Qadin.NET / Avropa və biz: biz də onlar kimi yaşamalıyıq

Avropa və biz: biz də onlar kimi yaşamalıyıq

Avropada var olduğu bildirilən iqtisadi böhranın həddi nədir? Avropada necə yaşayırlar? Hansı iqtisadi göstəricilər aşağı düşüb, hansı qalxıb?
Öncə ondan başlayaq ki, Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi “Bild” qəzetinə müsahibəsində bildirib ki, Avrozonada iqtisadi böhranın ən pis dövrü arxada qalıb və Avropada vəziyyət sabitləşir. M.Draqi etiraf edib ki, ötən payızda vəziyyət doğrudan da böhran həddində olub: “Bu, bankların çökməsinə səbəb ola, müəssisələr isə müflisləşə bilərdi”.
Ən kasıb ölkədə həkim 2500 dollar maaş alır
Yaxşı, bəs hazırkı mənzərə nədir? Məsələn, Almaniyada ümumdaxili məhsul 3,6 trilyon dollardır. Adambaşına düşən ÜDM isə 38 min avrodur. Böyük Britaniyada bu göstərici müvafiq olaraq 2,1 trilyon və 35 min, Fransada 2,2 trilyon və adambaşına düşən ÜDM isə 24 min dollardır.
Keçək məvaciblərə. Həkimlərin aylıq əmək haqqı:
ABŞ-da 14, 5 min dollar (təxminən 11 min manat),
Böyük Britaniyada 7 min avro (8 min manata yaxın),
İsraildə 7,5 min dollara yaxın (təxminən 5 min manatdan yuxarı), Niderlandda 6,3 min dollar (5 min manata yaxın),
Fransada 6 min avro, Almaniyada 5,5 min avro,
Sinqapurda 6 min dollar, İtaliyada 5,2 min avro,
İspaniyada 5 min avro, Danimarkada 4,6 min avro,
Finlandiya və Portuqaliyada 2,5 min avro, Çexiyada 1,6 min, Polşada 1,5 min avro, Rumıniyada 650 avro.
Küveytdə 2,1 min dollar, Çində 350 dollar
Yaponiya və Tayvanda 5,5 min dollar təşkil edir.
Dünyanın ən kasıb ölkələrindən olan Anqola isə həkimlərə 2 500 dollar əmək haqqı verir. Liviyada isə həkimlər təxminən 2 min, Tunisdə 1200, Yəməndə 1500-3000 dollar əmək haqqı alırlar.
Amerikada maaşın 1500 dollardan azdırsa... kasıbsan
ABŞ-da aylıq gəliri 1500 dollardan az olan adam yoxsul sayılır. Bu hesabla ölkədə əhalinin 14 %-i yoxsul hesab edilir. Həmin kateqoriyaya aid edilən şəxslər dövlətdən pulsuz ərzaq və digər həyati təminat üçün zəruri olan malları almaqla yanaşı, kino, teatr, kafe, çamaşırxanalardan pulsuz istifadə etmək imkanı da əldə edirlər. Bundan əlavə, ABŞ-da yoxsul hesab edilən şəxslərin, demək olar, hamısının şəxsi mənzili və avtomobili, həmçinin, mobil telefonu, kompüteri və internetə çıxışı var. Yoxsulların hamısı tibbi sığortaya sahibdir. Yoxsul ailələrin hamısının övladları dövlətin hesabına təhsil alır və pulsuz yeməklə təmin edilir. Yoxsul hesab edilənlər dövlətdən maddi yardım da alır. Üstəlik, onlar üçün pulsuz kurslar təşkil edilir və gələcəkdə işlə təmin olunmasına yardım göstərilir. Bu ölkədə ərzaq və digər zəruri xərclərə aylıq gəlirin cəmi 12 %-i sərf olunur. İstehlak səbətinə isə 300 adda məhsul və xidmət daxildir. Avropa ölkələrindən Fransada bu göstərici 250, Böyük Britaniyada 350, Almaniyada isə 475-dir. Bütün bunlara isə əhali aylıq gəlirlərinin cəmi 12-14%-ni xərcləyir. 
