya sığmadığını, onların inteqrasiyaya meylli olmadığını və çıxdıqları ölkəyə qayıtmalı olduqlarını iddia edir.
Hüqüq müdafiəçi Jüli Elyuanın sözlərinə görə, təcrübədə tamamilə fərqli nümunələr görmək olur. Məsələn, bu adamların əksəriyyəti adi həyat yaşamaq istəyir. Artıq çoxdandır ki, söhbət klassik anlamda köçəri həyat tərzindən getmir. Rumıniya və Bolqarıstandan olan əksər miqrantlar xeyli müddətdir köç etmirlər, on-on beş ildir Fransada yaşayırlar. Onlar bu ölkədə ağır kasıbçılıq və çətinlik içində həyat sürür, ucqar yerlərdə və qeyri-leqal düşərgələrdə məskunlaşırlar. Bir çox hallarda su, işıq və elementar sanitariya şəraitləri olmur. Bununla yanaşı Fransanın bir sıra yaşayış məntəqələrində həyata keçirilən bir neçə layihənin nəticəsinə əsasən, bu insanlar normal şəraitdə yaşamaq imkanı əldə edəndə hamı kimi hərəkət edir: işə gedir, uşaqlarını tərbiyə edir, fransız dilini öyrənirlər. Fransada daim hərəkət edən qaraçılar bunu məhz ona görə edir ki, dövlət onların inteqrasiyasında maraqlı deyil. Dövlət səviyyəsində qaraçıların zorla ölkədən çıxarılması siyasəti həyata keçirilir.
Mətbuatda mütəmadi olaraq növbəti qeyri-leqal düşərgənin ləğvi ilə bağlı xəbərlər yayılır. Bu düşərgələrin sakinləri özlərinə növbəti qovulmaya qədər yeni müvəqqəti yaşayış yeri axtarmalı olurlar. Çünki dövlət onlara alternativ təklif etmir. Bir çox halda belə qovulmalar nəticəsində balaca uşaqları olan böyük ailələr küçələrdə yaşayış yeri və yaşamaq üçün vəsaitləri olmadan qalır. Yalnız nadir hallarda bu və ya digər regionun (məsələn, Lil və Marseldə) bələdiyyə hakimiyyətlərinin təşəbbüsü ilə qaraçılara yüngül tikililərdə mənzil verir, uğurlu inteqrasiya üçün onlara sosial yardımı təmin edir. 2012-ci ilin avqust ayında xüsusi nazirliklərarası komissiya qaraçılara qeyri-leqal yaşayış məntəqələri ləğv edildiyi halda mənzillərin təqdim edilməsi ilə bağlı tövsiyələr hazırladı. Ancaq təcrübədə bu təkliflər də heç də həmişə həyata keçirilmir.
Gənclərdən qaraçılara dəstək aksiyası
Fransada daha böyük rezonansa bütöv qaraçı düşərgəsinin ləğvi deyil, ölkədən qaraçı ailəsinin deportasiyası səbəb oldu. 2013-cü ilin oktyabrın 9-da Du əyalətindən olan 15 yaşlı məktəbli qız Leonardu Dibrani məktəb avtobusundan çıxdığı zaman həbs edildi. Onu ailəsi ilə birgə geriyə, Kosovoya göndərdilər. Bütün bunlar isə onunla izah edildi ki, ailə başçısının yaşayış üçün icazə ilə bağlı bütün müraciətlərinə imtina cavabı verilib. Bu deportasiya Fransada gənclərin etiraz dalğasına səbəb oldu. Nəticədə artıq on gün sonra prezident Fransua Oland Leonardanı Fransaya dəvət etdi. Lakin bu dəfə ailəsiz gəlmək şərti ilə. Qız təklifdən imtina etdi və tədricən bu hadisə yaddan çıxdı.
“Leonardanın işi” - qaraçı miqrantların Fransada sıxışdırılması ilə bağlı olan çoxsaylı hadisələrdən biridir. Ancaq “Beynəlxalq amnistiya” nümayəndələri yenə də pozitiv irəliləyişin olduğunu deyirlər. Bu ilin yanvar ayından Fransada qaraçı miqrantların inteqrasiyasının qarşısında daha bir əhəmiyyətli maneə aradan qaldırıldı. Rumıniya və Bolqarıstanla imzalanan razılaşmalara əsasən, bu ölkələrdən çıxanlar Fransa ərazisində işləmək hüququna malikdirlər. Bürokratik və vergi əngəlləri aradan qaldırılıb. Hüquq müdafiəçiləri də ümid edir ki, işlə təminata yaradılan şərait qaraçıların inteqrasiyası üçün pozitiv təkan olacaq.
Mənbə:Milli.Az