Qadin.NET / Azərbaycanda çörəyin satışına dair tələblər müəyyənləşib

Azərbaycanda çörəyin satışına dair tələblər müəyyənləşib

Çörək-bulka məmulatlarının ticarət obyektlərinə daşınması istehsalçı ilə bağlanmış müqavilə əsasında və razılaşdırılmış qrafik üzrə həyata keçirilməlidir.APA-nın verdiyi məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda əksini tapıb.
İstehsalçı qrafikdə nəzərdə tutulan müddətdə və çeşiddə məmulatların ünvanlara çatdırılmasını təmin etməlidir. Ticarət obyektində məmulatların qəbulu zamanı normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq, onların bişirilib sobadan çıxarıldıqdan sonra müəssisədə maksimum saxlanma müddətinə riayət edilməsinə xüsusi nəzarət olmalıdır. Məmulatların ticarət obyektlərində qəbulu zamanı keyfiyyətinə görə yararsız olanlar geri qaytarılmalıdır. Məmulatlar bu Qaydalara riayət edilməklə ixtisaslaşmış çörək-qənnadı mağazalarında, universal və ərzaq mağazalarının çörək satışı şöbələrində, kənd yerlərində gündəlik tələbat malları satışı mağazalarında, çörək və ərzaq çadırlarında, köşklərdə, avtodükanlarda satıla bilər. İxtisaslaşmış çörək-qənnadı mağazalarında, habelə universal və ərzaq mağazalarının çörək satışı şöbələrində bu məmulatlardan başqa, şəkər, mürəbbə, cem, bal, çay, qəhvə, kakao və s. analoji qablaşdırılmış ərzaq mallarının satışına da icazə verilir. Satıcı ticarət zalında (vitrinlərdə) istehlakçı üçün görünən yerdə təchizatçı (istehsalçı təsərrüfat subyekti) haqqında məlumatları (adı, ünvanı, telefon nömrəsi) əks etdirən xüsusi lövhə yerləşdirməlidir.
Ticarət obyektləri ayda 1 dəfədən az olmayaraq, istehsalçı müəssisədən daxil olan məmulatların nümunələrinin keyfiyyətini və təhlükəsizliyini təsdiq edən akkreditasiya olunmuş laboratoriyalarda keçirilmiş sınaqların nəticələrini tələb etməlidir. Məmulatlar otaqda bağlı şkaflarda və ya hərəkət edən stellaylarda, yeşiklərdə saxlanılmalıdır. Məmulatların yaxşı və təzə qalması üçün onlar istifadəsinə səlahiyyətli orqanlar tərəfindən icazə verilmiş polimer plyonka və digər örtüklərlə örtülməlidir. Suxarı və baranka məhsulları çörək-bulka məmulatlarından ayrı, xüsusi yeşiklərdə və ya kisələrdə, şkaflarda və ya stellaylarda, həmçinin bükülmüş vəziyyətdə yeşiklərdə saxlanılmalıdır. Məmulatların qalaq halda, otağın divarlarına və döşəməyə təmas edəcək şəkildə yığılmasına yol verilmir. Məmulatlar köməkçi otaqlarda döşəmədən 35 sm, ticarət zalında isə 60 sm yuxarı məsafədə yerləşdirilmiş xüsusi rəflərdə və ya stellaylarda saxlanılmalıdır. Məmulatlar  ticarət obyektində onların əmtəə görünüşünün pozulmaması şərti ilə və normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq yığılmalıdır. Məmulatların spesifik qoxulu mallarla (balıq və balıq məhsulları, tütün məmulatları, təsərrüfat malları və s.) birlikdə saxlanılması qəti qadağandır. Məmulatların arabalara, yeşiklərə açıq şəkildə və əlcəksiz boşaldılması yolverilməzdir.
Polimer materiallardan olan örtüklər hər gün havaya verilməli və qurudulmalı, onların təmiz şəkildə saxlanılmasına riayət olunmalıdır. Məmulatlar sobadan çıxdıqdan sonra ticarət şəbəkələrində yalnız normativ-texniki sənədlərdə göstərilən müddətdə satılmalıdır. Bu müddət başa çatdıqdan sonra məmulatlar dərhal satışdan götürülməlidir. Yararlılıq (saxlama) müddəti ötmüş, eləcə də mövcud standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan, habelə qaydaların pozulması nəticəsində xarab olmuş məmulatların obyektə qəbuluna və satışına yol verilmir. Məmulatların ticarət şəbəkələrinə daşınması, qəbulu və satışı sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməklə həyata keçirilməlidir. Sanitariya nəzarət orqanları tərəfindən verilmiş sanitariya pasportu olmayan avtonəqliyyat vasitələrində məmulatların daşınmasına yol verilmir. Özünəxidmət ticarət obyektlərində istehlakçılar tərəfindən məmulatların seçilməsi üçün (əllə təmas olmadan) xüsusi köməkçi alətlər (metal maqqaşlar, xüsusi qablarda yerləşdirilmiş ağ kağızlar və s.) olmalıdır. İstehlakçıların istəyi ilə çəkisi 0,5 kq və ya ondan yuxarı olan ədədi  məmulatların (qablaşdırılmış məmulatlar istisna olmaqla) 2-4 hissəyə bölməklə, çəkmədən satışına icazə verilir. Məmulatların kəsilməsi üçün itilənmiş və bərabər kəsən xüsusi mətbəx bıçaqlarından istifadə olunmalıdır.

Mənbə: Milli.Az

14 aprel 2014
GO BACK