Almaniyada ən kasıb adamın illik gəliri 14 min avrodur
Avropa Birliyinə üzv olan 27 ölkədə ümumi əhalinin 17 %-i yoxsul hesab edilir. Bunların böyük əksəriyyəti keçmiş sosialist ölkələrində yaşayanlardır. Birliyin aparıcı ölkələri olan Almaniya, Fransa, Böyük Britaniyada bu göstərici 13 %-dən artıq deyil. Avropa Birliyi ölkələrində minimum əmək haqqı 2-3 min avro təşkil edir. Aylıq gəliri bu məbləğin 60 %-i təşkil edən şəxslər yoxsul hesab olunur. Məsələn, Lüksemburqda illik gəliri 19 min avrodan, Danimarka, Böyük Britaniya, İsveç, Almaniyada 14 min avrodan az olan şəxslər yoxsuldur. Avropada yoxsulluq eyni zamanda maddi rifah səviyyəsi ilə ölçülür. Əgər vətəndaşın gündə heç olmasa bir dəfə ət yemək imkanı yoxdursa, şəxsi mənzili, avtomobili, mənzilində zəruri məişət avadanlıqlardan heç olmasa biri (paltaryuyan maşın, televizor, soyuducu, kondisioner, telefon, kompüter və s.) yoxdursa, evindən kənarda, əsasən, ölkə xaricində ən azı bir həftəlik istirahət etmək imkanına, gözlənilməz xərclər üçün bank hesabına sahib deyilsə, bu şəxs yoxsul sayılır. 
Almaniyada yoxsullara ev və pul verilir
Almaniyada iki uşaqlı yoxsul ailə (bunlar əsasən işsizlərdir) dövlətdən aylıq təxminən 1500 avro, üstəlik, sahəsi 90 kv metrdən az olmayan mənzil alır. Bundan əlavə, bütün kommunal xərclərdən azad edilir, uşaqlar təhsil aldığı müəssisədə pulsuz xidmətlərdən istifadə etmək imkanı əldə edir. 
Qeyd edək ki, bu ölkədə minimum əmək haqqı təxminən 3 min avrodur. Almaniyada işləyib-işləməməsindən asılı olmayaraq yoxsul hesab edilən bütün vətəndaşlar sosial yardım alır. Böyük Britaniyada da vəziyyət eynidir. Bu ölkədə də minimum əmək haqqı 3 min avrodur. İtaliya və İspaniyada bu göstərici 2500 avro, Hollandiyada isə 7 min avrodan çoxdur. Avropalı kasıbların nəinki məişət texnikası və avtomobil almaq, hətta bank hesabı açdırmaq, təhsil almaq, tibbi xidmətlərdən istifadə etmək, sığorta almaq imkanı da var.
Avropa İttifaqı ölkələrində 84 milyon insan kasıblıq həddində yaşayır ki, bu da bütün ittifaq ölkələri əhalisinin 17 faizini təşkil edir. Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb və bildirib ki, Avropanın böhrandan çıxması daha 10 il də ləngiyə bilər. Xidmətin məlumatına görə, hazırda Avropa İttifaqında 26 milyon insan işsizlikdən əziyyət çəkir.
Avropada ən ucuz evlər Bolqarıstandadır
Bu günlərdə Bakıda mənzil bazarının necə “yanması”, qiymətlərin “əl yandırması” faktını yada salanda biz də dünyadakı mənzil qiymətləri ilə maraqlandıq. 2013-cü ildə Bolqarıstanda mənzillərin kvadratmetrinin qiyməti, əvvəlki illə müqayisədə cəmi 2 avro artıb və 739 avro təşkil edib. Bu, Avropada ən aşağı həddir. Mənzillərin ucuzluğuna görə ikinci yerdə kvadratmetri 1200 avro olmaqla Portuqaliyadır.
