Qadin.NET / Qədim şəhər, gözəl diyar Gəncə

Qədim şəhər, gözəl diyar Gəncə

Yol boyu keçdiyim yolları müşahidə edirdim. Sükutla qol-boyun olub keçdiyim hər mənzərənin tarixi ilə danışırdım. Belə daxili söhbət etməyi sevirdim. Dünyanın sirli-soraqlı, nəhayətsiz fəlsəfəsinə baş əyib, bu fəlsəfi düşüncələr arenasında böyük zövqlə vurnuxurdum. Birdən məni ətirli rayihə dolu mehin təması düşüncələr aləmindən ayırdı. Bu doğma, ilıq təmasın haradan gəldiyini ayırd etmək istəyəndə Ulu Gəncənin sferasında olduğumu gördüm. Qəlbimdə elə böyük məhəbbət hissi baş qaldırdı ki, mən bu böyük hissin sözlə ifadəsini tapa bilmirəm. Bütün fikirlərim bir-birini itələyərək beynimdən çıxıb öz yerini Gəncə haqqında məhəbbət simvollu ilahi duyğulara verdi.
Gəncəyə yaxınlaşdıqca elə bil Gəncə öz ana qollarını mənə uzadıb, məni öz isti qucağının ağuşunda əzizləyirdi. Sanki Tanrı sevgisi ilə süslənmiş Gəncə öz ilahi məni ilə insanın iç dünyasına daxil olub, özünün seçilmiş şəhər kimi missiyasından söhbət edir, insanın qəlbinə qürurlu əzəməti, qocaman varlığı ilə nüfuz edirdi. Şeyx Nizami məqbərəsi öz şahanə duruşu ilə Gəncəyə gələnləri salamlayır, özünün 870 illik tarixi, bütün dünyanı heyrətdə qoyan mənəvi dünyasının möcüzəsi ilə insana qeyri-adi hisslər aşılayırdı. Sanki dil açıb deyirdi, baxın, mən gəncəli Nizamiyəm, əbədiyyətin əbədi zirvəsi olan NİZAMİyəm.
Ey NİZAMİ nizamı!
Söz Tanrısı, söz şamı.
Ey GƏNCƏ EHTİŞAMI!
Ölüb qalaydım burda,
Qulun olaydım burda.
Misraları ilə ürəyimin ona olan sevgisini bəyan edirdim. Kaş öləndə mənə bu yerdə basdırılmaq qismət olaydı. Məmnuniyyətlə ruhuna ruhumla qulluqçuluq edərdim. Nizami məqbərəsində görülən abadlıq işləri, onun "Xəmsə"sinin yol boyu yüksək zövqlə tərtibi və təbliği, "Nizami şəhərciyi"nin arxitekturası, ona olan böyük hörmət və məhəbbətin inikası qəlbimi minnətdarlıq duyğuları ilə doldurdu. İstər-istəməz bu yolda zəhmət çəkənə, sərəncam verənə ürəyində yüz dəfə "sağ ol!" deyirsən. Gəncə üçün edilən fədakarlıqlar göz önünə gəlir. Bilmirsən hansı tərəfə baxasan, hansı gözəlliyin nəğməsini oxuyasan. Cəmi üç ildə bu boyda xaruqələr yaradana, yüksək zövqlə, ürək odu ilə görülən abadlıq işlərinə görə Azərbaycan Prezidentinə, onun sadiq icraçısına minnətdarlıq duyğuları ilə təşəkkürə dönürsən.
Ulu Heydərin adını daşıyan möhtəşəm arxitekturalı saray, onun ətrafındakı bütün gözəlliyin təcəssümü Heydər bağı, süslənmiş gəlinə bənzəyən süni göl, gölü bəzəyən qu quşları səni əsrarəngiz nağıllar aləminə aparır. Ürəyin, bütün varlığın qürur hissi ilə döyünür: - bəli, bu mənim şəhərim Ulu Gəncədir. Cavad xan küçəsində yaradılmış, milli naxışlarla bəzədilmiş ticarət mərkəzi, Gəncə çayı boyunca bir-birindən yaraşıqlı Məhsəti Mərkəzinin binası, Uşaq Birliyinin binası və s.
Gəncədə görülən işləri saymaq üçün nağıllarda deyildiyi kimi, gərək 40 gün, 40 gecə sadalamaqla məşğul olasan. Hələ Gəncənin mənəvi dünyasının, ulu tarixinin yaddaşlara yenidən həkk edilməsində görülən işlər insan qüvvəsinin nəyə qadir olduğunun real ifadəsidir. Böyük Nizami Gəncəvinin 870 illiyi, Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi, Mirzə Şəfi Vazehin 220 illiyinin dünya üzrə keçirilməsinə nail olmaq qəhrəmanlığın, fədakarlığın ən yüksək nöqtəsidir. Alqış belə vətənpərvərliyə!
Gəncənin haradasa qədim tarixinin yarıbayarı azaldılması narahatlıq doğururdu. Məntiqlə düşünəndə Gəncənin daha qədimlərdən gələn sədası onun yaşının daha çox olduğunu söyləyirdi. Bunun üçün də Vətən oğulları cidd-cəhdlə araşdırmalar aparılmasını tələb etdilər. ABŞ-ın, Misirin alimlərinin kimyəvi analizləri nəticəsində Gəncənin 4 min illik tarixinin olması sübut edildi. Bu həqiqətin ortaya çıxmasında fədakarlıq göstərənlərə eşq olsun!

Mənbə: Milli.Az

14 aprel 2014
GO BACK