Azərbaycanda 2014-2015-ci tədris ili üçün jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq üçün cəmi 25 bakalavr sənəd verib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, yeni qaydalara əsasən, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müsabiqədə iştirak edə bilərlər. Bunun üçün nəzərdə tutulmuş müddətdə - aprelin 4-dən 10-dək cəmi 23 nəfər qeydiyyatdan keçdiyi üçün TQDK qeydiyyat müddətini 14 aprel saat 09:00-a qədər uzatmışdı. Lakin bu müddətdə də əlavə olaraq yalnız 2 nəfər qeydiyyatdan keçib.
Xatırladaq ki, bu il ilk dəfə ixtisasından asılı olmayaraq, bütün bakalavrlara jurnalistikaya qəbul olmaq şansı verilsə də, təqdim edilən sənədlərin sayı bu ixtisasa marağın kifayət qədər olmadığını göstərib. Cari ildə jurnalistika ixtisası üzrə magistraturada ümumilikdə 43 yer ayrılıb ki, bunlardan 25-i dövlət sifarişi üzrədir. Lakin belə məlum olur ki, bu il jurnalistika ixtisası üzrə magistraturada qəbul planı dolmamış qalacaq.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi 2014-cü il martın 2-də keçirilib və bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə yoxlanılıb. İmtahanın I mərhələsinin nəticələrinə görə, 10527 bakalavr proqram seçimində və imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. Magistraturaya ixtisaslaşma 29 may-1 iyun tarixlərində aparılacaq.
Mənbə: Milli.Az