Mənzil bazarındakı vəziyyəti araşdıran ekspertlər qiymətlərin ən yüksək olduğu ölkələri də müəyyən edib. Məlum olub ki, Avropa ölkələri arasında mənzillərin kvadratmetrinin dəyərinə görə ilk sırada İsveçrə qərarlaşıb - 9972 avro. Bu ölkənin paytaxtı Berndə isə 1 kvadratmetr mənzil sahəsi 9900 avro təşkil edir. Ən bahalı mənzillərin reytinqində ikinci yerdə 8706 avro ilə Fransadır. Paytaxt Parisdə satılan mənzillərin kvadratmetri alıcılara 8900 avroya başa gəlir. Avstriyada orta qiymət 4858 avro, İsveçdə 3655, Niderlandda 3024, Almaniyada 2500, Çexiyada 1450 avrodur.
İpoteka krediti belə olar - Avropadakı kimi... 
Gəncləri ağuşuna alan ipoteka kreditləri ilə bağlı durum da Avropada daha yaxşıdır. Məsələn, Böyük Britaniyada ipoteka krediti 20 illiyə 3,2 faizlə verilir. Bu ölkədə istənilən məbləğdə kredit əldə etmək olar. Fransada faizlər bir qədər də aşağıdır. Bu ölkədə ipoteka krediti cəmi 1,5% verilir. Kiprdə və Yunanıstanda bu göstərici 2%-dir. İtaliyada 15 illiyə verilən ipoteka krediti üçün cəmi 1,5% müəyyən edilib. İspaniyada 2%, Portuqaliyada isə 1,5%-dir. Belçika və Almaniyada da bu göstərici cəmi 1,5%-dir. İsveçrədə ipoteka kreditləri 1,5% verilir. Danimarkada isə bu göstərici bir qədər də aşağıdır. Bu ölkədə ipoteka kreditini illik 1,3%-lə almaq mümkündür. 
Qeyd edək ki, bu dövlətlərin hər birində 65 yaşa qədər olan hər bir vətəndaşın ipoteka krediti əldə etmək hüququ var. Türkiyədə isə hətta 70 yaşlı insanlara da ipoteka krediti almaq qadağan deyil. Çexiyada hətta xarici ölkədə vətəndaşları da ipoteka krediti əldə edə bilər. 30 illiyə verilən kreditin faizi isə təxminən 4%-dir. Avropa ölkələrində olduğu kimi. Avstraliyada da ipoteka krelitləri 1,5 faizlə verilir. 
Xarici ölkə vətəndaşlarına ipoteka krediti verən ölkələr arasında İspaniya və Kipr də var. Bu ölkələrdə 65 yaşına qədər hər bir əcnəbi 30 il müddətinə ipoteka krediti əldə edə bilər. Bunun üçün təqdim edilən sənədlərin də sayı kifayət qədər azdır. Türkiyə və Fransada əcnəbilərin ipoteka krediti əldə etmək imkanı var. 
ABŞ-da ipoteka kreditləri 1 ildən 30 ilə qədər verilir. İllik faiz dərəcəsi təxminən 5 %-dir. Lakin məbləğin həcmindən asılı olaraq bu göstərici azala da bilər. İpoteka krediti ilə mənzil əldə etmək istəyənlərin ilkin ödəniş etməsi isə vacib deyil. ABŞ-da əmək haqqı kifayət qədər yüksəkdir. Qiymətlər isə Avropa dövlətlərindən xeyli ucuz. Bu baxımdan ölkənin hər bir vətəndaşı üçün ipoteka krediti əlçatandır. Bu ölkədə mənzil əldə etmək, yaxud bu məqsədlə kredit əldə etmək üçün ABŞ vətəndaşı olmağa da ehtiyac yoxdur. ABŞ-da mənzillərin 90 %-i ipoteka kreditləri vasitəsilə alınır. 

Mənbə: Milli.Az

14 aprel 2014
GO BACK